Bölgənin inkişafı naminə mütərəqqi addım
Digər xəbərlər

Bölgənin inkişafı naminə mütərəqqi addım

Hazırda ölkəmizdə bütün sahələrdə olan yüksək inkişaf göstəriciləri, sözsüz ki, təhsil sahəsində də müşahidə olunur. Hətta mən deyərdim ki, dövlətimizin uğurlu təhsil siyasəti digər sahələrin də dayanıqlı inkişafının təməlində dayanır. Bu sektorda davamlı olaraq həyata keçirilən mütərəqqi islahatlar, icra edilən Dövlət proqramları, həmçinin Prezident İlham Əliyevin xüsusi qayğısı, dəyərli tövsiyələri və məqsədyönlü tapşırıqları böyük nəticələrin qazanılmasına, qarşıya qoyulan hədəflərə nail olunmasına, yüksəkixtisaslı kadrların hazırlanmasına gətirib çıxarıb. Bu nailiyyətlər təhsilin bütün pillələrində özünü büruzə verir. Bu gün ölkəmizdə müasir tələblərə uyğun, keyfiyyətli təhsil verən, dünyanın nüfuzlu universitetləri ilə bir sırada dayanan ali təhsil ocaqları var.

İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda aparılan yenidənqurma və bərpa işlərində müasir təhsil infrastrukturunun qurulması prioritet təşkil edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda ümumi və məktəbəqədər təhsil müəssisələrinin, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təmin edilməsi, ölkəmizin müvafiq ali təhsil ocaqlarının filiallarının yaradılması, həmçinin rəqəmsal bilik və bacarıqların artırılması məqsədilə təlimlərin təşkili və s. tədbirlər nəzərdə tutulub. Təbii ki, bütün bunların reallaşması ölkəmizdə təhsilin daha da inkişafına əhəmiyyətli töhfələr verəcək, gənclərimizin vətənpərvərlik ruhunda təlim-tərbiyəsində, müasir elmi biliklərə yiyələnməsində, yüksəkixtisaslı kadr kimi yetişməsində mühüm rol oynayacaq.

Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncamın verilməsi son dərəcə əhəmiyyətli və tarixi hadisədir. Çünki Şərqi Zəngəzurda və Qarabağda görülən quruculuq işlərinin uğurla yekunlaşması, iqtisadi tərəqqi, bütün sahələr üzrə inkişaf, bu ərazilərdə qabaqcıl standartların tətbiqi yüksəkixtisaslı kadrların hazırlanması, peşəkar mütəxəssislərin yetişdirilməsi zərurətini ortaya qoyub. Odur ki, Qarabağ Universitetinin yaradılması vaxtında atılmış addımdır. Əminik ki, yaxın gələcəkdə bu ali təhsil ocağının uğurlu fəaliyyəti təmin ediləcək, ölkəmizin kadr potensialını zənginləşdirəcək. Həm də yerləşdiyi bölgənin təbliğinə, turizmin inkişafına, məşğulluğun təmin edilməsinə böyük töhfələr verəcək.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.