Enerji əməkdaşlığı – “gələcək üçün investisiya”
Siyasət

Enerji əməkdaşlığı – “gələcək üçün investisiya”

Qlobal enerji dinamikasının dəyişdiyi və geosiyasi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq ön plana çıxır. Müstəqilliyimizin bərpasından sonra yaranan və sürətlə inkişaf edən əməkdaşlıq müasir dövrdə öz bəhrəsini verir. Avropa Komissiyası tərəfindən irəli sürülən flaqman təşəbbüslər Azərbaycanın növbəti onillikdə sosial-iqtisadi inkişafının milli prioritetləri ilə üst-üstə düşür. Belə ki, Aİ Azərbaycanı əsas xarici ticarət tərəfdaşı olaraq görür və öz növbəsində Azərbaycan da Aİ üçün Avropa-Asiya bağlantısının əsas həlqəsi və enerji təchizatçısıdır.

Hər iki tərəf iqtisadi çiçəklənmə və enerji təhlükəsizliyi üçün vacib olan strateji tərəfdaşlığa imza atıblar. Respublikamız Aİ-də təmsil olunan ayrı-ayrı ölkələrlə intensiv təmaslara malikdir və 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə birlikdə 18 iyul 2022-ci il tarixdə strateji tərəfdaşlıq barədə razılaşmanın imzalanma mərasimində Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Bu il martın 1-də keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci iclasında öz təsdiqini tapan bu tərəfdaşlıq, əsasən enerji əməkdaşlığı sahəsində praktik nailiyyətlər, ortaq məqsədlər üzərində qurulub. Aİ-nin Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı səyləri onun ölkəmizlə uzunmüddətli strateji enerji əməkdaşlığında sadiqliyinin göstəricisidir.

Hazırkı geosiyasi hadisələr fonunda enerji təhlükəsizliyi Aİ məkanına daxil olan ayrı-ayrı ölkələr üçün həyat əhəmiyyətli məsələyə çevrilib. Zəngin resurslara malik olan Azərbaycan qoca qitənin enerji daşıyıcılarına və mavi yanacağa artan tələbatını müəyyən həcmdə qarşılamağa qadirdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında olan tərəfdaşlıq təmiz enerjiyə keçid istiqamətində də sürətlə genişlənir. Ölkəmiz bərpaolunan enerji sahəsindəki davamlılıq və iqlim dəyişmələri ilə mübarizəyə sadiqdir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi təmiz enerjiyə keçiddə regional lider kimi rolumuzu bir daha təsdiqləyir və imkanlarımızın daha da genişləndirilməsinə böyük stimul verir.

Enerji tərəfdaşlığı bərpaolunan enerji sektorunun inkişafı üçün əlverişli zəmin formalaşdırmaqla yanaşı, həm də  Azərbaycanın Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verməsinə xidmət edir.

Hazırda dünyada yaşanan iqlim dəyişmələri fonunda enerji transformasiyasının aktuallığı getdikcə artır. Artıq bir sıra ölkələr özünün enerji təhlükəsizliyini şaxələndirmiş, o cümlədən də bərpaolunan mənbələrdən alınan enerji hesabına təmin etməyə böyük səy göstərirlər. Bu baxımdan Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr dünya üçün həyati önəm daşıyır. Başda Avropa İttifaqı olmaqla, ölkəmizlə əməkdaşlıq etmək və mövcud tərəfdaşlığı daha da gücləndirmək istəyən aktorların sayı durmadan artır. Bu da ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, gələcək üçün investisiya töhfəsi ilə bütün dünyaya nümunə rolunu oynayır.

Tacir SADIQOV,

“Respublika”.