Biləsuvar Rayon İcra Hakimiyyəti  və Azərbaycan Texniki Universiteti arasında müqavilə
Region

Biləsuvar Rayon İcra Hakimiyyəti  və Azərbaycan Texniki Universiteti arasında müqavilə

Biləsuvar Rayonunda “Şəhərdaxili  hərəkət  (mobillik) planın hazırlanması” məqsədi ilə Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb.

İmzalanma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət  Vəliyev  bildiriblər ki,  müqavilənin  “Heydər Əliyev ilində” bağlanması əhəmiyyətli hadisə olmaqla bərabər onun irsinin davamına bir töhfədir. Qeyd  edilib  ki, məhz Ulu öndər rayonlarımızın, o cümlədən Biləsuvar rayonunun dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi  və icrasına ciddi fikir verməklə  bu işlərə şəxsən özü rəhbərlik edirdi.

İcrasına başlanılan layihə də məhz cənab Prezidentin rəhbərliyi ilə bu sahədə həyata keçirilən işlərin tərkib hissəsi olaraq 2030-cu ilədək yerli tərəfdaşlarla birlikdə ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir. 

Hər iki qurum arasında imzalanan müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili  hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur. 

“Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili  hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin birgə həyata keçirəcəyi ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlangıc  görüş keçirilmiş, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır.

            Ərəstun ABDULOV,     

             “Respublika”.