Ermənistan demoqrafik təhlükə ilə üz-üzədir
Siyasət

Ermənistan demoqrafik təhlükə ilə üz-üzədir

Sabaha inamın olmaması ölkəni tərk edənlərin sayını artırır

Odlar yurdu Azərbaycan yeraltı-yerüstü sərvətləri, gözəl təbiəti, göz yaşı kimi dumduru bulaqları, başı qarlı dağları ilə hər zaman diqqət çəkib. Tarixin müxtəlif dövrlərində ana yurdumuzun yadellilərin işğalına məruz qalması, xalqımızın başına min cür müsibətlərin gətirilməsi də yağıların barlı-bərəkətli torpaqlarımıza sahiblənmək istəyindən irəli gəlib. Lakin xalqımızın mərd oğulları, qəhrəman övladları hər zaman Vətən yolunda, onun hər qarış torpağı uğrunda canlarını belə əsirgəməyiblər. Torpaq müqəddəs sayılıb bizim ellərdə.

Zamanın gərdişində dövranını sürmüş, dünyanın hər üzünü görmüş ulu babalarımızın vətən haqqında söylədikləri müdrik kəlamları saymaq, sadalamaqla bitməz. Xalqımızın elinə, gününə, Vətəninə bağlılığını ehtiva edən, qısa bir fikirdə böyük məna daşıyan "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" deyimi ana yurdumuzun gözəlliyinin, bənzərsizliyinin ifadəsidir. Bir xalq, millət hansı gözəlliyə, möhtəşəmliyə sahib olmalıdır ki, insan dünyanın harasında olursa-olsun öz vətənini, torpağını dünyanın yeddi möcüzəsindən üstün sansın, hətta son nəfəsini belə o yerlərdə vermək istəsin. Bəli, bura Vətəndir - gülü bitən, əlim çatan, ünüm yetən Vətən...

Doğma Vətənində yaşamaq, adı çəkiləndə o torpağın övladı olduğun üçün fəxr etmək, qürur duymaq bəşər övladının ən böyük xoşbəxtliyidir. Bəs Vətənsiz olmaq, hardan gəlib-hara getdiyini bilməmək? Kimin torpağında yaşadığını bilməmək və yaşadığın üçün kimlərinsə köləsi olmaq necə? Bu taleyin ən qəddar, acımasız yazısıdır…

Uca yaradan mənfur qonşularımızın qismətinə də belə bir tale yazıb. Tarix boyu yeri-yurdu, soyu-kökü bəlli olmayan, dünyanın dörd bir tərəfinə səpələnən, harda məskunlaşsalar oranı özlərinə Vətən hesab edən ermənilərin son dayanacaqları isə qədim Azərbaycan torpağı İrəvan olub. Bunu bütün dünya bilir. Çar Rusiyası dönəmində kütləvi şəkildə Cənubi Qafqaza köçürülən, Azərbaycanın əzəli və tarixi torpaqlarında məskunlaşdırılan bu toplum özlərinə yer etdikdən sonra süni şəkildə Ermənistan adlı dövlət qurmuş, sonralar ərazilərini genişləndirmək məqsədilə, tarixin ayrı-ayrı mərhələlərində xalqımıza qarşı soyqırımı, deportasiyalar həyata keçirmiş, "böyük Ermənistan" xülyası ilə oynamadıqları oyun qalmamışdı. Qonşu sarıdan bəxti gətirməyən xalqımız nə qədər insanpərvərlik, sülhsevərlik, humanistlik nümayiş etdirsə də, erməni erməniliyindən dönməmiş, ərazi iddialarından əl çəkməmişdir. Bu, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə dəfələrlə təkrarlanmış və nəhayət, ötən əsrin axırlarında bu prosesin son mərhələsi reallaşmışdı. 80-ci illərin sonlarında ermənilər torpaqlarımızın 20 faizdən çox hissəsini işğal etmiş, 300 minə yaxın Qərbi azərbaycanlı tarixi torpaqlarından didərgin salınmışdır.

