Beynəlxalq təcrübələrdən faydalanaraq Mərkəzi Bankda xidmətlərin keyfiyyəti yüksəldilir
Digər xəbərlər

Beynəlxalq təcrübələrdən faydalanaraq Mərkəzi Bankda xidmətlərin keyfiyyəti yüksəldilir

Mərkəzi Bank sığorta bazarının inkişafı, sığortaya inamın gücləndirilməsi və bu sahədə istehlakçıların müdafiəsi çərçivəsinin inkişaf etdirilməsi kimi bir sıra başlıca strateji prioritetləri diqqət mərkəzində saxlayır. Bankın mətbuat xidmətindən verilən məlumata görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə zərərlərin tənzimlənməsi və sığorta haqqı məbləğlərinin hesablanması digər qanunvericilik aktları ilə yanaşı, 2011-ci ildə qəbul edilmiş İcbari Sığortalar haqqında Qanunla tənzimlənir.

Qanun qəbul edildikdən sonra ölkədə AVSMMİS sahəsində elektronlaşma tədbirləri həyata keçirilmiş, sığorta şəhadətnamələrinin elektron qaydada əldə edilməsi, bu sahədə sığortalanmaya dövlət nəzarətinin həyata keçirilməsi elektron mexanizmlərlə təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində ölkədə təqribən 1,4 milyon avtonəqliyyat vasitələri istifadəçilərinin üçüncü şəxslər qarşısında olan məsuliyyətləri sığorta təminatına alınmışdır. 2021-ci il ərzində baş vermiş 69 min sığorta hadisəsi nəticəsində şəxslərin əmlakına və səhhətinə dəyən zərərlər üzrə 74 milyon manat həcmində sığorta təzminatı şirkətlər tərəfindən şəxslərə ödənilmişdir.

Mərkəzi Bank digər sahələrdə olduğu kimi, AVSMMİS sahəsində də uğurlu beynəlxalq təcrübələrdən faydalanaraq istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların hüquqlarının müdafiəsi və nəticə etibarilə sığortaya inamın gücləndirilməsi məqsədilə islahat tədbirlərini davam etdirir. Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda" və "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası" təsdiq edilmişdir.

AVSMMİS sahəsində islahatlar çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq, sığorta haqqı məbləğlərinin hesablanması üzrə qaydalara da dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərərvurma ehtimalları nəzərə alınaraq risk amilləri üzrə əmsallar - sürücünün yaşı və sürücülük təcrübəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına, nəqliyyat vasitəsinin idarə edildiyi bölgənin yol-nəqliyyat intensivliyinə, nəqliyyat vasitəsinin istismar müddətinə görə də əmsallar müəyyən olunur.

Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin və sığortaya ictimai inamın artırılmasına, sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini AVSMMİS sahəsində mövcud problemlərin aradan qalxmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcəkdir.

Bəybala BƏYBALAYEV,

"Respublika".