Təmənnalı siyasətin xələfləri
Siyasət

Təmənnalı siyasətin xələfləri

Naftalin iyi verən köhnə taktikalardan günümüzdə hələ də istifadə edilir. Lakin necə ki, illər öncə həmin təxribat xarakterli siyasət heç bir nəticə verməyib, bu gün də verməyəcək. Belə ki, Qərb Cənubi Qafqazda möhkəmlənməyə çalışır və bu işi Ermənistan vasitəsilə edir. 106 il əvvəl də ABŞ bir sıra vədlərlə hayları şirnikləşdirib öz tərəfinə çəkmişdi. 1918-ci il yanvarın 8-də ABŞ-ın 28-ci prezidenti Vudro Vilson öz adını daşıyan plan qurur. Plan Konqres tərəfindən qəbul edilən 14 maddəlik sənəddə öz əksini tapıb. Lakin ABŞ prezidentinin xülyalarını həyata keçirmək yolunda Osmanlı İmperiyası ciddi maneə yaradırdı. Bu məqamda "parçala - hökm sür!" siyasəti ən yaxşı variant kimi görünürdü. V.Vilsonun 14 maddəlik prinsipləri məhz bu əsasda qurulmuşdu.

Tarixi faktlar da sübut edir ki, 1918-ci ildə Paris Sülh Konfransında Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətini tanımaq təklifini rədd edən ABŞ prezidenti Vudro Vilson özünün "yeni dünya xəritəsi"nə ölkəmizi daxil etməmişdi. ABŞ prezidenti üçün indiki Türkiyəni parçalamaq, Azərbaycanı isə ümumiyyətlə xəritədən silmək əsas məqsəd idi. "Sevr" müqaviləsindən sonra Osmanlı torpaqlarının "müttəfiqlər" arasında bölünməsi planını da məhz Vilson hazırlamışdı. Bu plana görə Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələri Ermənistana verilməli, Trabzonun şərq hissəsi isə Gürcüstan və Ermənistan arasında bölünməli idi. Beləliklə, hayların "dənizdən-dənizə böyük Ermənistan" xəyalı çin olacaqdı. Türkiyədə Mustafa Kamal Atatürkün başlatdığı Qurtuluş savaşı Vudro Vilsonun planını darmadağın etdi, "Sevr" müqaviləsi isə ləğv olundu.

Bu hadisələrdən artıq bir əsrdən çox vaxt keçib. Lakin hər yola əl atan Qərb dairələri indi də tarixin toz basmış səhifələrini vərəqləyirlər. Belə ki, növbəti günlərdə Brüsseldə Avropa İttifaqı-Ermənistan-ABŞ birgə konfransı baş tutacaq. Bu görüşü məkrli məqsədlərə çatmaq üçün düşünülən ssenari kimi qiymətləndirmək düzgün olar. ABŞ-ın Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşündə müzakirəyə çıxarılacaq mövzuların arasında hərbi xarakterli əməkdaşlıq məsələsi xüsusi yer alır. Lakin görünür, bu məlumat olduqca gizli imiş, amma rəsmi İrəvan səhvən bunu dünyaya bəyan edib. Çünki ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Müller bildirib ki, Brüssel görüşündə "ticarət tərəfdaşlığını şaxələndirməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığının təmin olunmasına və humanitar ehtiyaclarının ödənilməsinə diqqət yetiriləcək". Ermənistan isə özünün xarici siyasətinin və təhlükəsizliyinin şaxələndirilməsi zərurətindən bəhs edib. Hayların avropalı dostlarını ələ verməsi heç də ona yaxşı vəd vermir. Böyük qardaşlarını qəzəbləndirən Nikol Paşinyanın bundan sonra görüşdən istədiyi nəticəni əldə edib-etməyəcəyi isə sual altındadır. Ermənistanın baş naziri heç olmazsa, budəfəki görüşə özü ilə tərcüməçi aparsın. Hər zamankı kimi özünü rəzil duruma salmasın.

Departamentin mətbuat katibi açıqlamasında onu da qeyd edib ki, Brüssel görüşü çərçivəsində aparılacaq danışıqlarda Azərbaycanla bağlı məsələlər də müzakirə oluna bilər, amma bu, üçtərəfli görüşün hədəfi deyil. Əsas məqsəd Ermənistanın iqtisadi dayanıqlılığının təmin olunmasına "kömək" etməkdirsə, onda nəyə görə Azərbaycanla bağlı məsələni gündəmə gətirirlər? Əgər problemi həll etmək istəyirlərsə, onda gərək iki dövlət arasında körpü rolunu oynasınlar,  necə deyərlər, o körpünün altına mina düzməsinlər. Əslində Qərbin bu addımları gözlənilən idi. Çünki artıq bölgədə istədikləri kimi "at oynada" bilməmələri, Azərbaycanın daha 30 il əvvəlki dövlət olmaması ABŞ-ın timsalında Cənubi Qafqaza yiyələnmək istəyən digər dövlətləri narahat edir. Ona görə də iki və ya üçtərəfli görüşlər keçirib, ölkəmizi dəvət etmədən nəyisə əldə edə biləcəklərini düşünürlər.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın bu günədək Aİ-nin və Ağ Evin Cənubi Qafqaz planlarına yanaşmada tutduğu prinsipial mövqe tamamilə düzgündür. Onların tək niyyəti haylardan istifadə edərək bölgədə möhkəmlənməkdir.

Ermənistanın hansı ticarət potensialından söhbət gedir ki? Rusiyadan asılı olan şərab sənayesi, yoxsa nə? "Güclü" iqtisadi potensiala sahib olan dövlətin şəraiti də yüksək olur. Bəs yaxşı hansı iqtisadi vəziyyətin şaxələndirilməsi nəzərdə tutulub? Yəqin ki, budəfəki bəhanə də iflasa uğrayacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".