Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib
Region

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirib. Tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak edib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərasimdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyini vurğulayıb. Həmçinin sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib.

Görüşdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Raqif İsrayılov 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələrini çatdırıb.

Müşfiq MİRZƏ,

“Respublika”.