Erməni lobbisinin daha bir
Siyasət

Erməni lobbisinin daha bir "sanksiya" oyunu

Qərbi ağuşuna alan hay təəssübkeşliyinin əsas mərkəzlərindən biri olan ABŞ-da erməni lobbisi çirkin oyunlara davam edir.

Qarabağdan sülhməramlıların çıxarılması, həmçinin Azərbaycanla Ermənistan arasında delimitasiya prosesində razılığa gəlinməsi fonunda Cənubi Qafqazda, necə deyərlər, tərpənən daşların yavaş-yavaş yerinə oturması antipasifist diasporu narahat etməyə başlayıb. Ölkəmizə qarşı dünyanın nəhəng dövləti olan ABŞ vasitəsilə təzyiqlər göstərməyə çalışan Amerika ermənilərinin Milli Komitəsi (AEMK) süjet xəttinə bir qədər dəyişiklik etməklə forma və məzmunu qoruyub saxlayır. Bu dəfə də ABŞ Konqresində azərbaycanlı məmurlara qarşı sanksiya tələbi ilə çıxış edən diaspor köhnə bayatıları səsləndirib.

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Layihənin müəllifi isə bu ölkədəki erməni diaspor təşkilatının fəal lobbiçisi hesab olunan Dina Titusdur. Qərəzli sənəddə İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə böyük qəhrəmanlıq və şücaət göstərən hərbçilərin, məhkəmə hakimlərinin və yüksəkrütbəli məmurların adları var. Hər dəfə yeni bəhanələrlə ABŞ-ı Azərbaycana qarşı təzyiqlər göstərməyə təhrik edən AEMK bu dəfə də öz boşboğazlığından əl çəkməyib.

Erməni lobbisi ABŞ vasitəsilə Azərbaycanı daxildən parçalamaq planları qurur. Belə ki, sanksiya xəbərinin ardından ölkəmizdə maliyyələşdirdiyi ucdantutma şəxslər bu addıma sevinərək öz erməni "sevgisi"ni nümayiş etdiriblər. İqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasına görə Azərbaycan hökumətinə təşəkkür etmək əvəzinə, bunu guya "Azərbaycanın sanksiyalardan çəkinməsi" kimi qələmə verməyə çalışanlar bu xalqın ən böyük düşmənləri, sapı özümüzdən olan baltalardır. Lakin həmin şəxslər də "ac toyuq yuxusunda darı görər" məsəlinə çox inanmaq istəmirlər, çünki "Azərbaycana sanksiyalara baxış aktı" sənədi həmişəki kimi bir neçə mərhələdən keçməlidir. Sonda isə ABŞ Prezidenti Cozef Baydenə çatası sənədin hekayəsinin yolu qaranlıqdır. Ən əsası, Birləşmiş Ştatların Cənubi Qafqaz marağını nəzərə alsaq, Ağ Evin regionun ən güclü dövləti olan Azərbaycanla münasibətləri kəskin pisləmək kimi düşüncəsinin olmadığını görərik. Çünki bölgədə hər kəs bizimlə hesablaşır və ABŞ asanlıqla özünü oda atmaz.

İkinci Qarabağ müharibəsindən sonra reallığı dərk edən erməni əhalisi Azərbaycanın dədə-baba torpaqlarının onlara məxsus olmadığı gerçəyi ilə barışmağa başlayır. Son olaraq 4 kəndin də Azərbaycana qaytarılması regionda sülh çırağının yanacağına bir işarədir. Qalib ölkəmiz həmçinin ötən il Qarabağda xunta rejiminin mövcudluğuna son qoymuş, burada yaşayan əhaliyə reinteqrasiya fürsəti vermişdi. Hadisələrin müsbət axarda irəlilədiyi bir prosesdə ABŞ-da mövqe tutan erməni diasporu mismar vurulan separatçılıq tabutunu torpağın altından çıxarmağa cəhd edir. Bunun üçün isə ən ideal variant bütün təkliflərə açıq olan ABŞ Konqresidir. "Azərbaycana sanksiyalara baxış aktı"nın müəllifi olan Dina Titus da bu yolla lobbinin "könlünü şad etməyə" çalışır. Elə bu səbəbdəndir ki, o, bu tipli "xidmətlərinə" görə Amerika Erməni Milli Komitəsi (AEMK) tərəfindən ən yüksək balla (A+) qiymətləndirilib. Bu sənədin ortalığa çıxma tarixi də təsadüfi seçilməyib. Belə ki, aprelin 24-də qondarma "erməni soyqırımı"nın ildönümü ərəfəsində ortalığa atılan sənəd məkrli planları bir daha üzə çıxarır. "Məzlum erməni xalqı"na dəstək verməyə çalışan Titus lobbinin çirkli pulları ilə tutuquşu cildinə düşür. Lakin bu çirkli oyunların nəticəsi həmişəki kimi sıfıra bərabərdir.

Ölkəmizin son dövrlərdə artan uğurlarından narahat olan xarici qüvvələr min cür məkrli niyyətlər güdürlər. Təəssüf ki, ölkəmizdə mövcud olan bəzi "müxalifətçilər" Azərbaycanın daxildən parçalanma cəhdlərinə qəsdən və ya bilmədən dəstək vermiş olur, milli maraqlarımızı kobud şəkildə tapdalayırlar. Onsuz da ABŞ adları qeyd olunan şəxslərin "qara siyahı"ya alınmasında maraqlı deyil. Çünki Ağ Evin Cənubi Qafqaz üçün xüsusi planları var. Azərbaycanın NATO-ya qoşulması Birləşmiş Ştatlar üçün uğur hesab olunar, ölkəmizlə sıx müttəfiqlik bu dövlətə ancaq xeyir gətirə bilər, nəinki sanksiyalar yolu. Lakin erməni diasporunun "yanğı"sı sönmək bilmir. Hər dəfə eyni məzmun, eyni süjet xəttilə təxribata əl atan qüvvələr yekunda fiaskoya uğrayaraq geri çəkilir. Sözsüz ki, bu təxribat da öncəkilərdən fərqlənmir...

Tacir SADIQOV,

"Respublika".