Ermənistanın uğursuz
Siyasət

Ermənistanın uğursuz "102"-ci cəhdi

Ermənistan-Rusiya münasibətlərində gərginlik davam edir. Rusiyaya qarşı keçirilən aksiyalarda "Ermənistan Rusiyanın əyaləti deyil!", "Rusiya, əlini Ermənistandan çək!" kimi şüarlar səsləndirilir. İrəvan Moskvadan daha da uzaqlaşaraq ikitərəfli münasibətləri təhlükə altına atır. Ermənistanın Qərbə yönəlməsi regionda sülhə və əmin-amanlığa xələl yetirməsi onun riyakarlığından xəbər verir.

Uzun illər Rusiyanın himayəsi altında yaşayan Ermənistan artıq ondan üz çevirir. Hətta ABŞ İnstitutu açıqlayıb ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər. Səbəb isə Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır. Qeyd edək ki, Ermənistandakı 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1994-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. Paşinyan Rusiya hərbi bazasından xilas olmağa cəhd göstərsə də, Moskvanın reaksiyası bunu yaxın perspektiv üçün mümkünsüz edir. Son aylarda Rusiyanın 102-ci hərbi bazasının şəxsi heyətinin iki dəfə hərbi təlimlərə çıxarılması da Kremlin İrəvana mesajıdır.

Qeyd edək ki, Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasını birtərəfli qaydada çıxara bilməyəcək. Bu, Rusiya Federasiyası ilə Ermənistan arasında 1995-ci ildə Rusiya hərbçilərinin Ermənistanda yerləşdirilməsi haqqında sazişin 27-ci bəndinə ziddir. Sazişə əsasən tərəflərdən biri müqaviləni ləğv etmək niyyətini bəyan edərsə, Rusiya hərbi bazasının ləğvi ilə bağlı məsələlər qarışıq komissiya tərəfindən həll ediləcək. Hərbi bazanın ləğvi tərəflərin razılaşdırdığı müddət ərzində tamamlanmalıdır. Rusiya və Ermənistan prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan tərəfindən 2010-cu ildə imzalanmış Rusiya bazası haqqında sazişin 5 saylı protokoluna əsasən müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb. Bildirilib ki, müqavilənin müddəti başa çatdıqdan sonra tərəflərdən biri müddətinin bitməsinə azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı məlumat vermədiyi təqdirdə müddət avtomatik olaraq növbəti beş ilə uzadılır. Həmçinin müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər.

Lakin ötən ay Paşinyan "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib ki, İrəvan Rusiya hərbi bazasının Ermənistan ərazisində olmasının "üstünlüklərini görmür". Qeyd edək ki, "The Wall Street Journal" Nyu-York şəhərində yerləşən və Amerikanın biznes və iqtisadi yönümlü gündəlik qəzetdir. Ermənistan Rusiyanı Qərbə "şikayət" edərək forpostu olmaq istədiyi ölkəyə özünü yaxşı göstərməyə çalışır. Həmçinin Paşinyan Rusiya ordusunun ölkədən çıxarılması məsələsinin müzakirə edilmədiyini vurğulayıb və sülhməramlılardan söz açıb: "Onlar Ermənistanda nə etməlidirlər? Bu, Qarabağdakı sülhməramlı kontingentdir. Əgər sülhməramlılar Qarabağı tərk edərlərsə, Rusiyaya gedəcəklər".

Paşinyanın əvvəlcədən verilən tapşırığa əsasən dediyi bu sözlər Ermənistanın xarici siyasətdə nə qədər zəif olduğunu göstərir. Ermənistan ABŞ-ın regionda liderlik etməsinə imkan yaratsa da, bu, mümkün deyil. Fransa kimi, ABŞ-ın da Cənubi Qafqaz xülyası reallaşa bilməyəcək. Ermənistan reallığı qəbul etməli, Cənubi Qafqaza daxil olmaq istəyənlərə vasitəçilik etməkdən çəkinməlidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".