Fransanın tükənməyən Cənubi Qafqaz hikkəsi
Siyasət

Fransanın tükənməyən Cənubi Qafqaz hikkəsi

Ermənistanın "böyük bacısı" Fransa Bakı və İrəvan arasında sülhə töhfə vermək əvəzinə, pozucu siyasət yürütməkdə davam edir. Belə ki, Parisin təşəbbüsü ilə bir qrup ermənipərəst dövlət BMT-nin İnsan Haqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər. 34 ölkənin birgə bəyanatı kimi təqdim edilən sənəddə Xankəndi və ətraf rayonlardan gedən ermənilərin geri qaytarılacağı və onların Qarabağda yaşaması üçün əllərindən gələnin ediləcəyi bildirilib. Amma burada bir məqam var. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağda doğulub yaşayan və vaxtilə Azərbaycan vətəndaşı olan şəxslər bizim konstitusiyamızla müəyyənləşən qanunları qəbul edib ölkəmizin vətəndaşı olmaq istəyəcəklərsə, onlara bütün imkanlar təqdim olunacaq. Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatı məsələsi həll ediləcək. Artıq bununla bağlı portal da yaradılıb və bölgədə qalan insanların reinteqrasiya prosesi davam edir.

Sözügedən bəyanatda guya Azərbaycanın beynəlxalq qanunları pozması ilə bağlı məlumatlar da yer alıb. Əslində, Fransanın Azərbaycan əleyhinə sərgilədiyi qərəzli mövqe təəccüblü deyil. Çünki Yelisey Sarayı hər zaman bu destruktiv mövqeyi, eləcə də bölgədə gərginliyin artmasına yönələn addımları ilə seçilib. Artıq Fransa Ermənistanı silahlandırdığını da açıq şəkildə bildirir. Oktyabrın 3-də Fransa xarici işlər naziri Katrin Kolonnanın İrəvana səfəri zamanı verdiyi açıqlamalar da 2 ölkə arasındakı siyasi müttəfiqliyin hərbi əməkdaşlıq səviyyəsinə yüksəldiyinə işarə edir. Yəni burada beynəlxalq hüququn prinsip və normalarını pozan Azərbaycan yox, yeni müttəfiqlərdir. Digər tərəfdən, Azərbaycanı lokal antiterror tədbirlərində qanun pozuntusunda ittiham edən Fransa hərbi cinayət və soyqırımlarla dolu tarixini unudub. Bu ölkə tarixə müstəmləkə mücəssəməsi kimi düşüb və əsrlər boyu əraziləri zəbt etməklə məşğul olub. İşğallar zamanı da ən böyük insan qırğınları Afrika qitəsində baş verib. Çox da uzaq olmayan tarixdə, İkinci Dünya savaşından sonra Əlcəzairdə baş verən müstəqillik hərəkatı zamanı bütün dünyanın gözü qarşısında Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirib. Parisin ilk nüvə silahı da məhz bu ölkədə sınaqdan keçirilib. Fransa Əlcəzairdən başqa, Qvineya, Qabon, Vyetnam, Tunis, Kambocada da müstəmləkəçilik siyasətini həyata keçirib. Parisin hiyləsini anlayıb onun hegemoniyasından uzaqlaşmağa çalışan ölkələri isə Yelisay sarayı güc yolu ilə bu fikirlərindən daşınmağa məcbur edib. Bu gün belə bütün dünya şahid olur ki, Fransa vaxtilə dünyanın müxtəlif ərazilərində həyata keçirdiyi müstəmləkəçilik siyasətini indi də Cənubi Qafqaz regionunda tətbiq etmək istəyir. Amma bu cəhdlər nəticəsiz qalacaq. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən sonuncu iclasında dedi ki, Fransa öz biabırçı keçmişinə görə vaxtilə müstəmləkə halına saldığı ölkələrdən üzr istəməli, ölkələrin daxili işlərinə qarışmamalı və Ermənistandan bir rıçaq kimi istifadə etməkdən əl çəkməlidir. Yəni Fransa yaxşı olar ki, 30 il xalqımıza qarşı olmazın vəhşiliklər, vandalizm aktları və qətliamlar törədən erməniləri himayə etməkdənsə, milyon yarım insanı təkcə əlcəzairli və müsəlman olduqları üçün məhv etdiyinə görə zamanı çatanda necə cavab verəcəyi barədə düşünsün.

Jalə QASIMZADƏ,

"Respublika".