HƏRBİ PROKURORLUQ ƏDALƏTİN KEŞİYİNDƏ  ​​​​​​​
Digər xəbərlər

HƏRBİ PROKURORLUQ ƏDALƏTİN KEŞİYİNDƏ ​​​​​​​

1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günüdür

"...Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir...".

Heydər ƏLİYEV,
Ümummilli Lider.

 

"...Əminəm ki, Azərbaycan Prokurorluğunun əməkdaşları bundan sonra da qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcək, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirəcək və onların üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər...".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Müdrik liderin və əzmkar xalqın Azərbaycanı durmadan çiçəklənir

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının hərtərəfli yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Dünyada gedən mürəkkəb proseslərə, ümumbəşəri ciddi problemlərə, çoxsaylı qlobal çətinliklərə, eləcə də müharibədən yeni çıxmış və lokal antiterror tədbirləri keçirmiş ölkə olmasına, həmçinin postpandemiya dövrünü yaşamasına rəğmən respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir və hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir. Eyni zamanda regionlarımızın tarazlı inkişafı ilə bərabər, lider-xalq-ordu birliyinin nəticəsində hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilmiş əzəli ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.

Məlum olduğu kimi, möhtərəm Prezident cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə mütəmadi olaraq işğaldan azad olunmuş tarixi ərazilərimizə səfər edərək, yenidənqurma işləri ilə şəxsən tanış olur, bir neçə müxtəlif infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak edir, bununla əlaqədar öz dəyərli məsləhətlərini verir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və Ulu Öndərin xeyirxah ideyalarını layiqincə davam etdirən Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni və dini abidələrimizin bərpa edilməsi də bu istiqamətdə görülən böyük işlərdəndir. Dövlət başçısının ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri, səfər boyu sevinc və qürur dolu davranışları, səmimi paylaşımları bu vətənpərvər insanların torpağa, yurda, vətənə və xalqa bağlılığının izharıdır.

Dövlətimizin hərtərəfli qüdrətlənməsində və əldə olunan ardıcıl uğurlarda, eləcə də beynəlxalq əlaqələrimizin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik, hər bir məqamda dövlət başçısının yanında olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin özünəməxsus rolu vardır.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması Ümummilli Lider Heydər Əliyevin böyük dəstəyi sayəsində mümkün olmuşdur.

Fərəhləndirici və qürurvericidir ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmiz misli görünməmiş uğurlar əldə edir və bu müsbət tendensiya yüksələn xətlə davam etməkdədir. Bütün bunları şərtləndirən ən mühüm amil isə sarsılmaz xalq-iqtidar birliyidir.

Prokurorluq hər zaman Ulu Öndərin qayğısı ilə əhatə olunmuşdu

Prokurorluq işçisi olaraq, hər şeydən əvvəl onu qeyd etmək istərdim ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncam ilə "1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü" təsis edilmişdir ki, bu da prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının ifadəsi olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması Ümummilli Lider Heydər Əliyevin böyük dəstəyi sayəsində mümkün olmuşdur. Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Ulu Öndər Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin icrasının nəticəsi idi. 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktı ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə dövlətdə və cəmiyyətdə prokurorluğun rolunu daha da artırmışdır. Beləliklə də həyata keçirilən möhtəşəm islahatlar çərçivəsində görülən nəhəng işlər sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tamamilə yenidən qurularaq, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri və fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevrilmişdir. Ümummilli Liderin prokurorluq işçilərinin rifahına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə prokurorluq işçiləri tərəfindən sonsuz sevinc hissi ilə qarşılanmaqla, onlarda böyük ruh yüksəkliyi yaratmışdır. Müstəqil Azərbaycanın Hərbi Prokurorluq orqanlarının formalaşması prosesində, fəaliyyət istiqamətlərinin və səlahiyyətlərinin qanunvericiliklə müəyyən edilməsində yeni mərhələ də Ulu Öndərin hakimiyyətə qayıdışından sonra başlamışdır. Məhz Onun təşəbbüsü ilə Hərbi Prokurorluğun fəaliyyətini tənzimləyən qanunlar qəbul edilmiş və milli Hərbi Prokurorluq orqanlarının təkmilləşdirilməsi üçün bir sıra digər mühüm əhəmiyyətli işlər görülmüşdür. Dahi şəxsiyyət Heydər Əliyevin prokurorluğun, özünün də dediyi kimi, çətin və şərəfli işini, həmçinin dövlətçiliyə olan sədaqətini dəyərləndirməklə, onun fəaliyyətinə yüksək qiymət verməsi bu sahənin uğurlarını şərtləndirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi həm ölkəmizdə, həm də respublikamızdan kənarda istər millətimizin nümayəndələri, istərsə də əcnəbilər tərəfindən böyük qürur və sonsuz sevinc hissləri ilə qeyd olunur. Prokurorluq işçiləri də öz növbələrində "Heydər Əliyev İli" ilə əlaqədar iftixarla silsilə tədbirlər keçirir və bununla bağlı müvafiq işlər görürlər. Vurğulanmalıdır ki, hər il olduğu kimi, bu ilin 3 may tarixində də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, 6 may tarixdə isə Azərbaycan Respublikasının Baş Prokurorluğunda millət vəkillərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Ümummilli Liderin doğum gününün növbəti ildönümü, 100 illik yubileyi təntənəli surətdə qeyd olunmuş, dahi insanın əziz və unudulmaz xatirəsi hörmətlə yad edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Hərbi Prokurorluq Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları, həmçinin qeyri-hökumət təşkilatları ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə mənim təşəbbüsüm və iştirakım ilə Naxçıvanda keçirilən tədbir də daxil olmaqla, il ərzində 11 tədbir keçirmiş və hazırda bu tədbirlər uğurla davam etdirilir.

