Ermənistanı silahlandırmaq müharibəyə təşviqdir
Siyasət

Ermənistanı silahlandırmaq müharibəyə təşviqdir

Avropa İttifaqı bir yandan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin formalaşmasında maraqlı olduğunun fonunu yaradır, digər tərəfdən isə Ermənistanı silahlandırmağa çalışır.

Belə ki, Avropa İttifaqının siyasi baxımdan əsas dövləti olan Fransa Ermənistan ilə oktyabr ayının 23-də hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayıb və dərhal onun icrasına başlayıb. Artıq Bastion adlı zirehli texnikanı Ermənistana göndərib. Bunun ardınca daha güclü hücum silahlarının Qərb qonşumuza göndəriləcəyi istisna deyil. Analoji addımı Kanada da atmaq niyyətini gizlətmir və müxtəlif səviyyələrdə Ermənistana dəstəyini həyata keçirir. İndi də Avropa İttifaqının "Avropa Sülh Fondu" Ermənistana silah-sursat baxımından dəstək vermək niyyətini ortaya qoyub. Ən azı kütləvi informasiya vasitələrində belə məlumat yayılıb. Adı "Avropa Sülh Fondu"dur, amma atdığı addımlar isə sülhə deyil, müharibəyə gətirib çıxara biləcək addımlardır. Və faktiki olaraq bir çox Avropa ölkələri Cənubi Qafqazda üçüncü Qarabağ müharibəsinin alovlanmasına xidmət edir. Bunun bütün məsuliyyəti heç şübhəsiz ki, Ermənistanın və onun himayədarlarının, o cümlədən Avropa ölkələrinin üzərinə düşür. Belə fondların fəaliyyəti regionda gərginliyi pik həddə gətirib çıxara bilər, çünki silahlanmış Ermənistan artıq sülhdən deyil, müharibədən danışacaq.

Son günlər Ermənistanın xarici işlər naziri, parlamentin sədri səviyyəsində də Azərbaycana qarşı ərazi iddialarını irəli sürməsi, 31 kəndi Azərbaycandan tələb etməsi kimi yanaşmalar da təsadüfi deyil və Ermənistana Fransadan, eyni zamanda, Avropa İttifaqının "Avropa Sülh Fondu" tərəfindən göstərilən "diqqət və qayğıdan" qaynaqlanır. Amma Azərbaycanın dəyişməz mövqeyi var. Biz sülh istəyirik. Biz müharibədə qalib gəlmişik, sülhü əldə etmək əsas hədəfimizdir.

Əgər hadisələr bu istiqamətdə inkişaf edərsə, onda doğrudan da regionumuzda vəziyyət yenidən gərginləşə bilər və onun bütün fəsadlarına görə məsuliyyət Ermənistan və onu himayə edən dövlətlərin üzərinə düşəcək.      

Elman NƏSİROV,

Milli Məclisin deputatı.