Qərbin Cənubi Qafqazda yeni cəbhə açmaq istəyi
Siyasət

Qərbin Cənubi Qafqazda yeni cəbhə açmaq istəyi

Son bir neçə gündür NATO-nun Avropa İnkişaf Komitəsinin sədri kimi təqdim olunan, amma əslində avstriyalı QHT sədri olan Günter Fehlinger Cənubi Qafqaz ölkələrinin NATO-ya üzvlüyü məsələsini gündəmə gətirib. O, əvvəlcə Ermənistanı alyansın sıralarına qoşulmağa çağırıb.

Bildirib ki, Co Bayden bu üzvlüyü müdafiə edəcək. Fehlinger bu çağırışa Azərbaycan və Gürcüstanı da əlavə edib, Cənubi Qafqazın 3 ölkəsini də 2024-cü ildə NATO-da görmək istədiyini qeyd edib. Özünün təqdimatında belə yanlışlığa yol verən bir siyasətçinin bu niyyəti ilk baxışdan hər nə qədər xoş səslənsə də, reallaşması indiki şəraitdə mümkün deyil. Hətta bunu tez-tez xülyalara qapılması ilə seçilən Ermənistan da başa düşür. Ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib ki, NATO-da heç kim Ermənistanı alyansa qoşulmağa çağırmayıb. Bu məqamda anlamaq lazımdır ki, Fehlingerin müraciəti alyansın rəsmi mövqeyi deyil, bu, sadəcə siyasətçinin şəxsi istəyidir.

Amma belə fikirlərin səslənməsi növbəti mərhələdə həqiqətən də Cənubi Qafqaz ölkələrinin NATO-ya üzv olub-ola bilməyəcəyi məsələsini aktuallaşdırır.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi Yücel Karauz bildirir ki, BMT Nizamnaməsinə görə, hər üç ölkənin də münaqişə içərisində olması onların hərbi təşkilata üzvlüklərini çətinləşdirir: "NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin Azərbaycan, Gürcüstan və Ermənistanı 2024-cü ildə NATO-ya dəvət etməsi ilk əvvəl diqqət çəksə də, hesab edirəm ki, ciddiyə alınacaq bir məsələ deyil. İstər Azərbaycan, istər Gürcüstan, istərsə də Ermənistan indiki halda alyansa daxil ola biləcək kriteriyalara sahib deyil. Söhbət həmin ölkələrin siyasəti, mühiti, hərbi-iqtisadi potensialından getmir. NATO Nizamnaməsinə görə, təşkilata üzv olacaq ölkələrin münaqişələrdən uzaq olması lazımdır. Amma Gürcüstanın Abxaziya, Osetiya kimi münaqişələri davam edir. Azərbaycanla Ermənistan arasında da yekun sülh müqaviləsi imzalanmayıb. Nəticə etibarilə, Fehlingerin bu açıqlaması real görünmür. Bununla belə, Azərbaycan NATO-nun sülhməramlı tərəfdaşlıq proqramının bir parçasıdır və alyans ilə çox sıx əlaqələrə sahibdir. Eyni zamanda Azərbaycanın rəsmi müttəfiqi olan Türkiyə Cümhuriyyəti də NATO üzvüdür. Bundan əlavə, Azərbaycan Avropanın bir çox dövlətləri ilə iqtisadi, hərbi əlaqələrə malikdir. Yəni bütövlükdə Azərbaycan-NATO münasibətləri müsbət olsa da, onun indiki məqamda Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olması çətin görünür. Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı həm də Qoşulmama Hərəkatının üzvüdür və bu təşkilata daxil olan ölkələr birmənalı şəkildə hərbi ittifaqlardan uzaq olmalıdır. Azərbaycan bunu əsas gətirərək həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da uzaqdır. Əslində təsadüfi deyil, müxtəlif dövrlərdə Azərbaycana həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də NATO-dan dəfələrlə təkliflər gəlib. Amma Azərbaycan hər zaman neytrallıq prinsipini qoruyub, bundan sonra da bu, dəyişməyəcək".

Jalə QASIMZADƏ,

"Respublika".