Fransa heç vaxt sülh yaradan olmayıb
Siyasət

Fransa heç vaxt sülh yaradan olmayıb

Belə Qərb dövlətləri Avropa Parlamentində qurduqları sirki indi də BMT-də göstərmək istəyirlər.

Regionda yaranan yeni reallıqları həzm edə bilməyən ermənipərəst qüvvələr Cənubi Qafqazda gərginliyi daha da artırmağı hədəfləyirlər. Separatçıların suveren ərazilərimizdəki varlığına son qoyulması ilə daha da fəallaşan bu dairələr yeni münaqişə ocaqları yaratmaq arzusundadırlar.

Ermənistanın "bacı"sı qismində Fransanın proseslərdəki rolu hər kəsə məlumdur. Fransa 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolundan sui-istifadə edərək Ermənistanın təcavüzünə və işğalçı siyasətinə dəstək vermişdir. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən və antiterror tədbirləri ilə suverenliyini tam bərpa etməsindən sonra geniş miqyasda anti-Azərbaycan siyasətinin aparılması Fransanın Cənubi Qafqazda möhkəmlənmək istəyini bir daha təsdiqləyir. Müstəqil siyasi xətti olmayan, "forpost" dövlət qismində iştirak edən Ermənistanın Fransa üçün önəmli olmasının səbəbi də elə budur. Oktyabrın 3-də Ermənistana səfər etmiş Fransa XİN rəhbəri Katrin Kolonnanın Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Ermənistana hərbi yardım edəcəyini və bunun üçün attaşelər təsis edəcəyini açıqlaması, Qərbi Zəngəzurda konsulluğun açılacağını qeyd etməsi, son hadisələrdə həyasızcasına Azərbaycanı ittiham etməsi ilkin siqnallar idi. Oktyabrın 11-də isə Katrin Kolonnanın qərəzli çıxışları siyahısına biri də əlavə olundu. Onun 11 oktyabr tarixində Fransa Senatındakı çıxışı müstəmləkəçilərin Cənubi Qafqazda möhkəmlənmə arzusunu bir daha təsdiqləyir. O, BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi ilə bağlı təşəbbüsünü də məhz bu tribunadan elan edib. Katrin Kollonnanın timsalında rəsmi Parisin arzusu buradan öz istəyi ilə köç etmiş ermənilərdən istifadə etməkdir. Əvvəllər də "blokada", "böhran" kimi böhtanlarla erməni əhalisini öz girovuna çevirən fransızlar bu gün də öz istəyi ilə Xankəndidən köç etmiş əhalidən istifadə etməyə çalışırlar. Bununla da Fransa növbəti qarayaxma kampaniyasının əsasını qoymuş olur. Ana xətt isə Azərbaycanın ərazini tərk edən ermənilərə qarşı təzyiq göstərməsi məsələsidir. Görünür, oktyabr ayında Qarabağa iki dəfə səfər edən BMT missiyasının müsbət bəyanatı ermənipərəst qüvvələr üçün ürəkaçan olmayıb və Avropa Parlamentində qurduqları sirki BMT-də də yaratmaq istəyirlər.

İstənilən halda Fransa hərbi qüvvənin Ermənistana cəlb edilməsi istiqamətində əsaslı addımlar atır. Rəsmi Parisin təlim adı altında Ermənistana hərbçilərini göndərməsi regionda növbəti münaqişənin həyəcan təbilini çalır. Qeyd edək ki, ilkin olaraq 56 fransız hərbçi İrəvana göndərilib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bildirib ki, fransız hərbçilər "HOPE FSX2023" təlimlərində iştirak edəcəklər. Hərbçilərlə yanaşı, Ermənistana "Dash" tipli iki təyyarə, 8 ton avadanlıq cəlb edilib. Təlimlərdə Fransa, Yunanıstan, Monteneqro, Şimali Makedoniya və s. ölkələr də iştirak edəcək. Göndərilən hərbi təchizatın artıq bir qisminin adı da məlumdur. Modernləşdirilmiş PİNAKA raket sistemi xüsusi diqqət çəkir. 2020-ci ilin noyabrında sınağı keçirilən silahın növbəti dəfə təlimə cəlb edilməsi sual doğurur. "Hərbi təlim" adı altında regiona qüvvələrin cəlb edilməsi keçmiş Fransa prezidentinin və müdafiə nazirinin bildirdiyi hərbi ittifaqın göstəriciləridir. Bu dəfə Emmanuel Makronun liderliyi ilə Ermənistanın sərhədlərinin "müqəddəs"liyini bəhanə gətirərək yenidən təxribat və təcavüzə hazırlaşırlar. Ermənistan düşünür ki, Qərb qüvvələrin əlaltısı olmaqla Azərbaycana qarşı üstünlük əldə edə biləcək. Lakin atılan addımlar birbaşa Rusiyaya indekslənmişdir. Rusiya hərbi bazaları önündə aksiyalar keçirən, sülhməramlılara daş atıb, ərazidən çıxmalarını istəyənlər də əslində bunu yaxşı bilirlər. Rusiya ilə əlaqələri sıfra endirən rəsmi İrəvanın da məqsədi elə bundan ibrətdir. Roma statutunun ratifikasıyası, KTMT-dən ayrılma istəyi də bu qəbildəndir. Bu yolla Fransa Ermənistanı Rusiyanın əhatə dairəsindən uzaqlaşdırma məqsədi güdür.

Azərbaycan özünün suverən ərazilərinin bütövlüyünü təmin etmişdir. Bundan sonrakı proseslərdə onun vasitəçi qismində iştirakı ümumən məhdudlaşdırılmalıdır. Əgər açıq-aşkar regionda hərbi gücü artırmağa hədəflənən siyasi gediş edilirsə, hansı sülh təşəbbüskeşliyindən söhbət gedə bilər? Fransa dünyada heç vaxt sülh yaradan olmayıb. Fransanın tarixinə baxsaq görərik ki, bu ölkə harada olursa, orada müharibələr, istismar və talamalar hökm sürür. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında ən böyük mane elə Fransadır. Katrinin İrəvana səfəri, verilən bəyanatlar, hərbi qüvvənin Ermənistana təhkim edilməsi hayları növbəti xülyalara aparsa da, bu yuxu uzun çəkməyəcək.

Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasında çıxışı zamanı da bu məsələlərə toxunaraq qeyd etmişdir: "Amma Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir".

Məsələ sülhün əldə edilməsi və sabitliyin bərqərar olunmasıdırsa, son üç il ərzində Fransa erməni silahlı qüvvələrin ərazilərimizdən çıxarılmasına fokuslana bilərdi. Çünki 30 il boyunca BMT-nin 4 qətnaməsini icraetmə iqtidarında idi. Lakin bunu etmədilər. Əvəzində hərbi qüvvələr göndərib Ermənistanı revanşizmə kökləyirlər. Əslində öz qanlı müstəmləkəçiliyi və bəşəri cinayətləri ilə tanınan işğalçı bir dövlət kimi Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması və illərlə sülh danışıqlarına "vasitəçi"lik etməsi özü elə cəfəngiyatdır.

Qüdrətli Azərbaycan dövlətinin mövqeyində isə zərrə qədər dəyişiklik olmayacaq. Sözdə deyil, əməldə sülhü təmin edən dövlətimiz bu cür şər qüvvələrə lazımi cavabı verib və verəcək. Hərbi və diplomatik sferada üstün olan Azərbaycana cinayətkarlar, terrorçular və qərəzli siyasətçilər heç bir zaman təsir edə bilməz.

Nurlan ABDALOV,

"Respublika".