Bakının Səbail rayonu ilə ABŞ-ın Oyl Siti şəhəri qardaşlaşıb
Siyasət

Bakının Səbail rayonu ilə ABŞ-ın Oyl Siti şəhəri qardaşlaşıb

Azərbaycanın Səbail rayonu ilə ABŞ-ın Pensilvaniya ştatının Oyl Siti şəhəri arasında “Qardaşlaşmış Şəhərlər haqqında Protokol” imzalanıb.

"Respublika" xəbər verir ki, Ölkəmizin Birləşmiş Ştatlardakı səfirliyindən bildirilib ki, sözügedən tarixi razılaşmanın reallaşması çərçivəsində Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-ın Pensilvaniya ştatına səfər edib.

İmzalanma mərasimində ştat və şəhər meriyasının rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri, diplomatlar və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Protokolda qardaşlaşmış şəhərlər arasında iqtisadi, mədəni, turizm və ümumi maraq doğuran digər bütün sahələrdə əməkdaşlıq, birgə proqram və layihələrin təşkili, habelə təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Mərasimdə qeyd olunub ki, əldə olunmuş razılıq əsasında, həmçinin Oyl Siti şəhəri və Səbail rayonu arasında dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək planlaşdırılır.

Mərasimdə səfir X.İbrahim yerli medianın suallarını cavablandırıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Neft sənayesi ilə bağlı ortaq dəyərlərdən danışan diplomat qeyd edib ki, regionda ilk neft quyusu Azərbaycandan tam 13 il sonra, 1859-cu ildə Pensilvaniya ştatının Titusvil ərazisindəki Dreyk bölgəsində qazılıb. Dünyanın bu iki fərqli bölgəsində baş vermiş neft sənayesi ilə bağlı tarixi hadisələr bugünkü əməkdaşlığın tarixi köklərinin əsasını və möhkəm təməlləri inşa edir.

Konfransın rəsmi hissəsindən sonra Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən qonaqlar, o cümlədən ştat sakinləri üçün ziyafət təşkil olunub.