“Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu”
Siyasət

“Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu”

Sakit okeanın cənub-qərb hissəsində yerləşən və adalardan ibarət olan Yeni Kaledoniya 1853-cü ildən bəri Fransanın tabeliyindədir. Bu dövlət 1986-cı ildən etibarən müstəqillik uğrunda mübarizəyə qalxsa da, Fransa hələ də onlara qarşı kolonializm siyasətini davam etdirir. Fransanın bu siyasəti nəticəsində kanakların həyat tərzində, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə problemlər yaşanır.

Kanaklar neokolonializmə qarşı çıxaraq azad gələcək uğrunda mübarizə aparır və bu səbəbdən referendumun keçirilməsini tələb edirlər. 2021-ci il dekabrın 12-də keçirilən referendum pandemiya dövrünə düşdüyünə görə, Yeni Kaledoniya dövləti onun təxirə salınmasını xahiş etsə də, Fransa referendumu keçirib və nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi bu referenduma qatıla bilməyib. Bu, Fransa tərəfinin ikiüzlülük siyasətinin göstəricisidir.

Fransa tərəfindən haqları tapdanan və sıxışdırılan dövlətlər öz səslərini dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. Bunun üçün tədbirlər təşkil olunur, etiraz aksiyaları keçirilir. Fransanın təzyiq göstərdiyi ölkələrə dəstək məqsədilə Azərbaycan tərəfindən beynəlxalq arenada və müxtəlif təşkilatlar çərçivəsində tədbir və mətbuat konfransları təşkil olunur. Bu dəstək diplomatik, iqtisadi və humanitar aspektləri əhatə edir.

2023-cü il iyun ayının 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü çərçivəsində "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfrans keçirildi. Bu tədbirdə bir çox ölkələrdən nümayəndələr iştirak etdi və öz səslərini beynəlxalq aləmə çatdırmaq üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Konfransda iştirakçılar tərəfindən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradıldı. Qeyd edək ki, BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən müxtəlif bölgələrdə yerləşən xalqların azadlıq mübarizəsinə dəstək verir. Bu çərçivədə BTQ ötən il sentyabrın 22-də BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans da təşkil edib. Bundan əlavə, 2023-cü il oktyabrın 20-də Bakıda BTQ-nin təşkilatçılığı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfrans keçirilib. Bu toplantıda Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçiləri öz haqlı mübarizələrini dünyaya çatdırmaq üçün iştirak ediblər. Bu kimi tədbirlər Fransanın neokolonialist siyasətinin ifşasında mühüm rol oynayır. Cənubi Qafqazda sülh və ədalətin bərpasına mane olmağa çalışan və Azərbaycana qarşı "təzyiq kampaniyası" aparan rəsmi Paris, bunun qarşılığını alacağını gözə almalı idi.

Ötən ilin noyabr ayında Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində keçirilən etiraz aksiyasında qaldırılan 3 bayraqdan biri də Azərbaycan bayrağıdır. Aksiyaçılar Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar. Fransa polisi bunun qarşısını almağa çalışsa da, təşkilatçılar polisin tələbinə məhəl qoymayaraq qeyd ediblər ki, Azərbaycan bizim dostumuzdur, haqlı mübarizəmizdə bizə dəstək verir. Ölkəmizin bayrağını qaldıran nümayişçilər həmrəy olduqlarını ifadə etməklə yanaşı, həm də Fransanın müstəmləkəçilik siyasətini rədd etdiklərini və qlobal azadlıq və ədalət hərəkatını dəstəklədiklərini bildiriblər.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" mövzusunda hibrid formatda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçiriləcək. Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloger və vətəndaş cəmiyyəti fəalları, eləcə də yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə baş tutan konfransda yerli rəsmilər sualları cavablandıracaqlar.

Ölkəmiz istəyir ki, dünyada beynəlxalq hüquq, ədalət prinsipləri öz yerini tapsın. Fransa müstəmləkəçilik siyasətindən tədricən imtina etməli, dünyada bütün xalqlar azad şəkildə yaşamalı və öz potensialları ilə bəşəriyyətə töhfə verməlidirlər.

Röya RÜSTƏMLİ,

"Respublika".