Ermənistan təxribatları ilə sülh prosesinə əngəl törədir
Digər xəbərlər

Ermənistan təxribatları ilə sülh prosesinə əngəl törədir

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub. Qəsdən törədilən təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Ermənistanın təxribatlarının hər zaman olduğu kimi, sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi qarşı tərəfin sülh prosesində maraqlı olmadığını göstərir. Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 2 gündən sonra Brüsseldə görüşməli ikən sərhəddəki təxribat birbaşa Ermənistan hökumətinin maraqlarına cavab verir: "Paşinyan son açıqlamalarının birində Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyindən narazılığını bildirmişdi. Paşinyan Ş.Mişeldən ona görə narazıdır ki, Avropa İttifaqının rəhbəri Azərbaycanla Ermənistan arasında qısa zaman kəsiyində sülh sazişinin imzalanmasını istəyir və bu zaman Qarabağ məsələsinə toxunmur. Paşinyan Aİ rəhbərinin "gəlin Brüsseldə yenidən üçtərəfli görüş keçirək" təklifinə birbaşa yox deyə də bilmir, ancaq danışıqlarda nəticə əldə edilməməsi üçün müzakirələrdən bir neçə gün əvvəl sərhəddə təxribata yaşıl işıq yandıra bilərdi.

Amma başqa bir versiya da var. Nikol Paşinyan çıxışlarının birində özü etiraf etmişdi ki, Ermənistan ordusunda "beşinci kolon" mövcuddur. Paşinyan "beşinci kolon" dedikdə hakimiyyətə tabe olmayan yüksəkrütbəli erməni hərbçilərinə işarə edib. Əgər Paşinyan ordusuna nəzarət edə bilmirsə, demək hansısa erməni generalın əmri ilə də Azərbaycan mövqeləri atəşə tutula bilər. Bu halda "Azərbaycan mövqelərinə atəş açın" əmri Brüsselin və Vaşinqtonun vasitəçiliyini pozmaq istəyən separatçı qüvvələrdən gəlib".

Jalə QASIMZADƏ,

"Respublika".