Humanitar missiyanın yeni ünvanı: Ağdam-Xankəndi yolu
Sosial həyat

Humanitar missiyanın yeni ünvanı: Ağdam-Xankəndi yolu

İyulun 15-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü baş tutdu.

Brüssel sülh gündəliyi adlandırılan platformada aparılan dialoq çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Paralel olaraq həmin görüşdə müzakirəyə çıxarılan  digər məsələlərdən biri də Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların daşınması olub. Həmçinin Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təchizatının da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməsi təklif edilib.  Rəsmi Bakının təklif etdiyi və ən münasib, seçim hesab edilən bu yolla Azərbaycanın Qarabağdakı erməni sakinlərinə humanitar yardımların çatdırılmasına gəldikdə isə Ermənistan hökuməti bununla razılaşmaq istəmir. Belə bir təklifə müsbət reaksiya verilməməsinin əsas səbəbi ondan ibarətdir ki, Nikol Paşinyan yenə də Laçın yolunu yenidən beynəlxalq aləmə "blokada" kimi təqdim etmək istəməsidir.

Laçın NBM məntəqəsinin bağlanmasına gəlincə isə gömrük məntəqəsinin vaxtaşırı fəaliyyətini dayandırmasının əsas günahkarı elə Ermənistan dövlətidir. Xatırladaq ki, iyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini atəşə tutmuşdu. Baş vermiş təxribat fəaliyyəti nəticəsində  Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralandı. Məhz bu hadisədən sonra Azərbaycan Laçın postunu müvəqqəti olaraq bağladı. Qarşı tərəf isə təxribata görə məsuliyyəti üzərinə götürməkdənsə yenidən "humanitar fəlakət" adlı şouya başladı.

Lakin Azərbaycan tərəfi yenidən humanizm prinsiplərinə sadiq qalaraq Qarabağın erməni sakinlərinə humanitar yüklərin daşınması üçün gediş-gəlişi bərpa etmişdi. Ancaq təəssüflər olsun ki, bir müddət sonra  Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntularına yol verməsini üzə çıxardı. Humanitar təşkilatın bəzi əməkdaşları öz səlahiyyətlərindən sui-istifadə edərək bölgədə faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər. Buna görə də  istintaq tədbirləri həyata keçirilənə qədər BQXK-ya məxsus avtomobillərin Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırılıb.

Azərbaycan tərəfi bütün qanunsuzluqlara rəğmən Qarabağın erməni sakinlərinə humanitar yüklərin daşınması üçün yeni bir təklif irəli sürdü. Bu da qeyd olunduğu kimi, Ağdam-Xankəndi yoludur.

Uzun müddətdir ki, Rusiya Federasiyasının bəzi hökumət dairələri Qarabağda baş verən hadisələrə obyektiv yanaşma sərgiləmirlər. Halbuki, Rusiya üçtərəfli Bəyanatı imzalayan tərəf olaraq üzərinə bir sıra öhdəliklər götürüb və bunlara əməl etməkdə borcludurlar.  Lakin Azərbaycanın təklif etdiyi humanitar yardımların daşınması üçün yeni yol təklifinə şimal qonşumuz da haqsız olaraq narazılıq bildirib.

Burada vurğulanmalı məqam odur ki, Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadəni irəli sürməkdə  məqsədi Qarabağın erməni sakinlərinə yardım göstərməkdir. Bununla da Azərbaycan hökuməti  erməni vətəndaşların  təhlükəsizliyini və  sağlamlığını özü təmin edə biləcək. Əgər Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq baş tutarsa,  bu, bölgənin təhlükəsizliyi üçün ciddi addım olacaq. Çünki İrəvan rəhbərliyinin Qarabağın erməni sakinlərinə humanitar yardımları ancaq siyasi məqsəd daşıyır. Yəni onlar üçün Qarabağda yaşayan hansısa erməninin hansı şəraitdə yaşaması o qədər də maraqlı deyil. Ermənistan hökumətinin tək məqsədi onlardan siyasi qüvvə kimi istifadə etməkdir. Azərbaycan isə Ermənistandan fərqli olaraq burada yaşayan ermənilərə daha gözəl və yaxşı həyat bəxş etmək istəyir. Təbii ki, bunun da bir yolu var, o da reinteqrasiyadır.

Musa BAĞIRLI,

 "Respublika".