Ermənipərəst cəhdlər fiaskoya uğramaqdadır
Siyasət

Ermənipərəst cəhdlər fiaskoya uğramaqdadır

AŞPA-nın atdığı addımlar regionda sülh prosesini əngəlləməyə istiqamətlənib

Bu gün bəzi ermənipərəst Qərb dairələrinin qərəzli mövqelərdən çıxış edərək ölkəmizin uğur və nailiyyətlərinə kölgə salmaq cəhdləri ardıcıl olaraq fiaskoya uğramaqdadır. Azərbaycanın apardığı müstəqil siyasət kursu, ölkəmizin getdikcə artan nüfuzu, o cümlədən beynəlxalq təsisatlara rəhbərlik etmək təcrübəsi bütün mütərəqqi qüvvələr tərəfindən alqışlanır və dəstəklənir.

O cümlədən fevralın 1-də Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqun ölkəmizə səfərinin gedişində bu məqamlar öz əksini tapmışdır. Baş katib Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırmış, ölkəmizin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir etdiyini xüsusi vurğulamışdır. Həmçinin qonaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu il keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu ölkəmizin qazanmasının əhəmiyyətini bir daha qeyd etmişdir.

Təəssüflər olsun ki, Azərbaycan istər 30 il davam edən işğal dövründə, istər 2020-ci ildə apardığı Vətən müharibəsinin davam etdiyi müddətdə, istərsə də tarixi qələbəmizdən sonrakı dövrdə bəzi Avropa ölkələri, eləcə də müəyyən beynəlxalq təşkilatlar tərəfindən ikili standartlara məruz qoyulub və bu kimi cəhdlər indi də davam edir.

28 il ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin geri qayıtması istiqamətində keçmiş Minsk qrupu tərəfindən heç bir səmərəli addım atılmadı, Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Halbuki, bu istiqamətdə qətiyyətli addımların atılacağı təqdirdə, İkinci Qarabağ müharibəsinə zərurət yaranmaya da bilərdi. Lakin bu, baş vermədi, Azərbaycan öz torpaqlarını özü azad etdi. 44 günlük Vətən müharibəsi ölkəmizin qələbəsilə başa çatandan sonra da rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Buna görə də Azərbaycan 2023-cü il sentyabr ayının 19-da bütün beynəlxalq hüquq normalarını gözləməklə antiterror tədbiri keçirdi və özünün bütün ölkə ərazisində suverenliyini tam bərpa etdi. Təəssüflər olsun ki, bu gün Qərbin ermənipərəst qüvvələrinin əlində bir alətə çevrilmiş Avropa Şurası Parlament Assambleyasının atdığı addımlar sülh prosesini əngəlləməyə istiqamətlənib.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.