Hayların
Siyasət

Hayların "humanitar böhran" fiaskosu

Vətən müharibəsindən məğlub ayrılan Ermənistan Qarabağ məsələsində uduzduğunu anlasa da, attıdığı son addımlar suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Qərb qonşumuz istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə fiaskoya uğrayır. Çünki bunun başqa yolu da yoxdur.

Artıq onların qarşısında ərazi bütövlüyünü bərpa etmiş, güclü bir Azərbaycan var. Bununla belə, işğalçı ölkə havadarlarının dəstəyi ilə növbəti təxribatçı addım atmağa cəhd göstərdi. Lakin Ermənistan bu dəfə də beynəlxalq aləmdə uğursuzluğa düçar oldu.

Bir müddətdir ki, gözlənilən BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ermənilərin yaşadığı Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclası keçirildi. İrəvanın dünyanın ən nüfuzlu ali orqanında beynəlxalq ictimaiyyətin fikirlərini başqa istiqamətlərə çəkmək cəhdi elə cəhd olaraq da qaldı. Əvvəlcədən də gözlənildiyi kimi, Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə hər hansısa qətnamənin qəbul edilməsinə nail ola bilmədi. Çünki beynəlxalq ictimaiyyət Azərbaycanın Laçın-Xankəndi yolunu blokadada saxlamadığını görür. Əksinə olaraq, həmin yolda hər hansısa bir maneə olubsa, bu da Ermənistan tərəfinin törətdiyi təxribatlarla bağlı olub. Necə ki, 15 iyun tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədçilərinə və onları müşahidə edən Rusiya sülhməramlılarına atəş açmışdı. Bununla əlaqədar Laçın-Xankəndi yolu müvəqqəti bağlandıqdan sonra yenidən Qarabağın erməni sakinlərinin istifadəsinə verilmişdi.

Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycanın Qarabağ bölgəsində vəziyyətə dair müzakirələrdə TŞ-nin daimi və müvəqqəti üzvləri, BMT nümayəndələri, Azərbaycan, qardaş Türkiyə və Ermənistan təmsilçiləri çıxış ediblər. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün yardımın çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı bəyanatlar verməsi Ermənistanın fiaskoya uğraması ilə nəticələndi. Ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev də TŞ-nin iclasında çıxış edib. Yaşar Əliyev Ermənistan tərəfinin əsassız ittihamlarına tutarlı cavab verib. Diplomat Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib. Yaşar Əliyev Ermənistanın bu məsələnin müzakirə olunması üçün BMT TŞ-yə müraciətinin yersiz olduğunu vurğulayıb. Ölkəmizə qarşı "blokada" və ya "humanitar böhran"la bağlı etdiyi bütün əsassız, sübutu olmayan iddiaları qətiyyətlə rədd edib.

Yaşar Əliyev qeyd edib ki, məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.

"Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - "İpək Yolu" və ya M2 avtomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yol ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir. Bu gün Ağdama səfərləri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri də yolun işləkliyinə və yüklərin daşınması üçün hazırlığına şahid olmaq imkanı əldə ediblər", - deyə Azərbaycanın TŞ-dəki daimi nümayəndəsi bildirib.

Müzakirələrin sonunda Ermənistan diplomatiyasının və ermənipərəst Fransanın məğlubiyyətə düçar olması bir daha beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu göstərir. Azərbaycan hər zaman olduğu kimi, ölkələrin ərazi bütövlüyü məsələsində ədalətli yanaşması ilə diqqət mərkəzinə gəlib və bu gün bunu çox rahatlıqla beynəlxalq birlikdən tələb edə bilir. Ermənistana gəlincə isə 2022-ci ilin dekabrında olduğu kimi, bu dəfə də erməni diasporu və lobbisinin, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı. Beləliklə, siyasi arenadan Ermənistana daha bir zərbə vuruldu. Budəfəki müzakirələrdə də ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi, Ağdam-Xankəndi yolundan istifadəni vacib sayıb, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi reallıqları qəbul olunub.

Ermənistan üçün ən yaxşı çıxış yolu isə hansısa bir beynəlxalq qurumdan bəyanat və qətnamə qəbul olunmasına ümid bəsləməkdənsə, Azərbaycanın təklif etdiyi 5 baza prinsipindən ibarət sülh müqaviləsinə imza atmasıdır.

Musa BAĞIRLI,

"Respublika".