Fransa hakimiyyətinin siyasi hikkəsi
Siyasət

Fransa hakimiyyətinin siyasi hikkəsi

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirir. Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, həm də qlobal müstəvidə aktiv oyunçulardan biridir. Müasir dövrdə Azərbaycan beynəlxalq tədbirlərin iştirakçısı olmaqdan əlavə, həm də uğurlu təşkilatçı statusu qazanıb. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq forumlara, konfranslara təşkilatçılıq edir. Beynəlxalq təşkilatlarla etibarlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi fonunda ölkəmizdə həyata keçirilən uğurlu islahatlar dünyada qərəzsiz mövqenin formalaşdırılmasına şərait yaradır. Azərbaycan 30 illik inkişaf dövrü keçərək qurduğu yeni diplomatik və iqtisadi reallıqlar fonunda respublikamızın dünya üçün geosiyasi önəmini gün keçdikcə daha da artırır.

Martın 14-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumu öz işinə başlayıb. Budəfəki Forum öz auditoriyasına, müzakirə olunan məsələlərin aktuallığına və əhəmiyyətinə, həmçinin qazandığı statusa görə digərlərini üstələyir. Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Həmçinin 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları tədbirə qatılıb. XI Qlobal Bakı Forumu dünyada müxtəlif analoji, beynəlxalq tədbirlərlə müqayisə olunacaq dərəcədə əhəmiyyətlidir. Bu Forum Münxen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu və bir sıra digər mötəbər tədbirlərdən heç də az əhəmiyyət daşımır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra həm regionda, həm regionla bağlı beynəlxalq aləmdə Avropa, Asiya, Afrika qitələrində mövqeyi və nüfuzu o qədər artıb ki, artıq dünya səviyyəli mötəbər tədbirlərin keçirilməsi üçün məkan olaraq seçilir. Həm də həmin o təşkilatlara üzv olan dövlətlərin mütləq səs çoxluğu ilə həyata keçirilir. Bu gün dünya, o cümlədən BMT üçün ən önəmli proseslərdən biri də iqlim dəyişmələri ilə bağlı məsələlərdir. İqlim dəyişmələri dünyanın istənilən nöqtəsində hər bir dövləti, hər bir insanı ciddi şəkildə narahat edir. İlk olaraq 2013-cü ildə I Cənubi Qafqaz Forumu adı altında keçirilən tədbirin əsas mövzuları qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları olub. Həmçinin  açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərdən ibarət idi. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksəkkeyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması idisə, bu gün artıq "Parçalanmış dünyanın bərpası" mövzusunda bir çox dünyəvi məsələlərin həlli istiqamətində görüşlər keçirilir. XI Qlobal Bakı Forumunun iştirakçıları çıxışlarında Azərbaycanın bölgədə oynadığı rolu yüksək qiymətləndirir, regional layihələrin Avropa üçün əhəmiyyətindən danışırlar. Rəsmi Bakı Qlobal Forumla bu gün bütün ermənipərəst Qərb dairələrinə ciddi cavab vermiş olur. Yaxşı olar ki, ermənipərəst Fransa kimi bütövlüklə anti-Azərbaycan bloku artıq rəsmi Bakının tək Cənubi Qafqazda yox, dünyada da önəmli, özünün xüsusi çəkisi olan beyin mərkəzlərindən birinə çevrildiyini və regional məsələlərin, ilk növbədə onunla razılaşdırıldığını anlasın. Əks təqdirdə İrəvanın uydurduğu yeni ssenarilər onun final pərdəsini daha da sürətləndirəcək.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir sıra məqamlara toxunub. Ölkə başçımız Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı fikirlərini bildirib: "...Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqazidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi".

