Demokratiyadan uzaq sammit
Digər xəbərlər

Demokratiyadan uzaq sammit

29-30 mart tarixlərində ABŞ-ın təşkilatçılığı ilə II Demokratiya Sammiti keçirilmişdir. Tədbirə dəvətlilər arasında demokratiyanın haqqını verən ölkəmizin yer almaması fonunda, demokratik prinsiplərlə uzaqdan-yaxından bir əlaqəsi olmayan dövlətlərin iştirakı gülüncdür.

Amma sammitdə adı hər zaman terrorla yanaşı hallanan Ermənistan da iştirak etmişdir. Ermənistandakı aksiyalar zamanı polisin həm etirazçılara, həm KİV nümayəndələrinə qarşı sərt davranışı sosial şəbəkələrdə, internet platformalarında geniş yayılmışdı. Şübhəsiz, ABŞ da bütün bunların fərqindədir. Görünür, sadaladığımız faktlar ABŞ üçün xüsusi əhəmiyyət kəsb etmir, çünki sammitin əsas təşkilatçısı USAID onun ermənipərəst rəhbəri Samanta Poverdir. Əlavə olaraq, Baydenin prezident seçildiyi gündən bəri tarixə nəzər salsaq, administrasiyaya qatı ermənipərəst şəxslərin gətirildiyini görmək mümkündür. ABŞ prezidenti ilə eyni millətin nümayəndəsi olan bu xanım da həmin ermənipərəstlərdən biridir. Samanta Poverin vaxtilə Sorosla da sıx əməkdaşlığı olmuşdur. Poverin əlaqələri sadəcə bununla yekunlaşmamış, o, Corc Sorosa məxsus Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşdirilən səfərlər hesabına karyerasında irəliləməyi bacarmışdır.

Bundan başqa, Baydenin etibarlı dostu Samanta daim erməni soyqırımı məsələlərinə dəstək nümayiş etdirmişdir. Sammitin biabırçılığı sadəcə bununla da yekunlaşmır. Belə ki, Macarıstanın da sammitə dəvət edilməməsi Budapeştin növbəti dəfə təklənməsi istiqamətində atılan addımlardan biri oldu. Ən diqqətçəkən məqamlardan biri ABŞ-ın sözdə özünə müttəfiq hesab etdiyi Ukrayna müharibəsində qlobal əhəmiyyətli rolu öhdəsinə götürmüş Türkiyənin tədbirə çağırılmaması idi. Güman olunur, ABŞ öz aləmində Türkiyədə keçiriləcək seçkilərə təsir göstərməyə çalışır. Bundan başqa, Gürcüstan hökumətinin deyil, məhz Salome Zurabişvilinin dəvəti maraq doğuran məqamlardan biri idi. Çünki ABŞ-ın Gürcüstan hökumətinin siyasətindən razı olmadığı bəllidir. Bütün bunlar sammitə dəvətin hər hansı bir ölkənin demokratiya indeksi kimi qəbul edilə bilməyəcəyini bir daha təsdiqləyir. Azərbaycan, Türkiyə, Macarıstan kimi dövlətlərin Demokratiya Sammitindən kənarda saxlanılması tədbirin əsl mahiyyətinin göstəricisidir. Buradan da sammitin demokratiyaya necə xidmət etdiyi bir daha ifşa olunmuşdur. Danılmaz faktdır ki, ABŞ-ın demokratiya adı altında tarix boyu nüfuz etdiyi dövlətlər ancaq zor silah gücünə hərəkət etmişdir.

Tədbirdə diqqətçəkən daha bir məqam Ermənistanın "Demokratiya naminə" sammitinin yekun bəyannaməsini dəstəkləməkdən imtina etməsi idi. Bununla xain xislətli düşmənin işğalçılıq siyasətini dəstəkləmiş olduğu bir daha təsdiqləndi. Ermənistanla yanaşı, Hindistan Meksika da sənədi imzalamaqdan boyun qaçırmışdır. Qeyd edək ki, yekun bəyannamədə Ukraynada müharibənin doğurduğu fəsadlar pislənilmiş, Rusiya Federasiyasından "qüvvələrini Ukrayna ərazisindən çıxarmağı" tələb edilmişdir. Paşinyan bu addımı ilə ABŞ-ın istədiyi mövqeyi nümayiş etdirməkdən boyun qaçırdı.

Xatırladaq ki, 2021-ci ildə keçirilmiş ilk Demokratiya Sammiti qlobal səviyyədə qütbləşmənin artımına mühüm töhfə vermişdir. Bununla ABŞ-ın mövcud gərgin vəziyyəti daha da alovlandırmağa xidmət etdiyi bəlli oldu. Beləliklə, Qərb bu sammitlə bir daha demokratiya anlayışını istismar etdi. Bundan başqa, Qərb tərəfindən etibarlı tərəfdaş adlandırılan terrorizmə qarşı yönəlmiş bütün layihələrdə iştirak etmiş ölkəmizin sammitə dəvət olunmaması tədbirin ikili yanaşmanın təzahürüdür. Görünür, dəvət edilənlər seçildiyi zamanı kriteriya kimi demokratiya yox, konyunktura, siyasi məqsədəuyğunluq əsas götürülmüşdür.

N.BEYDİYEVA,

"Respublika".