Azərbaycanın yaşıl enerji gündəliyi
Siyasət

Azərbaycanın yaşıl enerji gündəliyi

Qlobal təşəbbüslər, həyata keçirilən beynəlxalq layihələr ölkəmizin mövqeyini daha da gücləndirir

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və gələn il 10 ili tamam olur. Tədbirin Bakıda keçirilməsi hər şeydən öncə ölkəmizin iqtisadi qüdrətinin təsdiqi ilə yadda qaldı. Azərbaycan Avrasiyanın enerji təhlükəsizliyində önəmli ölkədir. Dövlət başçısının da vurğuladığı kimi, Avrasiyanın mühüm infrastruktur layihələrindən biri olan və üç ilə yaxındır fəaliyyət göstərən Cənub Qaz Dəhlizi artıq uğur hekayəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bütün beynəlxalq layihələr, o cümlədən Cənub Qaz Dəhlizi ölkəmizin nüfuzunu artırmaqla yanaşı, milli maraqlarımıza xidmət edir. Enerji sektorunda islahatlara və bərpaolunan enerjinin inkişafına güclü dəstək var. Həyata keçirilən "yaşıl enerji" layihələri, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" ölkəmizin bərpaolunan enerji keçidinə sadiqliyinin göstəricisidir.

"Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında bildirib.

Bu gün dünyada baş verən proseslər Avropanın Azərbaycan qazına və "yaşıl enerji"sinə daha çox ehtiyacının olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır. Qeyd edək ki, keçən ilin oktyabr ayında Azərbaycanda açılışı olan ilk böyük Qaradağ Günəş Elektrik Stansiyasının gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri "Masdar" tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etmək nəzərdə tutulur. Hazırda Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır.

Ölkəmizin enerji habına çevrilməsi üçün güclü potensial mövcuddur. Bu baxımdan yeni tranzit marşrutlarının və dəhlizlərinin rolu mühümdür. Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün yeni quru marşrutları yaratmağa çalışır ki, bu da vaxtında atılan addımdır. Yeni dəhlizlərin işə salınması Azərbaycana bərpaolunan enerji mənbələrini Avropa İttifaqı ölkələrinə və dünyanın digər hissələrinə sərbəst ixrac etməyə imkan verəcək.

Adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə və planetin ekoloji rifahı üzrə praktiki tədbirlər görür. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında əsas prioritetlərdən biri ekosistemin bərpası və ətraf mühitin qorunmasıdır. Dövlət başçısının dediyi kimi, Qarabağ "yaşıl enerji" zonası olacaq. Bu həm də 2021-ci ilin fevralında qəbul edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetləri"ndə öz əksini tapıb. 2023-cü il fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerjiyə verdiyi önəmin ifadəsi idi. Həmçinin 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması Azərbaycanın bu sahəyə olan diqqətinin bariz nümunəsidir.

Son illər enerji infrastrukturunun yaradılmasına və bərpa edilməsinə böyük məbləğdə investisiya qoyulur. Xüsusilə də alternativ enerji sahələrinə maraq xeyli artıb. Ötən il Qaradağ Günəş Elektrik Stansiyasının (GES) fəaliyyətə başlaması yeni mərhələnin başlanğıcıdır. Qaradağ GES ölkəmizdə xarici investisiya hesabına tikilmiş ilk stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat/saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr təbii qaza qənaət etmək mümkün olacaq. Bu, atmosferə atılan karbon emissiyasını 200 min ton azaldacaq. Yaşıl enerjiyə keçid həm də karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Öhdəliyə əsasən Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faizədək azaltmalı və işğaldan azad edilmiş ərazilərdə "sıfır emissiya" zonası yaratmalıdır. Göründüyü kimi, artıq bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.

Yaşıl enerjiyə keçid istiqamətində Azərbaycan dövləti çox fəal çalışır və müsbət nəticələr əldə olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir. Bərpaolunan enerji sahəsində Yaşmada elektrik stansiyasının tikintisi layihəsini həyata keçirməyi, Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla (500 Mvt gücündə günəş elektrik stansiyasının tikintisi imkanı nəzərdən keçirilir) yanaşı, yaşıl enerji zonasına çevirməyi, Böyük Britaniyanın BP şirkətinin birbaşa xarici sərmayədar qismində çıxış etdiyi Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası işə salınacaq. Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin tikintisi layihəsini həyata keçirmək planlaşdırılır. Bununla yanaşı, Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropa bazarına hidrogenin nəqli üzrə tədqiqatlar aparılır. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq haqqında sazişə əsasən Avropaya ilkin mərhələdə 4 qiqavat həcmində yaşıl enerji ixracı nəzərdə tutulur. Azərbaycanın yaşıl enerji strategiyası çoxşaxəlidir və bütün risklər nəzərə alınıb. Enerji resurslarına görə regionun aparıcı ölkəsi olan Azərbaycan bu mövqeyini yaşıl enerji sektorunda da qoruyacaq. Bu, düşünülmüş və gələcəyə hesablanmış təhlükəsiz enerji siyasətidir. Həm ekologiyanın qorunması, həm iqtisadi gücün təmin edilməsi, həm də ümumi inkişaf səviyyəsinin yüksəldilməsi üçün bu layihələr çox qiymətlidir.

Azad edilmiş ərazilərdə "yaşıl enerji" istehsalını, sənaye miqyaslı "yaşıl enerji" layihələrinin beynəlxalq enerji şirkətləri ilə həyata keçirilməsi, energetika sahəsində köklü dəyişiklikləri təşviq edən islahatların aparılması, habelə ölkəmizin emissiyaların azaldılması ilə bağlı təşəbbüslərə qoşulması Azərbaycanın "yaşıl gündəliyi"nin icrasında qərarlı olduğunu göstərir. Azərbaycan alternativ enerji mənbələri ilə də enerji bazarlarını şaxələndirməkdə maraqlıdır. Bu, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən sonra sürətli vüsət alıb. İqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. Azərbaycan COP çərçivəsində yaşıl enerji və enerji səmərəliliyi ilə bağlı təşəbbüslərə qoşulub və bərpaolunan enerjinin ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2027-ci ilədək hazırkı 20 faizdən 33 faizə yüksəldilməsi nəzərdə tutulur. Belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən rəsmi Bakının güclü yaşıl gündəliyə malik olmasıdır.

Mustafa KAMAL,

"Respublika".