Demokratiyanın “taxtabitili” yuvası
Siyasət

Demokratiyanın “taxtabitili” yuvası

Bu yaxınlarda dünyanın xəbər agentlikləri belə bir məlumat yaydılar ki, Fransanı taxtabiti basıb, indi fransız xalqı kef etmək yerinə bu ağıllı böcəklərlə mübarizə aparır. Ağıllı ifadəsini ona görə dedim ki, taxtabiti çox gözəl məkan seçib. Qərbdən vurub Şərqdən çıxan, uzun illərdir ki, Afrikada bəzi xalqlara zülm edən, bir neçəsini müstəmləkəsində saxlayan, haqqı danaraq şər və böhtanı müdafiə edən, ermənidən çox ermənilik edən Makron hakimiyyətinin siyasəti onsuz da elə taxtabiti iyi verir. Taylı tayın tapar, deyiblər. İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbədən sonra Fransanın hakim dairələrinin sancı çəkdikləri özünü büruzə verdi, 19 sentyabrda Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı separatçıların təslim olmaları deyəsən onların sancısını daha da şiddətləndirib.

Makronun və Fransa senatının ciddi cəhdlə müdafiə etmək istədikləri separatçı ermənilərdən və Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrindən təhvil alınan silahların sayı erməni məkrinin və erməni terrorunun çirkin mənzərəsini aydın göstərir. Separatçılar və terrorçular ağ bayraq qaldırandan sonra Rusiya sülhməramlı kontingenti Qarabağdakı ermənilərdən 7 min atıcı və tank əleyhinə silah, 84 zirehli texnika, 1 ədəd PUA və 58,5 milyon patron toplayaraq Azərbaycana təhvil verib. Xeyli silah-sursat da döyüş zamanı məhv edilib. Azərbaycan polisi isə qoyub qaçdıqları erməni mövqelərindən kifayət qədər silah-sursat tapır. Qarabağda böyük bir cəbbəxana yaradan erməni separatçılarını Fransa prezidentinin müdafiə etməsi əslində onların çürük məsləyindən, əqidə birliyindən xəbər verir.

Heç kəsə sirr deyil ki, Fransa dünyada müstəmləkəçi dövlət kimi tanınır. Dünya tarixinin səhifələrində Fransa müstəmləkəçi, işğalçı, ərəblərə qarşı soyqırımı törədən dövlət kimi rüsvay olub. Təkcə işğal etdiyi Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən Fransa öz keçmişinin qara və iyrənc ləkələrindən utanmaq yerinə azərbaycanlılara qarşı soyqırımı törədən, torpaqlarımızı 30 ildən çox işğalda saxlayan, şəhərləri və kəndləri xarabalığa çevirən təcavüzkar Ermənistanı və Qarabağdakı separatçı xunta rejiminin həbsdə olan "lider"lərini müdafiə etmək üçün sərsəm və qərəzli bəyanatlar səsləndirir, Azərbaycan əleyhinə kirli təbliğat aparır, Cənubi Qafqazda suyu bulandırmağa çalışır. Taxtabitli demokratiyası ilə Fransa imperiya xislətindən əl çəkmək istəmir. Fransanın canfəşanlığı onu göstərir ki, erməni diasporunun əlləri lap əvvəldən Makronun cibindədir.

