Dayanıqsız Metsamor AES regionda ən böyük təhlükədir
Digər xəbərlər

Dayanıqsız Metsamor AES regionda ən böyük təhlükədir

1973-cü ildə Ermənistanda heç bir obyektiv əsas olmadan tikilməyə başlanılmış və 1983-cü ildə istifadəyə verilmiş Metsamor Atom Elektrik Stansiyası yaradılarkən bir zamanlar bunun onların "enerji təhlükəsizliyi" kimi bədnam məqsədə xidmət edəcəyini yaxşı bilən ermənilər əslində, ozamankı dairəvi enerji təminatı sisteminə qoşulsalar da, Cənubi Qafqazda ən böyük enerji istehsalçısı olan Azərbaycandan asılılığı azaltmaq üçün hələ o vaxtdan bu məkrli layihəni həyata keçirmək məqsədilə keçmiş SSRİ rəhbərliyini inandırmışdılar.

Dolayısı ilə bu stansiyanın yaradılması hələ o zamanlardan ermənilərin hansı iddialarla alışıb yandığından xəbər verirdi. Bunu sadə insanlara inandırmaq çətin olsa da, o zamanlar bir çoxları bilirdi ki, bu "erməni atomu" bir müddət sonra dinc və təmiz enerji mənbəyindən daha çox qorxu və təhlükə mənbəyinə çevriləcəkdir. Bəli, bütün qlobal və regional siyasətin "peşəkarları" olan haylar bu təhlükə saçan stansiyanı da indi bir şantaj aləti kimi istifadə edərək onun vasitəsilə nəinki qonşularına, hətta Avropanın böyük ölkələrinə də təsir etməyə çalışırlar.

Sədərəkdən təxminən 50, qardaş Türkiyə sərhədindən isə cəmi 16 kilometr məsafədə, Araz çayı vadisində yerləşən Metsamor Atom Elektrik Stansiyası hazırda köhnə sovet texnologiyası ilə işləyən, dünyanın ən təhlükəli nüvə enerjisi qurğusudur. "Qafqazın Çernobılı" adlandırılan və uzun müddətdən bəri heç bir texnoloji yenilənmə aparılmayan bu stansiyanın təhlükəli cəhətləri onun yüksək aktiv seysmik zonada yerləşməsindən əlavə, həm də işlədiyi müddətdə bir çox xoşagəlməz hadisələrlə müşayiət olunmasıdır. Elə bu səbəbdən də ötən həftə, yəni martın 2-də Bakıda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən ölkə Prezidenti cənab İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirmiş, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdıraraq və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulamışdır. 

İlk olaraq, təbii faktorları nəzərə aldıqda, o zaman, yəni planlı iqtisadiyyat dövründə Moskvanın əmri ilə tikilmiş Metsamorun nə seysmik, nə ekoloji, nə də nüvə tullantılarının zərərsizləşdirilməsi baxımından heç bir dəyəri olmadığı ekspertlər, hətta üç-dörd ayıqbaşlı erməni mütəxəssislər tərəfindən də həmişə vurğulanır. Belə ki, 1988-ci ildə 6.8 ballıq Spitak zəlzələsində ciddi zərər görən stansiya ozamankı sovet rəhbərliyi tərəfindən bağlanılmışdı. Ermənistanın ölkəmizə qarşı həyasızcasına torpaq iddiaları ilə özü-özünü xarici aləmdən, eləcə də ucuz Azərbaycan enerjisindən təcrid etməsindən sonra 1995-ci ildə stansiya yenidən fəaliyyətə başlamış və hazırda bu kiçik ölkənin enerji təminatının 40 faizini verməkdədir. Halbuki kifayət qədər güclü stansiya zəlzələ ocaqlarının tam üzərində dayanmaqla hər an baş verəcək sarsıntı ilə bütün Qafqazı, Anadolunu, Yaxın Şərq ölkələrini, hətta Qazaxıstana qədər böyük bir ərazini öldürücü radioaktiv sızıntılarla çirkləndirə bilər. Baxır o an küləyin istiqamətinə. Çernobılda olduğu kimi.

Erməni düşüncəsi qədər çatlaq və vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasının problemləri bununla bitmir. Problem həm də ermənilərin özlərinin yaratdığı izolyasiya olunmalarıdır. Başqa sözlə, təhlükəli nüvə xammalının Rusiyadan Gürcüstan vasitəsilə dəmir yolu ilə tranzit daşınmasından tutmuş, tullantıların dəfn olunmasınadək bütün texnoloji proseslər bu ölkədə ciddi problemdir. Ermənistan radioaktiv maddələrin yayılmaması üzrə beynəlxalq sənədə imza atsa da, bir neçə dəfə gürcü gömrükçüləri tərəfindən yaxalanmış nüvə qaçaqmalçılığı bu məsələdə də "erməni atomu"nun nə qədər dayanıqsız olduğunu sübut edir. Ermənistanın nüvə tullantılarını Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə atması isə təkcə ölkəmizə deyil, bütün Araz və Xəzər dənizi hövzəsi ölkələrinin ekoloji vəziyyətinə qarşı ən qatı cinayətlərdən biridir. Ona görə də bu gün Laçın yolu üzərindəki ekoaksiyaları başa düşmək istəməyən bəzi hay həşirçilərə bunu xatırlatmağın da yeri vardır.

Metsamor nüvə stansiyası Ermənistanın köhnəlmiş enerji infrastrukturu və kadr təminatı ilə də uyğunlaşmada ciddi problemlər yaradır. Belə ki, sovet dövrünün kadr potensialına arxalanaraq inşa olunmuş Metsamorun işçiləri 1988-ci ildəki zəlzələ zamanı bu təhlükəli obyekti tərk edib qaçdığından onları əvəzləmək üçün həmin məsuliyyətli dövrdə SSRİ-nin başqa nüvə stansiyalarındakı mütəxəssislər buraya ezam olunmuşdular. Sual olunur, indi Ermənistanın, əslində müstəqil deyil, sadəcə öz əli, öz başı olduğu bir dövrdə topçu Vüsalın atəşindən qorxub qaçan ermənilərdən hansı biri nüvə obyektində qəzalar zamanı sinəsini qabağa verəcək? Heç biri! Elə bunu yaxşı bilən Avropa ölkələri və atom enerjisi üzrə beynəlxalq təşkilatlar da dəfələrlə Ermənistana bu stansiyanı bağlamaq, daha yeni və alternativ təmiz enerji mənbələrinə dəstək verməyi təklif etsələr də, ermənilər 2036-cı ilə qədər Metsamoru çalışdırmaq niyyətində olduqlarını bildirirlər.

 Təbiət elmlərinə əsasən hər bir maddənin antimaddəsi vardır. "Erməni atomu"nun da antimaddəsi xalqımız tərəfindən nəhayət ki, kəşf olunmuşdur. Ancaq təəssüf ki, "Dəmir yumruq" adlı silahımız erməni xislətini, erməni riyakarlığını zərərsizləşdirsə də, söhbət radioaktiv çirklənmə kimi əsl nüvə təhlükəsindən getdiyi zaman bu məsələdə bütün dünyanın birgə fəaliyyət göstərməsi çox zəruridir.

Əli CABBAROV,

Naxçıvan Dövlət Universitetinin dosenti.