Böyük Qayıdışın Qərbi Azərbaycan səhifəsi
Siyasət

Böyük Qayıdışın Qərbi Azərbaycan səhifəsi

27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Cəmi 44 gün ərzində şanlı ordumuzun qəhrəmanlığı, igidliyi ilə 30 illik həsrətə son qoyuldu. İllərdir daşına, torpağına həsrət qaldığımız Qarabağımıza qovuşduq. Bir sözlə, bizlər böyük tarixi hadisəyə şahidlik etdik.

"Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik". Bu sözləri yaşadığımız tarixi reallığın müəllifi və memarı olan Prezident İlham Əliyev demişdir. Təəssüflər olsun ki, vandal haylar 30 il ərzində evlərimizi, abidələrimizi dağıtdılar, faydalı qazıntılarımızı talan etdilər. Hətta bəşəriyyət İkinci Dünya müharibəsində belə bu cür terrorun şahidi olmamışdı. Bütün bunlara baxmayaraq, Prezidentin göstərişi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, yüksək səviyyəli, müasir standartlara cavab verən yaşayış məskənləri, təhsil ocaqları, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr tikilir. Qarabağımız tamamilə yenidən qurulur. Bu quruculuq işləri ölkəmizin gücünün və potensialının göstəricisidir.

Bu gün dövlətimiz və xalqımız artıq müharibədən sonrakı dövrə köklənib. Bu dövr Böyük Qayıdış dövrüdür. Xalq doğma yurduna, evinə geri dönmək istəyir. 30 ildir Qarabağın havasına belə həsrət qalan insanlar o sevinci yaşamaq istəyirlər. İnsanın əsas hüquqlarından biri onun doğulduğu yerdə yaşamasıdır. Azərbaycan və onun Prezidenti bunu təmin edib. 30 ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən bu hüquqdan məhrum edilmiş vətəndaşlarımız o hüququ yenidən əldə edib. Bundan sonra məcburi köçkün düşmüş soydaşlarımız doğulduqları dədə-baba torpaqlarında yaşayacaqlar.

Heç vaxt öz vətəni olmayan ermənilər harada yaşasalar o ərazini özününküləşdirməyə cəhd ediblər. Azərbaycanın Qərb hissəsi zamanında bir nəfər də olsun erməninin yaşamadığı İrəvan şəhəri haylara paytaxt seçildi. Tarixən Azərbaycanın mərkəzi şəhərlərindən biri olmuş İrəvanda yaşayan azərbaycanlılar dəfələrlə sıxışdırılaraq öz vətənlərindən deportasiya edildilər. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarı çıxarıldı. Nəticədə, azərbaycanlı əhali 1948-1953-cü illərdə doğma yurdlarından kütləvi şəkildə deportasiya edildi. 150 mindən çox azərbaycanlı, İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən qovuldu. Növbəti 1988-1989-cu illərdə baş verən deportasiya isə 300 min azərbaycanlının qaçqın düşməsi ilə nəticələndi.

Nəhayət ki, 2022-ci il dekabr ayının 24-də Ali Baş Komandan İlham Əliyev əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə Qərbi Azərbaycan İcmasının inzibati binasında görüşü zamanı o yerlərin sakinlərinin ata-baba yurdlarına qayıtması mesajını verdi. Həmin tədbirdə dövlət başçısının qətiyyətli çıxışı hər kəsin sevincinə səbəb oldu. Prezident İlham Əliyev görüş zamanı demişdir: "Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır".

26 yanvar 2023-cü il tarixində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında "Qayıdış Konsepsiyası"nın layihəsi təsdiq edilib. Sənəddə, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək üçün çalışan, Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətləri müəyyən olunub. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyənləşdirir.

Ölkə başçımız bildirib ki, Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirəcək. Prezidentimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".