Oktyabr ayının 15-i ölkəmizin ərazi bütövlüyü uğrunda başlamış 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan biri- əslən Cəbrayıl rayonundan olan Hüseyn Akif oğlu Həmidzadənin doğum günüdür. Hüseyn Həmidzadə 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Suraxanı rayonu 280 nömrəli məktəbin birinci sinfinə qədəm qoyub, 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirmiş, 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdı. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olmuşdur.
27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl Rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 1 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Hüseyn Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. Azərbaycan Prezidentinin Sərəncamı ilə Həmidzadə Hüseyn Akif oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Tofiq HÜSEYN,
“Respublika”.