Düşmən öz çirkin niyyətinə nail ola bilməyəcək
Digər xəbərlər

Düşmən öz çirkin niyyətinə nail ola bilməyəcək

Əsrlər boyu havadarlarına arxalanan ermənilər ən gözəl və bərəkətli torpaqlarımızda məskunlaşıb, pənah gətirdikləri torpağa xəyanət edərək Azərbaycanın dilbər guşəsi olan qədim Qarabağı işğal etmişlər. Azərbaycanın əzəli torpaqları olan Qarabağ və yeddi rayon 30 ilə yaxın işğal atında olsa da 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük müharibə Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

Azərbaycan sülh tərəfdarıdır. Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi Azərbaycanın öz suveren ərazisində aprel ayından fəaliyyətə başladı. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Lakin bunu həzm edə bilməyən Ermənistan tərəfi Laçın yolundan sui-istifadə etməyə cəhd göstərir. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Yəni Ermənistanda silahlı birləşmələrin və minaların bu yol vasitəsilə Qarabağa daşınması həyata keçirilirdi. Bütün bunlar bir daha göstərir ki, Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün deyil, hərbi məqsədlər üçün istifadə edilirdi. Bu isə heç bir beynəlxalq hüquq normalarına uyğun gəlmir.

Qeyd etməliyik ki, Ermənistana daim ən böyük dəstək Rusiyadan gəlib. Sadəcə onlar istəyirlər ki, həm Rusiyanın, həm də Qərbin dəstəyindən yararlansınlar. Qərbin dəstəyinə tam əmin olduqları təqdirdə, əvvəlki himayədarları olan Rusiyaya arxa çevirməyi düşünürlər. Onlar istəyirlər ki, hər tərəfdən yardım alsınlar və bunun nəticəsində yaşasınlar. Ermənistan hakim partiyasının, deputatlarının və onların tərəfdaşlarının birmənalı Rusiyaya qarşı çıxması məhz özlərinə Qərbdə müəyyən arxa tapmış olduqlarını göstərir. Hazırda Rusiya və Ermənistan arasında münasibətlər yenidən gərginləşib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anti-Rusiya xarakterli çıxışlar edib. O bildirib ki, Ermənistan 10 noyabr Bəyanatının 9-cu bəndindən imtina edir. Qriqoryan bu bənddən imtina edəcəklərini açıqlamaqla bütün sərhəd xidmətlərini özlərinin nəzarətində saxlamaq istədiklərinə işarə edib. Çünki Paşinyan Administrasiyası düşünür ki, "blokada"nı aradan qaldırmağın yeganə yolu Kremldən imtina etməkdir.

Rusiya Azərbaycan üçün xüsusi əhəmiyyətə malik strateji tərəfdaşdır. Bir sıra qlobal və regional məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Rusiya ilə Azərbaycan arasında mövcud əlaqələr həm rus, həm də Azərbaycan xalqlarının maraqlarına cavab verir. Ermənistanın baş naziri Nikol Paşinyan isə Rusiya ilə Azərbaycanı üz-üzə gətirməyə çalışır.

Məlum məsələdir ki, sülhməramlılar bölgədə yaşayan ermənilərə kömək edir, dəstək verir. Amma buna baxmayaraq, Ermənistan tərəfi rus sülhməramlılarının qərəzli mövqe tutduğunu, Azərbaycan tərəfdən çıxış etdiklərini iddia edirlər. Bir sözlə, son illərdə Qərbə, Hindistana yönələn Ermənistan artıq Rusiyaya məhəl qoymur və Qərb qüvvələrinə sığınır. Bunun nəticəsidir ki, Ermənistan son dönəmlər KTMT-yə qarşı etiraz nümayiş etdirir. Ölkəmizin regionda yüksək nüfuzu Ermənistanda ciddi narahatlıqlar yaradır. Buna görə də, sözdə ərazi bütövlüyümüzü tanısalar da rəsmi sənədlərdə bunu hələ ki, təsbit etmirlər. Əsassız şaiyələr yaymağa çalışır, humanitar yük adı altında Qarabağa qanunsuz silah-sursat keçirmək istəyirlər. Azərbaycan buna əsla icazə vermir. Humanitar yük məsələsinə görə Rusiya və Azərbaycanı qarşı-qarşıya qoymağa çalışan Paşinyan əsla öz çirkin niyyətinə nail ola bilməyəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".