Güclü turbulentliyə düşən AZAL pilotlarına təşəkkür elan edilib
Digər xəbərlər

Güclü turbulentliyə düşən AZAL pilotlarına təşəkkür elan edilib

Avqustun 7-də İstanbuldan Bakıya hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinin Airbus A320 təyyarəsi Türkiyə səmasında güclü turbulentlik zonasına düşüb.

Avqustun 11-də “Azərbaycan Hava Yolları” nın rəhbərliyi 10 min metrdən çox yüksəklikdə güclü turbulentlik zonasında təyyarənin idarə edilməsi zamanı peşəkar məharət göstərən aviaşirkət pilotları ilə görüş keçirib. Görüş zamanı AZAL-ın prezidenti Cahangir Əsgərov  deyib: “Turbulentlik  demək olar ki, hər bir mülki aviasiya pilotunun üzləşdiyi və tez-tez rast gəlinən təbiət hadisəsidir. Aydın səmada turbulentliyi (AST) əvvəlcədən müəyyən etmək mümkün deyil, lakin təyyarələr üçün heç bir təhlükəsi yoxdur. Azərbaycanın milli aviadaşıyıcısı uçuşların təhlükəsizliyinə və uçuş heyətinin peşəkar hazırlığına hər zaman böyük diqqət yetirir. Aviaşirkətin pilotları təyyarənin müxtəlif şəraitdə idarə olunması zamanı ekipajın hərəkətlərini keyfiyyətli məşq etməyə imkan verən aviatrenajorlarda daim hazırlıq keçirlər.

Bu hadisə zamanı da pilotlar təyyarəni güclü turbulentlik zonasından məharətlə çıxararaq vəziyyəti nəzarətə götürmüş və ştat rejimində uçuşu davam etdirmişlər.”

AZAL-ın prezidenti Cahangir Əsgərov güclü turbulentlik zamanı bacarıqlı hərəkətlərinə görə pilotlar Emin Babayevə, Elşən Sadıqbəyliyə və Məhəmməd Əliəsgərova təşəkkürünü bildirib və onlara qiymətli hədiyyələr təqdim edib.

Uçuş heyəti də onlara göstərilən diqqətə görə rəhbərliyə təşəkkür edərək, gələcəkdə də peşə bacarıqlarının təkmilləşdirilməsinə və uçuşların təhlükəsizliyinin təmin olunmasına davam edəcəklərini bildiriblər.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti.