Fletçer məktəbində
Siyasət

Fletçer məktəbində"münaqişə necə alovlandırılmalıdır" dərsi

Ermənistan tez-tez sülh müqaviləsinin imzalanmasına Azərbaycanın mane olduğunu iddia edir, özünü sülh göyərçini kimi göstərir. Lakin rəsmi İrəvanın açıqlamaları ilə hərəkətləri ziddiyyət təşkil edir. Ermənistanın bəyanatları ilə davranışları onun ikiüzlü siyasətindən xəbər verir. Siyasi ritorikada Azərbaycanın ərazi bütövlüyünü etiraf etməsinə baxmayaraq, hərəkətləri bu etirafa əks mövqedə dayanır.

Bu il martın 29-da ABŞ-ın Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində "Dağlıq Qarabağ" kimi tarixə qovuşmuş ifadələri ehtiva edən başlıqla tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbirdə Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycan əleyhinə qaldırdığı iddiaları üzrə rəsmi nümayəndəsi Yeqişe Kirakosyanın çıxış etməsi planlaşdırılır. Bu, aydın şəkildə Ermənistanın mövqeyinin təbliğinə xidmət edir. ABŞ-ın yenə də məkrli planların reallaşdırılmasına "ev sahibliyi" etdiyini göstərir. Görünür, Ermənistan isə öz tapşırıqlarını uğurla yerinə yetirib ki, məktəbə belə həvəslə gəlir. Hayastanın hərəkətləri, xüsusən də beynəlxalq məhkəmələrdəki hüquqi iddiaları Azərbaycan Respublikasının ərazi bütövlüyünə ciddi təhlükə yaradır. Ermənistan ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmaqla regionda gərginliyi davam etdirir. Bu, nəinki münaqişənin sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylərə mane olur, həm də münasibətləri daha da gərginləşdirir.

Azərbaycan daim problemlərin həllində dialoqa, diplomatiyaya və beynəlxalq hüquqa üstünlük verir. Konstruktiv fəaliyyət Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Ermənistan yenidən böyük güclərin oyunlarının baş aktyoruna çevrilib. Ölkəmizin Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi vəziyyət bir çox böyük gücləri nədənsə narahat edir. Xüsusən də, İkinci Qarabağ müharibəsindən sonra Qərbin məkrli mövqeyi özünü daha aydın şəkildə büruzə verir. ABŞ isə Ermənistanın əli ilə regiona müdaxilə istəyini gizlətmir.

Obyektiv yanaşmadan uzaq olan bu kimi ölkələrin niyyəti Azərbaycana çoxdan məlumdur. Qeyd edək ki, hələ 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən "907-ci düzəliş" məhz erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib. Bu kimi ədalətsiz yanaşmaların müəllifi olan ABŞ hələ də ermənipərəst davranışlarını davam etdirmək niyyətindədir. Vaşinqton bir müddət əvvəl Qarabağ "qaçqınlarına" yardım çağırışı da edib, Ermənistana təhlükəsizlik üçün 10 milyon dollar ayırmağı planlaşdırır. 30 il müddətində Azərbaycan torpaqlarının işğal altında qalmasına səs çıxarmayan, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün taleyinə göz yuman ABŞ öz istəyilə Qarabağdan gedən ermənilərin "halına acıyır". Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquqla tanınır. Qarabağ və ətraf rayonlar beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisinin bir hissəsidir və hər kəs buna hörmətlə yanaşmalıdır.

Aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu mözvu ilə bağlı açıqlamasında qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, ölkəmiz heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib: "Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub". Beynəlxalq aktorlar, o cümlədən Aİ və ABŞ üçün balanslaşdırılmış və neytral mövqe tutmaq çox vacibdir. Lakin onlar açıq şəkildə Ermənistanın tərəfini tutmaqla məsələnin sülh yolu ilə həll cəhdlərini sarsıdır.

Bütün bunlara baxmayaraq, Azərbaycan sülh yolu ilə həllə, diplomatik danışıqlara və dialoqa hazır olduğunu dəfələrlə ifadə edib. Ölkəmiz son illərdə xüsusilə enerji, infrastruktur və turizm kimi sektorlarda əhəmiyyətli iqtisadi artım və inkişaf nümayiş etdirir. Münaqişələrin həlli və regionda davamlı sülhün əldə edilməsi təkcə Azərbaycana deyil, həm də daha geniş Cənubi Qafqaz regionuna fayda gətirib, gələcək iqtisadi inkişaf və investisiyalar üçün əlverişli şərait yaradıb. Ölkəmiz daim məsələlərin sülh yolu ilə həllini müdafiə etməklə regionda sabitliyin, əməkdaşlığın və dinc yanaşı yaşamanın təşviqinə sadiqliyini nümayiş etdirir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".