Fransada etiraz nümayişləri yenidən alovlanır
Dünya xəbərləri

Fransada etiraz nümayişləri yenidən alovlanır

Fransa yenidən qarışıb. Bu gün ölkənin 18 şəhərində həmkarlar ittifaqları tərəfindən “sistemli irqçilik və polis zorakılığına qarşı, ictimai və həmkarlar ittifaqı azadlıqları və sosial ədalət naminə” devizi ilə yürüş təşkil edilib.

"Respublika" xəbər verir ki, iyunun 27-də 17 yaşlı Nahelin polis məmuru tərəfindən öldürülməsindən sonra etiraz yürüşü çağırışı bəzi siyasi partiyalar, həmkarlar ittifaqları, kollektivlər və hərəkatlar tərəfindən irəli sürülüb.

Bəzi məlumatlara əsasən, ümumiyyətlə ölkə üzrə 117 etiraz yürüşü keçiriləcək. Bəzi şəhər və kəndlərdə ictimai asayişin pozulması və iğtişaş risklərinin olduğu ehtimal edilir.

Bildirilir ki, ölkədə silahlı polislərin sayının getdikcə artması qəbul olunmazdır. Həmçinin nümayişçilər bu etiraz yürüşü ilə polisin respublikanın xidmətində olmasını və əhaliyə qarşı hərəkət etməməsini tələb edirlər.

Bugünkü etiraz nümayişləri ilə əlaqədar daxili işlər naziri Gerald Darmanən nümayişçilərə qarşı ayıq-sayıq olmağa çağırıb. Paris prefekti Laurent Nunez isə vurğulayıb ki, “polis öldürür” və ya “polis hər yerdə, ədalət heç bir yerdə” kimi şüarlara həssas olacaqlar.

Parisdə etiraz nümayişi ilə əlaqədar 1000 polis əməkdaşının səfərbər olunduğu bildirilir.