Beynəlxalq Qırmızı Xaç Komitəsindən ikiüzlü yanaşma
Digər xəbərlər

Beynəlxalq Qırmızı Xaç Komitəsindən ikiüzlü yanaşma

Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmağının uzun illərdir ki, şahidiyik. Belə təşkilatlardan biri də BQXK-dır. Təəssüf ki, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də postmüharibə zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsi ölkəmizə qarşı qərəzli mövqedən çıxış edib, 30 il ərzində birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş 4 min Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirmək məsələsində heç bir ciddi addım atmayıb.

Siyasi şərhçi Turan Rzayev bildirir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi siyasi-ideoloji və konfliktlərdən asılı olmayaraq müharibə zamanı zərərçəkmiş, itkin düşmüş, əsirlikdə olan şəxslərin taleyi ilə maraqlanmalıdır: "Təəssüf ki, istər geridə qoyduğumuz 30 il ərzində, istərsə də hazırkı proseslər çərçivəsində bu təşkilatın heç də konstruktiv, adekvat yanaşmadığını görürük. Son hadisələrdə də gördük ki, BQXK Azərbaycanın itkin, əsir düşmüş və taleyi hələ də məlum olmayan vətəndaşları ilə maraqlanmaq əvəzinə, Ermənistana humanitar yardımlar adı altında silah daşıyır. Bir halda ki, separatçılara öz maşınları ilə silah daşıyır, təşkilatın itkin düşmüş 54 hərbçimizin taleyinə biganə yanaşmasının səbəbi bəlli olur. Bu da bir daha Qərbin və onun humanitar təşkilatlarının ikiüzlü yanaşmasının göstəricisidir.

Əslində, biz 30 il ərzində istər ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri fonunda, istərsə də Avropa Şurası, BQXK-nın fəaliyyətsizliyi fonunda deyə bilərik ki, bu təşkilat siyasi proseslərə müdaxilə edir, tərəf tutur. Bu da onların humanitar prinsipləri pozması deməkdir.

Bu gün Azərbaycana Xankəndi və ətraf ərazilərə humanitar yardımların daşınmasına, bu istiqamətdə Laçın yolunun açılmasında çağırışlar edilir. Halbuki, Azərbaycan tərəfi Laçın yolunu bağlamayıb və alternativ yol təklif edir. Məqsəd burada humanitar yardımın çatdırılmasıdırsa, yolun heç bir fərqi yoxdur və rahat formada Azərbaycanın təklif etdiyi yoldan istifadə edilə bilər.

Göründüyü kimi, burada əsas məsələ heç də təkcə humanitar yardımın daşınması deyil. Burada siyasi, hərbi yardım məsələləri var. Separatçılara Ermənistanın istəyi ilə silah-sursat daşıyan BQXK-nın 54 hərbçimizin taleyinə biganə qalması, hələ də onlarla bağlı konkret materialların təqdim edilməməsi, araşdırmaların aparılmaması həm bu təşkilatın maliyyə donorlarının erməni diasporuna bağlı şəxslər olduğunu və onların da məhz konyak diplomatiyası əsasında humanitar təşkilatlara təsir etdiyini göstərir. BQXK da təəssüf ki, bu siyasətin bir parçasıdır".

Töhfə SƏMƏDOVA,

"Respublika".