Möhtərəm Prezident Prokurorluğu daim diqqətində saxlayır

Dərin minnətdarlıq hissləri ilə qeyd edilməlidir ki, prokurorluğa hərtərəfli diqqət və yüksək qayğı göstərilməsi ənənəsi dövlət başçısı tərəfindən davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə imzaladığı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən və hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi və buna uyğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun müasir tələblərə uyğun dövlət orqanı kimi formalaşdırılması istiqamətində Ümummilli Liderin təşəbbüsü ilə görülən böyük işlərin məntiqi davamı olmuşdur.

Ölkə rəhbərinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" prokurorluğa olan dövlət qayğısının növbəti əyani sübutu olmuşdur. "Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı bunun növbəti bariz nümunəsi olmaqla, işçilərin fəaliyyətinin stimullaşdırılmasına, nəticədə işin səmərəliliyinin artırılmasına rəvac vermişdir. Təsadüfi deyildir ki, Hərbi Prokurorluğun və işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların minnətdarlığını ifadə edən məktubların sayı durmadan artmaqdadır.

Cənab İlham Əliyevin prezidentlik dövrü hərtərəfli köklü islahatların aparılması, ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən müxtəlif inkişaf proqramlarının hazırlanaraq müvəffəqiyyətlə icra edilməsi, dövlət idarəçilik strukturlarının təkmilləşdirilməsi, uğurlu kadr təyinatlarının həyata keçirilməsi bütün sahələrdə tərəqqi prosesinin vüsət alması ilə səciyyələnmişdir.

Dövlət başçısı demişdir: "...Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatsız mümkün deyil. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq...".

Ölkədə gedən demokratik proseslər prokurorluq orqanlarında da müvafiq islahatların həyata keçirilməsinə vəsilə olmuşdur. Möhtərəm Prezidentin müdrik kəlamları rəhbər tutulmaqla prokurorluq orqanlarında da əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüş və hazırda bu işlər uğurla davam etdirilir.

Hərbi Prokurorluğun səmərəli fəaliyyəti uğurları şərtləndirir 

Ötən illərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışmışlar. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99%-i açılmışdır. Qeyd etmək lazımdır ki, açılan işlərin sırasında 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti də olmuşdur. Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan atılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılmış və sonradan icraatı dayandırılmış cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinə həvalə olunmuş və həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edilərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilmiş və barəsində ittiham hökmü çıxarılmışdır.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, 2005-ci ildən başlamaqla, əvvəlki illərdə də Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılmış, uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmadığından təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilmişdir.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmişdir.

Hərbi Prokurorluğun fəaliyyətindən bəhs edərkən qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə həyata keçirilən axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülmüşdür.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr götürülmüş və həmin nümunələrdən çıxarılan genetik profillərin aşkar edilmiş insan meyit qalıqlarından çıxarılmış genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair suallara aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğu tərəfindən 349 məhkəmə tibbi-kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilmişdir.

Qeyd olunmalıdır ki, bu ilin 21 iyul tarixində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda keçirilmiş 2023-cü ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin, eləcə də qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasına Baş prokuror Kamran Əliyevin gəlməsi, həmçinin Hərbi Prokurorluğun fəaliyyətini yüksək qiymətləndirməsi, kollektivin qayğı və problemləri ilə maraqlanması işçilərə verilən dəyərin növbəti bariz nümunəsi olmaqla, əməkdaşlarda böyük ruh yüksəkliyi yaratmışdır.

Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə sıx işgüzar əlaqələri hüquq qaydalarını hərtərəfli möhkəmləndirir

Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində əldə edilmiş müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar münasibətlərin də böyük rolu vardır. Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarının qorunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini təmin etmək məqsədilə hər il aidiyyəti dövlət qurumları ilə birgə hazırlanmış "Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair", "Cinayətkarlığa qarşı mübarizəyə dair", "Cinayət hadisələrinin qarşısının alınmasına dair", "Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair" və sair mövzular üzrə tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunur, həmçinin onların fərdi qəbulları keçirilir.