Torpaqlarımızı işğal altında saxlayan, bu illər ərzində şəhər və kəndlərimizi yer üzündən silən, mədəni irsimizi məhv edən, azərbaycanlı adına bütün nişanələri belə silməyə çalışan ermənilər getdikcə daha da azğınlaşır, böyük iddialara düşürdülər. 30 il erməni qəsbkarlığına səbir nümayiş etdirən, münaqişənin sülh yolu ilə həllinə çalışan Azərbaycan beynəlxalq tribunalardan, nüfuzlu qurumların iclas salonlarından işğalla barışmayacağını, ərazilərini düşməndən geri alacağını dəfələrlə bəyan etmişdi. Bəli, düz 30 ildən sonra zaman yetişdi… Azərbaycanın igid oğulları Ali Baş Komandanın rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin etdi, dövlətimizin öz torpaqları üzərində suverenliyi bərpa olundu. Qarabağda qanunsuz məskunlaşmış, Azərbaycanın ərazisində yaşayıb qanunlarına tabe olmaq istəməyən "xuntaçılar" ərazilərimizi tərk etdilər. İndi isə vaxtilə Azərbaycandan qoparıb özlərinə vətən etdikləri İrəvandan başqa ölkələrə üz tuturlar.

Statistik rəqəmlərə görə, ötən il 36 512 vətəndaş Ermənistanı tərk edib. Son üç ildə isə 138024 nəfər ölkədən köçüb. Ermənistan parlamentinin deputatı, "Alternativ layihələr qrupu"nun üzvü Elinar Vardanyan məqaləsində yazır: "Bunlar sadəcə, rəqəmlər deyil. Göstəriciləri təhlil edəndə bəlli olur ki, ermənilər ölkəni kütləvi şəkildə tərk etməkdədir". Birləşmiş Ştatların İrəvandakı səfirliyinə "green card" almaq üçün müraciət edənlərin sayı isə olduqca çoxdur. Təbii ki, hər bir insanın başqa bir dövlətdə yaşamaq, oxumaq, işləmək üçün öz ölkəsini tərk etməsi başadüşüləndir. Lakin bu, kütləvi hal aldıqda xalqın öz dövlətinə inamının, etibarının olmadığının, ondan üz döndərdiyinin göstəricisinə çevrilir. Bu gün Ermənistan vətəndaşları nə öz gələcəklərinin, nə də ki dövlətin taleyinin etibarlı əllərdə olmadığının fərqindədirlər. Bu isə Ermənistan üçün əsl fəlakətin başlanmasıdır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın öz tarixi ərazilərini geri almasını qəbul edə bilməyən Ermənistanın "bəlkə də qaytardılar" xülyası ilə Qərbin ətəyindən yapışması, Cənubi Qafqazda öz maraqlarını təmin etmək istəyənlərin felinə düşüb üçüncü müharibə üçün sınıq-salxaq silahlarla silahlanması Paşinyan hakimiyyətinin başdan-başa yanlış siyasətinin göstəricisidir. Bunu isə yalnız siyasi elita deyil, xalq da anlayır. Uzun illərdir müharibə qorxusu ilə yaşayan, bunun fonunda sosial ədalətsizliklə üzləşən xalq artıq qurtuluş yolunu ölkəni tərk etməkdə, daha dəqiq desək, gəldiyi yerlərə geri dönməkdə görür. Ümidsizlik, ruh düşkünlüyü, sabaha inamın olmaması ölkəni tərk edənlərin sayını günbəgün artırır. Bu rəqəm gənclər arasında daha böyükdür. Ermənistanın hakimiyyət dairələrinin açıqladıqları rəsmi statistikaya görə, 44 günlük müharibədə 5 min nəfərdən artıq erməni hərbi qulluqçu həlak olub və onların əksəriyyəti 2000-2002-ci illər arasında anadan olan gənclərdir. İkinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəman oğullarının qarşısında dayana bilməyib, silahını qoyub qaçanlar isə bu gün ölkədən baş götürüb gedir.

2020-ci ildə İkinci Qarabağ müharibəsindəki kapitulyasiya, ötən ilin sentyabrında Azərbaycan Ordusunun birgünlük antiterror tədbirlərində Xankəndidə separatçı rejimin sonu, Qarabağda məskunlaşan ermənilərin könüllü köçü, əhalinin ümumi rifah halının və yaşayış səviyyələrinin aşağı olması, ölkədə kütləvi işsizlik, düzgün aparılmayan daxili və xarici siyasət, sənaye müəssisələrinin iflic vəziyyətə düşməsi ölkəni demoqrafik təhlükə ilə üz-üzə qoyub.

Xalqın böyük əksəriyyəti Ermənistanı tərk etmək arzusundadır. Görünür tarixi vətəni sonradan məskunlaşdıqları torpaqlara bağlılıq hissi olmayan ermənilər üçün yaşadıqları məkanı tərk etmək bir o qədər də çətin deyil…

Mehparə ƏLİYEVA,

"Respublika".