Cənubi Qafqazda uzunmüddətli sülhə ümid yaranır
Gündəm

Cənubi Qafqazda uzunmüddətli sülhə ümid yaranır

İkinci Qarabağ müharibəsi Azərbaycanın qalibiyyəti ilə başa çatdıqdan sonra da havadarlarına güvənərək ərazi iddialarından əl çəkməyən Ermənistan şərti sərhəddə təxribatlar törətməyə davam etdi.

Müharibə istəməyən, regionda sülhün, təhlükəsizliyin təmin olunmasının tərəfdarı olan Azərbaycan isə 44 günlük müharibənin bitdiyi ilk vaxtlardan beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə Ermənistana sülh sazişi bağlamağı təklif etdi.

Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünün tanınmasını, sərhədlərin delimitasiyasını, kommunikasiyaların açılmasını nəzərdə tutan beş baza prinsipindən ibarət sülh təklifi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin təmin olunması ilə bərabər, həm də iqtisadi inkişafa və regional əməkdaşlığa yönəlib.

Azərbaycanın bu addımlarını qiymətləndirməyən, barışıq istəməyən Ermənistan 10 noyabr üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırmaqla sülh prosesinə mane olur, iki ölkə arasında gərginliyi artırır. Qarabağdakı etnik ermənilərin ölkəmizin qanunları altında yaşamasına imkan verməməsi, Zəngəzur dəhlizinin açılmasına hər vəchlə problemlər yaratması Ermənistanın sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını və münaqişənin davam etməsi üçün əlindən gələni etdiyini göstərir. Xankəndidə mövcud olan xunta rejiminin saxta "seçkilər" keçirməsi isə Azərbaycanın suveren hüquqlarının kobud şəkildə pozulması demək idi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını davam etdirərək minaların basdırılması nəticəsində mülki vətəndaşlarımızın həlak olması düşməninə sülh əli uzadan, beynəlxalq səviyyəli görüşlərdə dəfələrlə Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tövsiyə edən Azərbaycanı öz ərazilərində suveren hüquqlarının qorunması istiqamətində zəruri addımlar atmağa sövq etdi.

Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, erməni silahlı qüvvələrinin qanunsuz birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri keçirildi. Yüksək peşəkarlıqla, dəqiqliklə aparılan antiterror tədbirləri zamanı mülki əhaliyə heç bir zərbə dəymədi, mülki infrastruktura ziyan vurulmadı. Cəmi bir gün ərzində separatçıların hərbi mövqeləri, onların silahları, texnikaları məhv edildi. Qeyri-qanuni erməni silahlı dəstələri ağ bayraq qaldıraraq təslim oldu. Şərtlərə əsasən silahı yerə qoyub döyüş mövqelərindən və hərbi postlardan çıxan silahlı quldur dəstələr tam şəkildə tərk-silah oldular.

20 sentyabrda xalqa müraciət edən Prezident İlham Əliyev Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan vətəndaşları olduqlarını və istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrinin baş verməsində dövlətimizin sadə vətəndaşları günahlandırmadığını bildirmişdir. Ölkə başçımız Ermənistanın və Qarabağın "rəhbərləri" nin erməni millətçilərinin, müharibə cinayətkarlarının sadə erməni vətəndaşlarını Qarabağda girov saxladıqlarını, Azərbaycan xalqı haqqında olmazın yalanlar uydurub beyinlərinə doldurmaqla onların reinteqrasiyasına mane olduqlarını vurğulayaraq demişdir: "Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur".

İllər boyu Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlıq üçün ciddi təhlükə olan Ermənistan bu gün bölgədə söz sahibinə çevrilən Azərbaycanın yaratdığı vəziyyətlə barışmaq, bu reallığı qəbul etmək məcburiyyətindədir. Qarşı tərəf sülh sazişini imzalamalıdır. Antiterror tədbirlərinin regionda uzunmüddətli sülh yaradacağına ümid etdiyini bildirən ölkə başçımız 20 sentyabr tarixində xalqa müraciətində demişdir: "Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar".

Mehparə ƏLİYEVA,

"Respublika".