Yeri gəlmişkən qeyd edim ki, bu il ərzində Baş prokuror Kamran Əliyevlə birlikdə ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşmək məqsədilə Qubadlı, Laçın və digər rayonlara uğurlu səfərimiz baş tutmuşdur. Eyni zamanda müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı Ənvər Əfəndiyevlə birlikdə Müdafiə Nazirliyinin tabeliyində olan təmas xəttində yerləşən müvafiq hərbi hissələrə, həmçinin, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevlə birlikdə Naxçıvanda ermənilərlə üz-üzə dayanan hərbi hissə və bölmələrə getməklə, orada xidmət aparan hərbi qulluqçularla görüşlər keçirmişik. Onu da qeyd edim ki, müntəzəm olaraq Hərbi Prokurorluğun rəhbər işçiləri, o cümlədən respublika hərbi prokurorunun müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları da aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə ön xətdə xidmət aparan hərbçilərlə görüşmək məqsədilə müvafiq hərbi hissələrə səfərlər edirlər. Səfərlər əsnasında, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti ilə maraqlanılır.

Bütün bunlarla yanaşı, İnsan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini və bununla əlaqədar görülən işlərin səmərəliliyini artırmaq məqsədilə Hərbi Prokurorluq tərəfindən müxtəlif istiqamətlər üzrə bir neçə metodiki tövsiyələr və digər maarifləndirici vəsaitlər də hazırlanaraq hərbi qulluqçulara çatdırılmışdır.

Beləliklə də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmişdir. Bu uğurlu tendensiya davam edir. Belə ki, 2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalmışdır. Eləcə də qəsdən adam öldürmə cinayətləri 33,3%; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%; Hərbi xidmətdən yayınma cinayətləri 42,7%; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7% azalmışdır.

Möhtəşəm antiterror əməliyyatı və Hərbi Prokurorluğun bununla əlaqədar fəaliyyəti

Məlum olduğu kimi, 19 sentyabrda Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başlamış və Müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, silahlı qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın şücaətinin və xalqımızın qəhrəmanlığının vəhdəti nəticəsində sözügedən tədbirlər uğurla həyata keçirilmişdir. Silahlı Qüvvələrimizin rəşadəti və hərbçilərimizin gücü bir daha sübut etdi ki, cənab Prezidentin dediyi kimi: "Dəmir yumruq yerindədir". Fürsətdən istifadə edib, uca Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.

Qeyd etmək lazımdır ki, prokurorluq, o cümlədən Hərbi Prokurorluq orqanlarının əməkdaşları hər zaman olduğu kimi, antiterror tədbirləri keçirilən müddətdə də istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə həm xidməti vəzifələrinin icrası ilə bağlı, həm də vicdanlı bir vətəndaş kimi üzərlərinə düşənləri layiqincə yerinə yetirmişlər. İşin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə 19 sentyabr tarixindən Respublika Hərbi Prokurorluğunda Operativ qərargah yaradılmış, ayrı-ayrı vaxtlarda hərbi prokurorunun müavinləri də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları antiterror tədbirləri aparılan bölgələrə ezam olunaraq, vəzifə funksiyalarını yerinə yetirməklə bərabər, müşahidələr apararaq və hərbi qulluqçuları dinləyərək hər hansı nöqsan, çatışmazlıq və problem aşkar edildiyi təqdirdə, onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmüş, eləcə də zəruri hallarda Hərbi Prokurorluğun funksiyalarına aid olmayan problemlərin yerindəcə həll olunması məqsədilə aidiyyəti üzrə müraciətlər edərək cavabdeh qurumların və şəxslərin qarşısında məsələ qaldırılmasını təmin etmişlər. Eyni zamanda, müvafiq tibb müəssisələrində müalicə alan hərbi qulluqçuların səhhəti və müalicələrinin gedişi ilə mütəmadi olaraq maraqlanılmış, diqqət və qayğı göstərilmişdir. Hər il olduğu kimi, bu il də iyun ayının 24-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilər ilə görüş keçirilmiş, onların qayğı və problemləri ilə maraqlanılmışdır. Qazilərə və şəhid ailələrinə ehtiram, diqqət və qayğı göstərməyi hər bir prokurorluq işçisi özünə borc bilir.

Vurğulanmalıdır ki, son günlər erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət faktları əsasında Hərbi Prokurorluq orqanlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd); 29,120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd); 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürmə); 120.2.11-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar qəsdən öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə); 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə); 279.3-cü (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchizetmə adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə 6 cinayət işi başlanılmış və mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv şəkildə həyata keçirilmişdir. Müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə antiterror tədbirlərində həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilmişdir.

Göründüyü kimi, Hərbi Prokurorluq orqanları öz fəaliyyətini uğurla davam etdirir. Əminəm ki, Hərbi Prokurorluğun kollektivi bundan sonra da Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi, qanun pozuntularının qarşısının alınması və aradan qaldırılması istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artırmaq üçün ləyaqətlə çalışaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan

Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı,

Əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru.