Ermənistan regionda ekoloji sabitliyi ciddi şəkildə pozur
Ekologiya

Ermənistan regionda ekoloji sabitliyi ciddi şəkildə pozur

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana açıq məktub yazıb. Məktubda davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanmasının təkcə Ermənistana deyil, həm də qonşu ölkələrə böyük təhlükə yaratdığı qeyd olunub. 24 təşkilatın ünvanladıqları məktubda rəsmi İrəvandan beynəlxalq ekoloji normaları yerinə yetirməyi, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərini tez bir zamanda dayandırmağı tələb edib. Çünki ətraf mühit üçün böyük təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiətin məhvinə, çay sularının turşulaşmasına və zəhərlənməsinə səbəb olur.

Nikol Paşinyana ünvanlanan açıq məktubda Ermənistanın ətraf mühiti çirkləndirən müəssisələrinin adları da öz əksini tapıb. Bildirilib ki, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı Dağ-Mədən Kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 60 faizi Almaniyanın "Cronimet Mining GmbH" şirkətinə məxsusdur. Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadratmetrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir. Qafan dağ-mədən kombinatı 2019-cu ildən Böyük Britaniyanın "Chaarat Gold International Limited" şirkətinin tərkibindədir və hazırda "Chaarat Kapan" adlanır. İl ərzində burada orta hesabla 1.3 milyon ton filiz emal edilir. Qafan dağ-mədən kombinatının tərkibində 4.6 milyon kvadratmetr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı region üçün təhlükə saçır. Qafan Manqan Zavodu isə nəinki Ermənistanın, dünyanın ən böyük manqan zavodlarından biridir. Zavod manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması və emalı zamanı havaya və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Bu çirkləndiricilər tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəng də daxil olmaqla bir sıra sağlamlıq problemləri yaradır. Zavod, həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir. Məktubda Amuldağ yatağının istismarının ondan 13 kilometr məsafədə yerləşən İstisu mineral bulaqlarına məhvedici zərər vurduğu isə xüsusilə qeyd olunub. Bundan əlavə, sözügedən yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir ki, həmin çaylar da Azərbaycan ərazisindən keçərək Araz çayına, oradan da Xəzər dənizinə tökülür. Yəni bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

Məktubu imzalayan şəxslərdən biri, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva ictimaiyyətə açıqlamasında bildirib ki, Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Nikol Paşinyana ünvanladığı 60-dan çox məktub cavabsız qalıb. Hətta ekofəallar qanunsuz şəkildə fəaliyyət göstərən Amuldağ qızıl yatağının işinin dayandırılması barədə prezident administrasiyasının qarşısında piket də keçiriblər. Amma mədən bir neçə dəfə bağlansa da, sonradan onun fəaliyyəti bərpa edilib. Həmin ekofəalların cəzalandırılması ilə bağlı xarici mətbuatda da dəfələrlə xəbərlər dərc olunub. Bu səbəbdən də 24 QHT Paşinyana məktub göndərərək ətraf mühitin qiymətləndirilməsi üzrə BMT-nin Espoo konvensiyasının və Transsərhəd Çaylar Konvensiyasının tələblərinin Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulduğunu bildirib.

Məktubda ekosistemə zərərli müəssisələrin istismarına dair beynəlxalq qanunvericilik də Nikol Paşinyanın diqqətinə çatdırılıb. Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusən "Yaxşı Səhiyyə və Rifah" üzrə 3-cü, "Təmiz su və Sanitariya" ilə bağlı 6-cı, Məsuliyyətli İstehsal və İstehlak üzrə 12-ci, "İqlim Dəyişikliyinin Fəsadlarına qarşı Mübarizə"yə dair 13-cü, "Torpaq Ekosisteminin Mühafizəsi" üzrə 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.

Yekunda onu da qeyd etmək lazımdır ki, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu addımı təqdirəlayiqdir. Ekologiyanın qlobal səviyyədə əhəmiyyətli dərəcədə korlandığı bir dövrdə belə preventiv addımların atılması zəruridir. Amma Paşinyana ünvanlanan məktubda adları qeyd olunan mədənlərə əsasən Qərb dövlətləri investisiya qoyur. Bu səbəbdən də investor dövlətlər və onların müvafiq şirkətləri də məsuliyyətli olmalı, öz fəaliyyətlərini beynəlxalq norma və prinsiplərə uyğun şəkildə təşkil etməlidirlər.

Jalə QASIMZADƏ,

"Respublika".