Ermənistan Rusiyanın bölgədə varlığını istəmir
Digər xəbərlər

Ermənistan Rusiyanın bölgədə varlığını istəmir

Rusiya Ermənistan arasında münasibətlər rəsmi İrəvanın açıqlamaları ilə yenidən gərginləşib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anti-Rusiya xarakterli çıxışlar edib. O bildirib ki, Ermənistan 10 noyabr Bəyanatının 9-cu bəndindən imtina edir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu bənd  Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat-kommunikasiya marşrutlarına Rusiyanın nəzarətini ehtiva edir. Həmçinin bənddə qeyd edilir ki, nəqliyyat əlaqəsi üzrə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanları tərəfindən həyata keçirilir. Qriqoryan bu bənddən imtina edəcəklərini açıqlamaqla bütün sərhəd xidmətlərini özlərinin yerinə yetirmək istədiklərinə işarə edir. Çünki Paşinyan Administrasiyası düşünür ki, "blokada" aradan qaldırmağın yeganə yolu Kremldən imtinadır.

Bəyanatın imzalanmasından 3 ilə yaxın zamanın keçməsinə baxmayaraq, Ermənistanın hələ müddəaları dəyişdirmək ümidinin olması gülüncdür. Çünki Ermənistan hələ öz sərhədlərini özü müdafiə etmir, xüsusilə Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri qoruyur ərazisində Rusiyanın bazası var. Bu da onu göstərir ki, sözügedən açıqlama təbliğatdan başqa bir şey deyil. Bu məqamda nəzərə almaq lazımdır ki, Armen Qriqoryan bu açıqlamanı baş nazir Nikol Paşinyanın Rusiyaya səfərindən sonra verib. Bu da ona işarə edir ki, Ermənistan rəsmi Moskvaya müxtəlif təzyiqlər göstərməyə, yeni rıçaqlar əldə etməyə çalışır.

Bu həm Ermənistanın Rusiyanın təhlükəsizlik çətirindən çıxıb qərbə sığınmaq istəməsi kimi şərh oluna bilər. Amma kollektiv qərb bu məqamda Ermənistana yardım əlini uzatmaq niyyətində deyil. Çünki Avropa Rusiya-Ukrayna müharibəsi səbəbindən diqqətini başqa regiona istiqamətləndirə bilmir. Həm hərbi, həm iqtisadi cəhətdən sıxıntılar yaşayan qərb Cənubi Qafqazda yalnız diplomatik təmasların hesabına var olmaq istəyir.

Ermənistanın Moskvadan imtina etmək niyyəti Avropanı əraziyə yerləşdirə bilməməsi isə geriyə bir yol qoyur. Paşinyan hökuməti mövcud reallıqla barışmalı, liderlərin qarşıdakı görüşlərində sülh müqaviləsini imzalamalı, gələcək perspektivdə isə sazişdən irəli gələn tələbləri yerinə yetirməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".