Deyirlər ki, ən yaxşı bələdçi tarixdir. Uzun illər Afrika ölkələrinin böyük əksəriyyətini işğal altında saxlayan Fransa həmin ərazilərdə hərbi bazalar yerləşdirib və onun müstəmləkəçilik siyasətinə qarşı həmin ölkələrdə baş verən etirazlara biganə qalır. 1769-cu ildə Fransa Korsika adasını işğal edib və Korsikanı özünün müstəmləkəsi elan edib. İki əsrdən çoxdur ki, onların azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbs edilir, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Qeyd edək ki, Korsika Fransanın 18 bölgəsindən biri sayılır. 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur. Fransanın ən yoxsul bölgəsi olan Korsika adasının sakinlərinin tələbləri bəllidir - muxtariyyətin genişləndirilməsi, siyasi məhbuslara amnistiya, Fransa Konstitusiyasında Korsikaya xüsusi yer ayrılması, Korsika dilinin Konstitusiyada rəsmi dil kimi təsbit olunması. Lakin və çox təəssüf ki, Fransa hökuməti korsikalıların haqlı tələblərinə göz yumur, azadlıq istəyən xalqa qarşı repressiyalar həyata keçirir. Vicdanlı fransız şərhçilər bildirirlər ki, korsikalıların hüquqlarını heçə sayan hakimiyyət başqa ölkələrdə eyni tələb və ideyalara dəstək verir. Qəribə deyilmi? Bəli, qəribə və utancvericidir. Bundan başqa, Fransa Yeni Kaledoniyanı 70 ildir ki, müstəmləkə kimi idarə edir. Orada yaşayan kanak xalqı bir əsrə yaxın müstəmləkə tarixinə son qoymaq istəyir və bildirirlər ki, fransız xalqının düşməni deyilik, sadəcə fransız buxovlarından azad olmaq istəyirik. Makron bu çağırışlara göz yumur, ancaq erməni separatçılarının dərdini çəkir, Azərbaycanı etnik təmizləmədə və soyqırımında ittiham etməyə cəhdlər edir. Müsyo, özünü yorma, cibindəki çirkli pulların səsi artıq bütün dünyada eşidilir. Antiterror tədbirlərindən sonra Xankəndini və ətraf əraziləri tərk edən ermənilərin jurnalistlərə dediyi sözlər yəqin ki, Makronun qulağına çatıb, əgər çatmayıbsa təkrar edə bilərik. Qarabağın erməni sakini Arnold Anderyan sərhədi keçərkən deyib ki, şəxsən mənə azərbaycanlılardan heç bir ziyan dəyməyib. Çox istərdim ki, iki xalq arasında dostluq münasibətləri olsun. Azərbaycanlılarla yaxşı münasibətləri olduğu üçün əlinə silah alaraq vuruşmayıb. Armen deyir ki, mən Şuşanın Daşaltı kəndində anadan olmuşam. Daha sonra Xankəndiyə köçmüşük və 45 ildir ki, burada yaşayırıq. Ermənistana keçid üçün bizə heç bir problem yaradılmadı. Könüllü şəkildə Xankəndini tərk edirik. Lakin birdəfəlik getməyim isə sual altındadır. Bəlkə geri qayıtdım. Armen kimi onlarla erməni bu fikirləri səsləndirib. Ermənilərin etirafını qulaqardına vuran, separatizmə müxtəlif yollarla dəstək verən Makron hakimiyyəti açıq-aşkar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına mane olur, bölgədə yeni müharibə ocağı alovlandırmaq niyyətində olduğunu gizlətmir.

Ermənipərəstlərə, erməni lobbiçilərinin pulları hesabına danışan senatorlara, öz vətəndaşları tərəfindən sifətinə şillələr dəyən, üz-gözü yumurta sarısına boyanan Makrona bir daha xatırladaq ki, Azərbaycan Ordusunun bölmələri sentyabrın 19-da keçirilən və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı heç bir mülki obyekt hədəf seçilməyib və dinc insanlara qarşı güc tətbiq edilməyib. Əksinə, Qarabağda yaşayan erməni əsilli sakinlərin bütün hüquqlarının qanunlarımızla qorunacağı və ərazilərimizin tərk edilməsinə ehtiyac olmadığı bildirilib. Ermənistana getmək istəyən hayların yaşamaq yeri seçiminə hörmətlə yanaşılaraq onlara humanitar dəhliz açılıb. Azərbaycan dövləti sentyabrın 19-dək Xankəndiyə humanitar yardımların göndərilməsini və bütün ehtiyacların dövlətimiz hesabına ödənilməsini təklif edib. Amma separatçılar Azərbaycandan yardım almayaraq vəziyyəti süni şəkildə gərginləşdirir, öz həmyerlilərini qorxu və təhdid altında saxlayırdılar. Ermənistan və Fransanın ermənilərin Qarabağı könüllü şəkildə tərk etməsinə etnik təmizləmə donu geyindirməyə çalışması absurddur, hiylədir, böhtandır, qarayaxmadır, şantajdır, riyakarlıqdır və alçaqlıqdır. Sentyabrın 29-da Azərbaycanın dəvəti ilə BMT missiyasının Qarabağa ilk səfərindən əldə edilən məlumatlar təsdiq edir ki, Qarabağın erməni əhalisinə qarşı pis rəftarla bağlı heç bir hal qeydə alınmayıb.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə keçirilən iclasda məlumat verib. Diplomat qeyd edib ki, bu, BMT-nin son 30 ildə Qarabağa ilk missiyası idi. Azərbaycan və BMT 90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı etnik təmizləməni sənədləşdirmək üçün işğal illərində dəfələrlə bu ərazilərə çıxış əldə etməyə cəhd göstərib, lakin Ermənistan BMT-yə və ya hər hansı digər dövlətə imtina edib.

Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman silahlı qüvvələrimizin bölmələri Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib, 30 illik erməni işğalına son qoyub. Ermənilər tərəfindən xarabalığa çevrilən və qaranlığa bürünən Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri sürətlə davam etdirilir, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışı başlayıb, heç kimdən kömək almadan hökumətimiz işğalın və hərbi təcavüzün yaralarını sarıyır, uzun illər lal sükuta bürünmüş yerlərə işıqlı həyat qayıdır. Azərbaycanın inkişaf və tərəqqisi taxtabiti iyi verən fransız "demokrat"ların çirkli niyyətlərini alt-üst edir.

Salman ALIOĞLU,

"Respublika".