Ermənistanda xaos getdikcə güclənir
Digər xəbərlər

Ermənistanda xaos getdikcə güclənir

Ermənistan yaratdığı bataqlığa özü düşdüyünü artıq anlayır. Ölkə dağılmaq, məhv olmaq təhlükəsi ilə üz-üzədir. Siyasi gərginlik artır, xaos vəziyyəti baş alıb gedir. Müharibədə məğlubiyyət,  kütləvi şəkildə ölkəyə qayıdan köçkünlər, iqtisadi böhran ölkədə rəhbərliklə vətəndaş arasında uçurum yaradıb. Erməni əhalisinin fikrincə Paşinyan öz hakimiyyətini qorumaq üçün müharibədə gəncləri mənasız yerə qurban verdi. Artıq ermənilər övladlarını ordu sıralarına göndərməkdən imtina edirlər. Son hadisələr isə tamamilə onların inamsızlığını artırıb. Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, sərhədlərini də möhkəmləndirərək tam nəzarətə nail olub. Əlbəttə ki, ermənilər çox gözəl başa düşürlər ki, heç vaxt onların olmayan Qarabağ uğrunda aparılan müharibə mənasızdır. Hazırda Ermənistanın böyük tənəzzül yaşadığı göz qabağındadır. Hər halda Ermənistan hakimiyyəti və xalqı bir şeyi anlamalıdır ki, sülh müqaviləsini gecikdirməklə hər gün bir az da özlərini məhvə sürükləyirlər. Müharibədən məğlub ayrılan ölkənin minlərlə itkisi və fərarisi, iqtisadi çöküşü artıq Ermənistan əhalisi arasında dövlətə inamsızlıq yaradıb.

Əhali bir vaxtlar dövlətin yalançı vədlərinə inanaraq böyük ümidlə yaşayırdı. Lakin zaman keçdikcə əhali dövlətin çürük sütunlar üzərində qurulduğunu öz gözləri ilə gördü. Yaranmış vəziyyət nəticəsində hakimiyyət də özünə nəzarəti itirib. Çabalayan hakimiyyət nəsə etməyə çalışsa da artıq gecdir. Çünki hazırkı situasiya və ölkədə baş verən mövcud siyasi proseslər hakimiyyətin əleyhinə işləyir. Əhalinin dövlətə qarşı narazılığı, üstəlik də Qarabağdan qaçqın düşmüş, hələ də aqibətlərinin necə olacağını bilməyən kütlənin etirazları ölkədə vəziyyəti daha da gərginləşdirir. Əgər Qarabağda yaşayan ermənilər cəmi iki il qabaq Vardanyan və onun kimi terroristlərin şirnikləndirici vədlərinə aldanıb, nəyəsə ümid edirdilərsə, bu gün “böyük Ermənistan” kimi, Vardanyanlar da gorbagor olub. Ölkədən baş götürüb gedənlərin sayında da böyük artım var.

Artıq dünyanın siyasi meydanında və bölgədə söz sahibi olan Azərbaycan var. Bu isə Ermənistan rəhbərliyini təşvişə salıb. Bu gün Azərbaycan regionun ən sabit, yüksək inkişaf mərhələsində olan ölkəsidir. Azərbaycan dövləti hər zaman sülh tərəfdarı olub. Qonşularını da Ermənistan başda olmaqla sülhə,  əmin-amanlığa dəvət edir. Ancaq Ermənistan öz köhnə adətindən əl çəkə bilmir. İşğalçılıq siyasətini, ərazi iddiasını davam etdirir. Ermənistanın tamah dişi nə qədər iti olsa belə, Azərbaycan onu dəmir yumruqla sındırmağı bacardı.  

Ermənistan dövləti ölkədə sosial-iqtisadi böhranın öhdəsindən gələ bilmir. Əhali kütləvi şəkildə etiraz aksiyaları keçirir. Hər gün ölkə daxilində və İrəvanda terror hadisələrinin baş verəcəyi haqda məlumatlar dolaşır. Əsasən də məktəblərdə partlayışların, terror hadisələrinin olacağı insanları çox narahat edir. Etiraz edən kütlə küçələrə çıxaraq hökuməti boş vədlərdən əl çəkib, ölçü götürməyə çağırır. İnsanlar öz övladlarını nə orduda, nə də təhsil müəssisələrində dövlətə etibar edə bilmir. Əhalinin etiraz dalğası bütün ölkəni bürüyür. Yaxın günlərdə Göyçə bölgəsinin Azad kəndində baş verən yanğında həlak olan hərbçilərin valideynləri də etiraz aksiyasına qoşulmuşlar. Yanğın hadisəsində həyatını itirən 15 əsgərin valideynləri dövlətin onlara verdiyi açıqlama ilə razılaşmır və dəqiq məlumat verilməsini tələb edirlər. Dövlətlə vətəndaş arasında yaranan inamsızlıq vəziyyəti daha da gərginləşdirir. Ölkədə gərginlik səngimir, əksinə, hər gün bir az da alovlanır. Sosial-iqtisadi böhranla yanaşı, siyasi-hərbi böhran da güclənir. Ermənistanın bu vəziyyətdən çıxış yolu yalnız Azərbaycanın şərtlərini qəbul etməsidir. Erməni anaları hakimiyyətə etiraz edirlər. Övladlarının Qarabağda mənasız yerə ölməsini istəmirlər. Onlar yaxşı bilirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Sülh sazişi imzalamaq, Zəngəzur dəhlizinin açılmasına maneə törətməmək isə Ermənistanın yeganə çıxış yoludur. Əks halda, ölkədə gedən etiraz dalğaları,  xaos daha da böyüyəcək və ölkənin daxildən dağılmasına səbəb olacaq.

Ramidə YAQUBQIZI,

“Respublika”.