Ermənistanın növbəti ekoloji terror cəhdi
Digər xəbərlər

Ermənistanın növbəti ekoloji terror cəhdi

Metallurgiya zavodunun tikilməsi ölkəmizin flora faunasına ciddi zərərli təsir göstərəcək

Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın işğalda saxlayıb. Bu müddətdə ətraf mühitə, yeraltı yerüstü təbii ehtiyatlara ciddi ziyan vuraraq, böyük ekoloji terror törədib. Eyni zamanda ərazilərimizdə olan təbii sərvətləri talayıb, qızıl, civə, mis, qurğuşun, sink, kömür s. daxil olmaqla 163 faydalı qazıntı yatağı Ermənistan tərəfindən qanunsuz istismara məruz qalıb. İndi Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Qeyd edək ki, Arazdəyən İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olub.

Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə mənfi təsir göstərir. İşğalçı ölkənin iri mədən müəssisələri uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Düşmənin bu cür qanunsuz fəaliyyətləri Azərbaycanla yanaşı, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib. Metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Zavodun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan təbilidir. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi Azərbaycan  üçün ciddi ekoloji təhdid yaradır.

Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etmək planı geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur. Ekoloji xətti əsas götürsək demək olar ki, bu ərazilər məhv olacaq. Metallurgiya zavodunun tikintisi ilə bu ərazilərdə əhalinin məşğulluq problemi daha da dərinləşəcək, burada kənd təsərrüfatını inkişaf etdirmək heç bir müsbət nəticə verməyəcək. Ümumiyyətlə, belə bir zavodun tikintisi bu ərazinin ekosisteminin məhvinə gətirib çıxara bilər. Arazdəyəndəki metallurgiya müəssisəsinin işə düşməsi Araz çayının ərtaf mühitin çirklənməsi deməkdir. Bununla da, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan ciddi ekotəhdidlə üz-üzə qalacaq. İstənilən halda təsərrüfat fəaliyyətinin sərhədlərə yaxın yerləşməsi o deməkdir ki, onun təsir ehtimalı böyükdür. Bir ölkənin ərazisindəki təsərrüfat fəaliyyətinin hər hansı bir istehsala yaxud da digər ölkənin ərazisinə təsir etmək imkanı varsa onda bu məsələ razılaşdırılmalıdır. Bu addımla Ermənistan konvensiya hüquq normalarını pozur. Bu konvensiyaya görə sərhəddə aparılan təmir-tikinti ətraf mühitlə bağlı problem yaradacaqsa həmin ölkə ilə bu, müzakirə edilməlidir. Bu cür məsələlər beynəlxalq ekoloji hüquq normaları çərçivəsində həll olunmalıdır. Zavodun tikilməsi niyyəti bir daha onu göstərir ki, Ermənistan Azərbaycana qarşı ekoloji terroru davam etdirir.

Arazdəyən metallurgiya zavodunun illik istehsal gücünün 180 min tondan yuxarı olması gözlənilir ki, bu da kifayət qədər böyük həcmdə tullantı zəhərli qazın təbiətə ziyan vurmasına səbəb olacaq. Ekologiyaya vurulan zərər insanların sağlamlığına vurulan zərərdir.

Röya RÜSTƏMLİ,

"Respublika".