Dostluğa və hörmətə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri
Siyasət

Dostluğa və hörmətə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri

Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Bu sırada tarixi bağlılıq, siyasi dvidendlər, lobbi maraqları, iqtisadi avantajlar, o cümlədən enerji əməkdaşlığı, investisiya cəlbediciliyi, yeni ixrac bazarları, geniş turizm potensialı, kadrlar və intellektual məhsulların ixracı və s. bu kimi məqamları xüsusi qeyd edə bilərik.

Ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri İKT-nin və digər beynəlxalq təşkilatların toplantılarında daim birmənalı mövqe tutmuş, Azərbaycanın haqq işini müdafiə etmişdir.  Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi köklərə malik olan və mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri olmuşdur. 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımış BƏƏ ilə ölkəmiz arasında 1992-ci il sentyabrın 1-də diplomatik münasibətlər qurulmuşdur.  Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. 1997-ci ilin iyununda BƏƏ Dövlət Mülki Aviasiya Departamenti prezidentinin Azərbaycana səfəri zamanı Dubay-Bakı hava xəttinin açılışı olmuşdur. Hava xəttinin açılması ticarət əlaqələrinin genişlənməsinə şərait yaratmışdır.

İki ölkə arasında münasibətləri genişlən

dirmək məqsədilə 1997-ci ildə BƏƏ-də Azərbaycanın səfirliyinin açılması haqqında qərar qəbul edilmişdir. 2001-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikasının səfirliyi BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərməyə başlamış, 14 mart 2012-ci ildə Dubay şəhərində Baş Konsulluq təsis edilmişdir.  Uzun illərdir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri BMT, İslam Konfransı Təşkilatı və digər nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Eyni zamanda ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Hazırda Azərbaycanda 350-dən artıq BƏƏ investisiyalı kommersiya qurumu qeydiyyatdadır.

Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payı var. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan   bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən "yaşıl enerji"nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bu sahənin inkişafında BƏƏ ilə əməkdaşlığımız xüsusi çəkiyə malikdir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı üzrə bütün dünyada məşhur olan şirkətlərdən biridir və ölkəmizdə bu sahəyə investisiya qoyuluşunda maraqlıdır. Şirkətin fəaliyyət coğrafiyası 30-dan çox ölkəni əhatə edir.  Qaradağ Günəş Elektrik Stansiyası da məhz bu şirkət tərəfindən ərsəyə gətirilib.

Oktyabrın 26-da açılış mərasimi keçirilən Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Sevindirici haldır ki, Azərbaycan ilə BƏƏ arasında bərpaolunan enerji məsələsindəki əməkdaşlıq qarşıdakı dövr üçün də inkişaf xətti qazanıb. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilib.

Azərbaycan müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığı davam etdirir, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələrin yeni mərhələyə yüksəlməsi istiqamətində səylərini əsirgəmir. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, iki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və hər iki ölkənin vətəndaşlarının rifahına xidmət göstərəcək.

Aiza ŞABANOVA,

"Respublika".