Fransızsayağı riyakarlıq
Digər xəbərlər

Fransızsayağı riyakarlıq

Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən Fransa Ermənistanın manipulyativ addımlarında başlıca faktor kimi çıxış edir. TIR şousunun növbəti fazasında özünü daha aydın şəkildə büruzə verən bu havadarlıq regional sabitliyə əngəl törədir. Ermənistan öz çirkin niyyətini icra etməkdən çəkinmir, beynəlxalq hüququ qəti şəkildə pozur. Azərbaycanın legitim hüququna kölgə salmağa cəhd göstərən anti-Azərbaycan dairələrinin amalı isə həmişə olduğu kimi, puç olur, qətiyyətli mövqe sərgiləyən Azərbaycan dövləti ona qarşı qurulan bütün planları ifşa edir.

Qarabağda yaşayan erməni azlığını öz yerli əhalisindən daha yüksək səviyyədə "müdafiə etməyi" özünə borc bilən Fransa regional məsələlərə öz səriştəsiz mövqeyindən yanaşmaqdadır. Sülh prosesinin irəliləməli olduğu bir vaxtda hələ də Xankəndi və ətrafında yeni təxribat planları qurulur, Ermənistanın sülhə məcbur edilməsi prosesi bilərəkdən ləngidilir. Azərbaycana qarşı çirkin kampaniyalardan əl çəkməyən, ermənilərə görə demokratik prinsipləri ayaqlar altına almağa adət etmiş Fransa öz ampluasındadır. Belə ki, avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.

Fransa hesab edir ki, Ermənistanın havadarlıq missiyasını yerinə yetirməklə Azərbaycana təzyiq siyasəti nəticə verəcək. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 tonluq un dolu TIR-lar yola düşər-düşməz Fransa Prezidenti Emmanuel Makronun ölkə başçısı İlham Əliyevə telefon zəngi də bununla bağlıdır. Ermənistanın spekulyasiyalarından sonra Fransanın 10 TIR-la Qarabağ erməniləri üçün "humanitar yardım" göndərməsi, hətta "yardımı" Paris merinin şəxsən müşayiət etməsi Laçın yolu ətrafındakı növbəti manipulyativ cəhdi açıq göstərir. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-nin Qarabağdakı humanitar vəziyyətlə bağlı keçirdiyi təcili iclasda erməni azlığının ərzaq probleminin olmadığını bütün dünyaya sübut etmişdi. Ermənistan xarici işlər nazirinin azyaşlıları nümayiş etdirərək BMT-də teatral səhnə qurma istəyi Yaşar Əliyevin Xankəndidəki ziyafət fotolarını nümayiş etdirməsi ilə fiaskoya uğramışdı. Bu rüsvayçılıqdan sonra hələ də, müxtəlif ünsürlərin vasitəsilə riyakarcasına təxribatların törədilməsi qarşıdakı düşmənin xislətinin nə yerdə olmasından xəbər verir.

Sadalananların ardınca Fransa prezidentinin ölkə başçımıza zəngi də qeyd edildiyi kimi, növbəti riyakarlıq nümunəsidir. Sabitliyə töhfə vermək üçün çalışıb aqressoru sülhə məcbur etmək əvəzinə, bu cür addımların atılması vaxtuzatma cəhdləridir. Ölkə başçımızın Emmanuel Makrona cavab olaraq Ermənistan və qondarma rejimin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina etməsini bildirməsi, həmçinin Ermənistan rəhbərliyinin Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yükləri gətirməsini qeyd etməsi bölgədəki destabilliyin səbəbkarını açıq-aşkar nümayiş etdirdi. Makron həmişəki kimi, istədiyini ala bilmədi. Bu cür yollarla ölkəmizə təzyiq göstərə biləcəyini zənn edən Fransa prezidenti Azərbaycanın polad iradəsinin qarşısında növbəti dəfə məğlub duruma düşdü.

Qurulan bütün təxribat planları qüdrətli Azərbaycan dövlətinin nəzər-diqqətindən yayınmır. Fransanın dünyadakı siyasi imicinin Qafqaz üzərindən xal qazanması məsələsi də bu planlara daxildir. Lakin Cənubi Qafqazda regional liderliyi əlində cəmləşdirən Azərbaycan bu təxribatın reallaşmasına imkan verməyəcək. Digər tərəfdən, Rusiyanın Qafqazda təsirinin azaldığı bir vaxtda bu cür addımların müşahidə edilməsi təsadüfi deyil. Məhz Ermənistandan Rusiyaya qarşı yeni cəbhə açılması niyyəti atılan addımların məntiqi izahıdır.

Yaxşısı budur Fransa Afrikadakı yerlə bir olan "nüfuzunu" xilas etmək üçün çalışsın. Lakin bu da mümkün olmayacaq, əsrlər boyu soyqırımları, insanlıq əleyhinə cinayət əməllərinin törədildiyi bu torpaqlarda xalq Fransa müstəmləkəçiliyinə qarşı əsaslı mübarizə aparır. İkili standartlar sərgilənən beynəlxalq təşkilatların bərpa etməli olduğu tarixi ədaləti indi onlar özləri təmin edirlər. Eyni ilə qüdrətli Azərbaycan dövlətinin 44 günlük savaşda bütün dünyaya göstərdiyi kimi. Artıq Qabon, Niger və digər bölgələrdə üsyan dalğaları genişlənib. Fransanın zənginləşmək üçün istifadə etdiyi bu ərazilərdən artıq əli kəsilib atılır. Qeyd edək ki, Fransa Əlcəzair, Qvineya, Qabon, Vyetnam, Tunis, Kambocada müstəmləkəçilik siyasətini həyata keçirib. Parisin hiyləsini anlayıb onun hegemoniyasından uzaqlaşmağa çalışan ölkələr isə güc yolu ilə susdurulub.

Nurlan ABDALOV,

"Respublika".