Fransada daha bir heykələ qarşı hörmətsizlik
Siyasət

Fransada daha bir heykələ qarşı hörmətsizlik

Təbiətin qanunlarından biri də odur ki, sürünənlər sinfinə aid olan ilan qabığını dəyişir. Yəni zamanla dərisi tamamilə soyulub çıxır və yenisi ilə əvəzlənir.

Bu, yalnız onun görkəminə aiddir. Daxili, xisləti, xarakteri isə heç vaxt dəyişmir, ilan olaraq qalır. Münasibətini ətrafa zəhər saçmaqla bildirir. Ona görə də canlıların əşrəfi olan insanın ondan xoşu gəlmir. İlan bütün vəziyyətlərdə təhlükə mənbəyidir. Necə ki, zamanımızda böyük güc sahibi və yaxud da özünü lider hesab edən bəzi dövlətlər ilan kimi böyük təhlükə mənbəyinə çevriliblər. Siyasi fəaliyyəti, mövqeyi onların zəhərli ilandan heç bir fərqi olmadığını açıq şəkildə göstərir.

Azərbaycana qarşı zəhər püskürən dövlətlərdən biri olan Fransa təkcə Azərbaycan-Ermənistan münasibətlərinin sülhə doğru irəliləməsinə mane olmur, fürsət düşdükcə çirkin əməllərini yerinə yetirir. Bu ölkə nə 30 illik işğal dövründə münaqişənin bitməsi istiqamətində qəti addım atdı, nə də İkinci Qarabağ müharibəsindən sonra iki dövlət arasında sülhə nail olmaq üçün cəhd göstərdi. Əksinə, Ermənistanı yenidən silahlandırıb, münaqişə ocaqları yaratmağa çalışır. Makron hakimiyyətinin xəbis niyyəti bununla bitmir. Məsələn, bir müddət əvvəl Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın bu ölkədə ucaldılmış abidəsinə qarşı təhqiramiz hərəkətlər törədildi. 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian lö-Bən şəhərinin meriyasının bu günlərdə verdiyi qərara əsasən "Azərbaycan parkı" sözünün qeyd olunduğu bütün yazılar yığışdırıldı. Bundan əvvəl isə naməlum şəxslər tərəfindən şair Xurşidbanu Natəvanın abidəsinə qırmızı rəngli boya atıldı. Azərbaycan tərəfi heykəli Evian-lö-Bən şəhərindən Parisə gətirərək səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması üçün işlərə başladı. "Azərbaycan parkı"nda baş verənlər sözün əsl mənasında, Azərbaycana, onun mədəniyyətinə qarşı xəbis, xain münasibətin göstəricisidir. Nə qədər ucuz və düşüncəsiz bir təfəkkürə malik olasan ki, öz mövqeyini və qərəzini tarixi şəxsiyyətin abidəsinə qarşı hörmətsizlik etməklə bildirəsən. Belə olan halda Fransanın Ermənistandan heç bir fərqi yoxdur. Əksinə, hər iki dövləti oxşar və ortaq maraqlar birləşdirir.

Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallığın ardınca Fransada daha bir vəhşilik baş verib. La Roş-syur-Yon şəhərində yəhudi-fransız əsilli siyasətçi və yazıçı Simon Veylin abidəsi təhqir edilib. Vandallar abidənin yanına qırmızı boya tökərək, gəlinciklər atıblar. Simon Veyl eyni zamanda Fransanın keçmiş həmrəylik və səhiyyə naziri olub. Azərbaycan bu kimi vandal, vəhşi hərəkətlərin çox əziyyətini çəkib. İşğal dövründə ermənilərin tarixi-mədəni abidələrimizi dağıtması kimi faktlar yetərincədir. Görünür, Fransa öz kiçik bacısı olan Ermənistana çox şeylər öyrədə bilib. Dünya mədəniyyətinin "beşiyi" sayılan Fransada baş verənlər mədəniyyətdən və əxlaqdan tamamilə kənar hərəkətlərdir. Sanki Fransa dövləti bütün problem və çətinlikləri unudub, ölkədə olan heykəl və abidələrə qarşı səlib yürüşünə çıxıb. Dövlətin bu sahədə də "təcrübəsi" kifayət qədərdir. Belə ki, Avropanın müasir tarixində abidələrin sökülməsinin, dağıdılmasının səbəbkarı məhz Fransa sayılır. 1789-cu ildən başlayaraq Fransada daim abidələr sökülüb, kralların, zadəganların, kilsə rəhbərlərinin heykəllərinə qarşı hörmətsizlik edilib.

1793-1794-cü illərdə Sen-Deni krallıq abbatlığında kral məzarlarının təhqir edilməsi Fransa inqilabının ən biabırçı epizodlarından biri kimi tarixə düşüb. Həmin hadisələr zamanı inqilabçıların fransız monarxlarının məzar daşlarını dağıtdıqları məlumdur. İnqilabdan sonrakı dövrdə də Fransada Jilber Lafayet, Viktor Hüqo və baş nazir Leon Mişel Qambetta da daxil olmaqla, məşhur insanların heykəlləri götürülüb. 1871-ci ildə Paris Kommunası zamanı Fransa krallarının heykəllərinin dağıdılması, məzarlarının talan edilməsi və Vendome sütununun yıxılması da bu qəbildəndir.

Azərbaycan isə əksinə, bütün xalqlara və onların tarixi-mədəni abidələrinə qarşı hər zaman hörmət və qayğı ilə yanaşır. Heydər Əliyev Fondu Avropanın bir çox ölkələrində, eyni zamanda Fransada bəşəriyyətin irsi hesab edilən abidələrin təmir və bərpasında yaxından iştirak etmiş, Fransanın müxtəlif regionlarında olan 20-dən çox kilsənin bərpasına yardım göstərmişdir.

Anlaşılan odur ki, Fransa dövləti və rəhbərliyi mənsub olduğu genetik bağlılığına uyğun olaraq, əsasən hücumlarını qadın heykəllərinə qarşı təşkil edir. Dünyada mədəni irsin qorunmasına cavabdeh olan və UNESCO-ya ev sahibliyi edən Fransanın bu cür addım atması isə əsl barbarlıq nümunəsidir. Deməli, fransızlar üçün milli-mənəvi dəyərlər heç bir əhəmiyyət kəsb etmir.

Ramidə YAQUBQIZI,

"Respublika".