Fransanın İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli mövqeyi təəssüf doğurur. Çünki həmin dövrə qədər iki ölkə arasında münasibətlər yüksək səviyyədə olub. Buna Azərbaycanın və Fransanın qardaşlaşmış 13 şəhərini nümunə göstərmək olar. Azərbaycanın beynəlxalq hüququn normalarını daima gözləməsinə və onun qırmızı xətlərinə hörmət etməsinə baxmayaraq, rəsmi Paris beynəlxalq təşkilatları ölkəmizə qarşı siyasi hücuma səslədi. Keçmiş Minsk qrupunun üzvü olan Fransa qurumun tərkibində olan zaman da daima sülhü təxirəsalma və münaqişə şəraitinin aktiv saxlanılması üçün əlindən gələni edib. Həmin dövrə qədər yaxşı səviyyədə olan münasibətlər birbaşa Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət balansına əsaslanırdı. Bu gün isə mənzərə tam fərqlidir. Yelisey sarayı öz qanlı keçmişini unudaraq Azərbaycanı hansısa böhtanlarla şərləmək istəyir, həmçinin Ermənistanı silahlandırmaqla keçmiş Minsk qrupunun təkmandatlı üzvü olmaq xəyalındadır. Xarici siyasətdə göstərilən riyakarlıq nümunəsi isə ölkənin daxilindən vandallıq əməlləri ilə balanslaşdırılır.

Prezident İlham Əliyev XI Qlobal Bakı Forumunda Fransa ilə bağlı danışarkən tədbir iştirakçılarına Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktı barədə fotoşəkillərlə sübutlar göstərərək bildirib: "Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı...". Qeyd edək ki, dövlətimizin səyi nəticəsində heykəl artıq Eviandan götürülərək Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirilib. Hazırda Natəvanın abidəsi əmin əllərdədir. Bu addım bir daha rəsmi Parisin türkofobiya, islamofobiya xislətini bütün dünyaya göstərir. Fransa kimi bəşəri cinayətlərin müəllifi Natəvanın heykəlinə hücum etməklə döyüş meydanında və diplomatik masada aldığı məğlubiyyətin acısını çıxarır. Daha dəqiq desək, Natəvan obrazı bu gün Şuşa Zəfərini, Xankəndi Qələbəsini təcəssüm etdirdiyi üçün revanşizm meyilləri cilovlana bilmir. Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlərin "məntiqi" bir səbəbi bəllidir. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Eviandakı heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.

İki ölkə arasında əlaqələrin pozulması birbaşa Fransa prezidenti Emmanuel Makronun ermənipərəst niyyəti ilə mədəni körpüləri yandırmasının nəticəsidir. Makron riyakar xarici siyasət yürüdərək öz çirkli əllərini Afrikadan sonra Cənubi Qafqaza da uzatmaq istəyir. Bu məqsədlə Ermənistan marionet olaraq seçilib. Lakin infantil düşüncə tərzi fransalı prezidenti böyük fiaskoya uğradıb. Belə ki, Makron həm ölkə daxilində, həm də ölkədən kənarda gülünc vəziyyətə düşüb. Ermənistanı Ukraynaya çevirmək istəyən Fransa heç Kiyev planlarını da sona qədər davam etdirə bilmir. Belə ki, Makronun NATO-da Ukraynaya qoşun yeridilməsi ilə bağlı son çıxışında ona sərgilənən münasibət bütün planların puç olduğunun göstəricisidir. Daha sonra E.Makronun beynəlxalq təzyiqdən qorxaraq öz fikrindən geri dönməsi və Ukraynaya planlaşdırılan 3-cü səfərini də təxirə salması isə onun qorxaqlığını və cılızlığını bir daha nümayiş etdirir.

Bu gün dünyada vəziyyətin qeyri-stabil olaraq qalması, yeni fəlakətlərin yaranması fonunda bütün sınaqlardan üzüağ çıxan Azərbaycana qarşı Fransanın nümayiş etdirdiyi mənfi mövqe münasibətləri sıfra endirib. Yelisey sarayı Emmanuel Makronun rəhbərliyi altında anti-Azərbaycan fəaliyyəti ilə nüfuzunu get-gedə itirir, Fransa senatında qəbul edilən qətnamələr isə kağız parçasından fərqlənmir. Belə görünür ki, Azərbaycanla şahmat oynamaq istəyən E.Makron riyakarlığa çoxdan başlayıb. Ağ fiqurlarla hücuma keçərək öz piyadası olan Ermənistanı silahlandıran Makron, deyəsən şahmatın qızıl qaydasını yadından çıxarıb: "Oyunu qara fiqurlarla oynayan qazanır. Çünki son gediş imkanı onlara məxsusdur".

Tacir SADIQOV,

"Respublika".