Böyüklüyün, müdrikliyin nümunəsi
Region

Böyüklüyün, müdrikliyin nümunəsi

 “O, respublikaya rəhbərliyinin birinci dövründə dörd dəfə rayonumuza gəlmişdi. 1970-1980-ci illərdə İmişli geridə qalmış aran rayonundan respublikamızın qabaqcıl bölgələrindən birinə çevrilmişdi. Həmin vaxt rayon ərazisindəki torpaqlarda meliorasiya işləri aparılmış, suvarma şəbəkələri yenidən qurulmuş, yüz min hektarlarla yeni torpaq sahələri istifadəyə verilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artmışdır. Rayon mərkəzi olan İmişliyə rayon tabeli şəhər statusu  verilmişdir”. 

Təqaüddə olan polkovnik -leytenant Xudaş Abdulov ümummilli lider Heydər Əliyev barədə xatirələrini bizimlə bölüşüb: “Onun rayonumuza hər  gəlişi kənd təsərrüfatının, sənayenin inkişafına, quruculuq işlərinin daha da genişlənməsinə təkan verirdi. Yaxşı  xatırlayıram, 1970-ci ildə pambıq mövsümü zamanı İmişli rayonunda zona müşavirəsi keçirilirdi. Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi vəzifəsinə təyin olunandan sonra ilk səfərini İmişli rayonuna etmişdi. Müşavirəyə ətraf rayonların birinci katibləri, qabaqcıl pambıq ustaları, zəhmətkeşlər dəvət olunmuşdular. Məktəb direktoru kimi mən də iştirak edirdim. Müşavirədən sonra Heydər Əliyev dəmiryolçuların klubunun qarşısında dayanıb rayon camaatı ilə söhbət edirdi. O, mehriban və səmimi danışır, insanların dolanışıqları, yaşayış şəraitləri, problemləri ilə maraqlanırdı. Elə səmimi, elə mehriban ünsiyyət yaratmışdı ki, sanki neçə illərdi onları tanıyırdı. Rayon partiya komitəsinin birinci katibi Heydər Əliyevə rayonun mərkəzi hissəsinə avtomobillə getməyi  təklif  edəndə o, razılaşmayaraq  “gəzə-gəzə getsək yaxşıdır” deyərək yolboyu əhali ilə söhbətini davam etdirdi”.

SSRİ kimi nəhəng bir dövlətdə hər il keçici qırmızı bayraq almaq, xüsusən də Ukrayna, Qazaxıstan və s. respublikalar arasında bu o qədər də asan məsələ deyildi. Adicə bir rayonu və ya kolxozu qabaqcıllar cərgəsinə çıxarmaq nə qədər çətin olduğu halda, respublikanı hər il birincilər sırasına qaldırmaq böyük bacarıq və qabiliyyət tələb edirdi. SSRİ rəhbərləri sırasında ulu öndər Heydər Əliyevin layiqli yer tutması bəzi bədxahları rahatsız etmişdi. Həmin vaxt Moskvaya əsassız fikirlər, şər-böhtan dolu “donos”lar yazılırdı. Heydər Əliyev sovet rəhbərliyindən gedəndən sonra isə çoxlarına elə gəldi ki, o, daha siyasi səhnədə görünməyəcək. Amma 1990-cı il 20 Yanvar hadisəsindən dərhal sonra Heydər Əliyevin elə Moskvadaca hadisəyə operativ reaksiya verməsi, cəsarətlə sovet rəhbərliyini şiddətlə qınaması onu göstərdi ki, ulu öndərin ürəyi xalqı ilə bir döyünür”.

Xudaş Abdulov onun Azərbaycana qayıdışını, Naxçıvan Muxtar Respublikasına rəhbərliyini böyük sevinclə qarşıladığını qeyd  edir:  “Həmin vaxt ölkə həyatı üçün son dərəcə təlatümlü dövr idi. Aparılan yanlış siyasət, hərc-mərclik nəticəsində torpaqlarımız işğal edildi, xalqımız son dərəcə ağır sınaqdan keçməli oldu. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqımız böhran vəziyyətindən çıxa bildi. Mən ömrüm boyu onun böyüklüyünün, müdrikliyinin, əzmkarlığının vurğunu olmuşam.  Fəxr edirəm  ki, onun adı dünyanın böyük siyasətçiləri ilə bir yerdə çəkilir. Mən əmin idim ki, Heydər Əliyev zəkasının qüdrəti işğal olunmuş torpaqlarımızın azad olunmasına tam şərait yaradacaq. O, daim çıxışlarında güclü  iqtisadiyyat, qüdrətli ordu yaratmaqla, uğurlu xarici  siyasət aparıb beynəlxalq  arenada önəmli  mövqe tutmaqla buna nail olmağın mümkünlüyünü bəyan edir və bu yolda uzunmüddətli, davamlı fəaliyyətin əsasını qoyurdu. Bəli, Heydər Əliyevin siyasi varisi,  layiqli davamçısı cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  Azərbaycan qalib dövlət kimi heç  zaman olmadığı  qədər tarixi nailiyyətlərinin fərəhli səhifələrini yazmaqdadır. Məhz illərlə gedilmiş düzgün yol, toplanmış güc sayəsində Qarabağın 30  il davam edən işğalına 44 gün ərzində son qoyuldu.

Ərəstun ABDULOV,

“Respublika”.