Əsgərlərimizi mühasirədən xilas edən kəşfiyyatçı
Digər xəbərlər

Əsgərlərimizi mühasirədən xilas edən kəşfiyyatçı

İşğalçı Ermənistanın 2020-ci il sentyabrın 27-də  ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Odur ki, heç kim unudulmur, heç kim yaddan çıxmır.

Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Qələbəyə öz qanları ilə imza atan şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız dastan qoyub getdilər. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad biləkli mübarizlərimiz, vətən sizi unutmayacaq!

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Elzamin Təhməzov zəfər tariximizə adı qızıl hərflərlə yazılan qəhrəmanlarımızdandır. Əslən Laçın rayonunun Malxələf kəndindən olan şəhidimiz 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyanın məzunudur. ABŞ-da, Almaniyada, Pakistanda, İraqda, Sloveniyada və Türkiyədə keçirilən təlimlərdə iştirak edib. O, həmçinin NATO təlimlərində Azərbaycanı təmsil edib.

Vətən müharibəsi başlayan zaman Elzamin Təhməzov briqadanın kəşfiyyat rəisi idi. Murov yüksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə erməni postlarının alınmasında böyük şücaətlər göstərib. Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı isə düşmən tərəfindən mühasirəyə alınan 400 əsgərimizi mühasirədən xilas edib. Komandanlıq etdiyi briqadanı qələbəyə doğru uğurla aparıb. Polkovnik-leytenant düşmən tərəfindən atılan minamiyot mərmisinin yaxınlığına düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Ordusunun zabitini dünyaya göz açdığı Bərdə rayonundakı Şəhidlər Xiyabanında torpağa tapşırıblar. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Polkovnik-leytenant Elzamin Təhməzovun iki qız övladı - Aysel və Aysu yadigar qalıb.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

M.MİRZƏ,

"Respublika".