Humanizm, xeyirxahlıq və mərhəmət ünvanı
Siyasət

Humanizm, xeyirxahlıq və mərhəmət ünvanı

"Mən dünyanı dəyişmək niyyətində deyiləm, mənim üçün özümü dəyişmək maraqlıdır - daha yaxşı olmaq. Bu, məncə daha faydalı işdir".

Mehriban Əliyeva... İndi bu ad dünyanın çox yerində tanınır. Nəcib, xeyirxah əməlləri ilə həyat kitabına maraqlı səhifələr yazan, bu kitabda özünü dünyanın qurub-yaradıcısı kimi təcəssüm etdirən, öz rolunu, öz obrazını özü yaradan Mehriban xanımın elə bu səbəbdən də bu dünyadakı yeri yeganə və bənzərsizdir...

Mehriban xanım ictimai işlərə hələ ölkənin birinci xanımı statusunu qazanmadan öncə başlayıb. Belə ki, o, 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və 1996-cı ildə təsis edilən mədəni-maarifçilik yönümlü "Azərbaycan-İrs" jurnalının fəaliyyəti ilə Azərbaycan cəmiyyətində ötən əsrin 90-cı illərinin ortalarından tanınırdı. "Azərbaycan-İrs" jurnalı Azərbaycan, ingilis və rus dillərində nəşr olunmaqla qısa zamanda beynəlxalq aləmdə geniş oxucu auditoriyası toplaya bildi. Onun səhifələrində xalqımızın tarixi, mədəniyyəti, incəsənəti barədə məqalələr çap olunur, xarici ölkələrdə geniş təbliğ edilirdi.

2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Bədii Gimnastika Federasiyasına rəhbərlik missiyasını da öz üzərinə götürdü. Bundan sonra Azərbaycan idmançılarının bu sahədə əldə etdikləri uğurların sayı artdı.

Beləliklə, Mehriban xanım haqqında təsəvvürlər daha da mükəmməlləşdi. Gimnastlarımızın möhtəşəm qələbələrindən sonra bu nəcib xanım haqqında Azərbaycan cəmiyyətində formalaşan fikirlər mətbuatda yayılan aşağıdakı sətirlərlə bir daha təsdiqləndi: "Bütün bu uğurların bir canlı rəhni, mənəvi anası, ilham mənbəyi var. Federasiyanın Prezidenti Mehriban Əliyeva! Öz nəcibliyi, humanizmi, insanpərvərliyi, qızıl ürəyi ilə dəstək verdiyi və günü bu gün də təhsil, səhiyyə, mədəni irsin qorunması sahəsində uğurla gerçəkləşdirilən onlarla layihə kimi idmanın bu sahəsinin inkişafını da o, öhdəsinə götürüb. Bu yol nəcib yoldur, Azərbaycan Prezidentinə kömək, Azərbaycan xalqına təmənnasız xidmət yoludur".

Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti isə ölçüyəgəlməzdir. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gənclərin milli dövlətçilik ideyaları ilə tərbiyə edilməsi, qloballaşmada milli-mənəvi dəyərlərin qorunub saxlanılması kimi mühüm məsələlərin həllini qarşısına məqsəd qoyan Fond, eyni zamanda elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində maraqlı layihələr həyata keçirir. Fondun məqsədyönlü fəaliyyəti nəticəsində bu qurum həm Azərbaycanda, həm də ondan kənarda da nüfuz qazanıb. Mehriban xanım Fondun fəaliyyətini bu cür xarakterizə edir: "Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir... Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar".

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Azərbaycan - UNESCO əlaqələrinin möhkəmləndirilməsində Mehriban xanım Əliyevanın böyük əməyi var.

İdmana yüksək qayğı və diqqəti ilə fərqlənən Mehriban xanımın təşkilatçılığı ilə Azərbaycan bir sıra mötəbər beynəlxalq idman tədbirlərinə uğurla evsahibliyi edib, eləcə də idman sahəsində mühüm göstəricilər qeydə alınıb. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə üzv seçilib.

2015-ci ildə paytaxtımızda keçirilən Birinci Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirdi. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdi, daha bir mötəbər yarışa evsahibliyi etdi.

Mehriban xanım Əliyevanın irəli sürdüyü elə bir ideya yoxdur ki, o, məzmununda, mahiyyətində Azərbaycanın indisi və gələcəyi ilə bağlı arzuları ifadə etməsin. O, yaxşı bilir ki, qloballaşan dünyamızda Azərbaycan vətəndaşları üçün ölkəmizdə təhsilin inkişafından vacib bir məsələ təsəvvür etmək çətindir. Məhz elə buna görə də, Fond yarandığı ilk gündən Azərbaycanda təhsilin inkişafını özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirdi. "Yeniləşən Azərbaycana yeni məktəblər" devizi altında istər paytaxtda, istərsə də bölgələrimizdə müasir tələblərə cavab verən məktəblər tikilib sabahımız olan uşaqların istifadəsinə verildi.

Azərbaycanın müasir tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Dövlət rəhbərinin ömür-gün yoldaşı kimi onun üzərinə daha bir tarixi missiya düşdü. Tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı. Prezident İlham Əliyevin dediyi kimi: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır".

2005-ci ildə parlament seçkilərində Mehriban xanım Əliyevanın üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə iştirakı da bütün Azərbaycan seçicilərinin ümumi arzusu idi. Çünki onun parlamentdə hər hansı bölgəni təmsil etməsi, həmin regionun yüksəlişi, burada yaşayan insanların sosial-iqtisadi problemlərinin həlli, infrastrukturun yeniləndirilməsi, sakinlərin maddi-rifah halının daha da yaxşılaşdırılması demək idi. Belə də oldu. Azərbaycanın milli dövlətçilik düşüncəsində, sözün əsl mənasında, millət vəkilinin parlaq obrazını yaratdı Mehriban xanım. 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən millət vəkili kimi o, vətəndaşların, öz seçicilərinin inamına sadiqliyini nümayiş etdirdi.

2017-ci il fevralın 21-də Azərbaycan dövləti Mehriban xanıma daha bir məsuliyyətli vəzifəni etibar etdi. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçildi. Mehriban xanım deyir: "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". Artıq Mehriban xanım öz əməlləri ilə həyatda yüz minlərin idealına çevrilib...

Heydər Əliyev Fondunun köməyilə tikilən məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması istiqamətində görülən möhtəşəm işlər, dünya mədəniyyətinə verdiyi töhfələr onu təkcə ictimai-siyasi xadim kimi yox, həm də görkəmli mədəniyyət hamisi kimi gözlərimizdə ucaldır. Mədəniyyətimizin köklərini minilliklərə bağlayan Mehriban xanım unudulmaqda, itib-batmaqda olan mədəniyyət incilərimizə həyat bəxş etdi, onları dünya arenasına çıxardı.

O, bütün bunları sevərək, Azərbaycanı, onun gələcəyini düşündüyü üçün edir. "Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll edə, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nə isə edə bilməyəndə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyümü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir...".

Bir şəhid ailəsinin, bir şəhid balasının üzünü güldürmək, bir qazimizin yarasına məlhəm olmaq, bəzən xoş bir sözlə həyata inamını artırmaq, onlara qoşulub sevinmək...

Və hər zaman ümid qapısı, mərhəmət ünvanı olaraq qalmaq! Bu da Mehriban xanımın öz seçimidir.

Zümrüd QURBANQIZI,

"Respublika".