Ermənistanın sözü ilə əməli bir deyil - Deputat
Gündəm

Ermənistanın sözü ilə əməli bir deyil - Deputat

“Digər dövlətlərin ərazisində layihə kimi qurulan, yeri-yurdu və kökü bilinməyən bir dövlətin rəsmi şəxsi, xarici işlər naziri Azərbaycan Respublikasının ərazilərinə torpaq iddiası edirsə və hələ də “Dağlıq Qarabağ əhalisi”, ”Dağlıq Qarabağ Respublikası” ifadələrini işlədirsə, bu o deməkdir ki, Ermənistan hələ də tarixin dərslərindən və aldığı dəmir yumruqdan tam nəticə çıxartmıyıb”.

Bu sözləri “Respublika”ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Deputat həmçinin qeyd edib ki,  44 Günlük Vətən Müharibəsi Azərbaycanın gücünü göstərdi: “Həm siyasi-iqtisadi, həm hərbi, həm də xalqın bir yumruq ətrafında birləşməsi, bütün bunlar bugünki Azərbaycan reallığıdır və dünyada artıq qəbul edilən bir gücdür. Ermənistan isə qulpsuz çamadan kimidir, nə yerə qoya bilirsən, nə də daşımaq mümkündür. Ərazilərimizdə yerləşən və insanları doğma yurdundan deportasiya edərək orda məskunlaşan bu toplu, tarix boyu həm Azərbaycana, həm də qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış ediblər. Təəssüflər olsun ki, o dövrdə də, indi də bu toplumu müdafiə edən, arxasında duran dövlətlər var. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Ali Baş Komandanın güclü iradəsi, siyasi biliyi, qətiyyəti, xalqın əzmi ilə bütün bu kimi çətin işləri dəf etdi. Biz Vətən Müharibəsində qələbə qazanaraq tarixə böyük şanlı zəfər dastanı yazdıq. Artıq ölkəmiz sülh gündəliklərində işləyir. Ermənistanla dəfələrlə Brüssel, Vaşinqton, Moskva, Soçi və digər platformalarda danışıqlar aparılıb və son zamanlarda bu danışıqlarda irəliləyişlər olduğu da görülüb".

Parlamentari qeyd edib ki, Ermənistanın baş naziri Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, Azərbaycan ərazilərini tanıdığını ifadə etməklə, bir növ konstruktiv dialoqa başlandığını göstərmiş olub: 

"Təəssüflər olsun ki, Ermənistan yalnız sözdə bunu deyib, əməldə isə sülh danışıqlarına kölgə salmaq və cürbəcür siyasi şoular yaratmaqla məşğuldur. Hal-hazırda sərhəddə baş verən hadisələr dediklərimizə bariz nümunədir. Ararat Mirzoyanın belə fikirlər söyləməsi yalnız indiki məqamda aparılan danışıqlara kölgə salır və hələ də Ermənistanın boş xəyallar qurduğunu göstərir. Qeyd etmək lazımdır ki, bu, ciddi siyasi,  taktiki yanlışlıqdır. Düşünürük ki, Ermənistan XİN bu fikirlərinin səhv olduğunu söyləyəcək və hal-hazırda gedən danışıqlar prosesinə kölgə salmayacaq. Azərbaycan öz legitim hüquqlarından istifadə edə bilər. Eyni zamanda dövlətimiz öz Konstituyasının beynəlxalq hüququn ona verdiyi gücdən istifadə edəcək. Ermənistan hal-hazırki proseslərdə yalnız böyük güclərin əlində alətdir və bu siyasətlə davam etsə, bir dövlət olaraq mövcud olması sual altına düşəcək”.

Röya RÜSTƏMLİ,

“Respublika”.