Fiber-optik internetə çıxış imkanı yaradılıb
Digər xəbərlər

Fiber-optik internetə çıxış imkanı yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı, Azercell-in baş sponsorluğu ilə Bakıda ilk dəfə 16-17 may tarixində keçirilən “M360 Eurasia 2023” beynəlxalq konfransında mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gəlib. Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilir.

Tədbirdə “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Elçin Niyazov Azərbaycanda fiber-optik internet üzrə görülən işlərlə bağlı təqdimatla çıxış edib. Çıxış zamanı Elçin Niyazov “Aztelekom” MMC-nin həyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” layihəsi barədə ətraflı məlumat verib. E.Niyazov bildirib ki, 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 3 il ərzində genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatlarının sayı 1 milyona çatdırılıb. E.Niyazov bunun əvvəlki dövrlə müqayisədə 350% yüksək nəticə olduğunu vurğulayıb. Qeyd edib ki,  əsas məqsədimiz əlçatanlığı və sərfəliliyi artıran xidmət və məhsullarımızı inkişaf etdirərək diqqətimizi müştəri məmnunluğuna yönəltməkdir.

“Respublika”.