Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəallara qoşulublar
Digər xəbərlər

Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəallara qoşulublar

Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina bildirib.

"Aksiyanın ilk günündən Azərbaycanın Rus İcması Laçın yolunda azərbaycanlı ekofəalların hərəkətlərini və qanuni tələblərini dəstəkləyir. Dekabrın 12-dən bəri ekofəallar və Azərbaycan QHT-lərinin təmsilçiləri ölkənin Qarabağ bölgəsində yerləşən Laçın-Xankəndi yolunda dinc aksiya keçirir, bu regionda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Bu gün biz şəxsən bu aksiyaya yataqların talanmasının, qarət etdiklərinin sonradan Ermənistana göndərilməsinin dayandırılması tələbi ilə qoşulduq. Bu, bizim torpağımızdır, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bizim hərəkətlərimizi qınayanlar qoy özünə bu sualı versin: bəs onlar öz ərazilərində qanunsuz istismarı və ekologiyanın məhv olunmasına yol verərdilərmi? Əlbəttə, yox", - deyə A.Lavrina bildirib.

Ekofəalların aksiyasının 50 gündən çox davam etdiyini və bütün bu müddət ərzində yolun humanitar və təchizat yüklərinin daşınması, eləcə də mülki avtomobillərin hərəkəti üçün açıq olduğunu xatırladan A.Lavrina bu aksiyaya qoşulmanın səbəbini izah edərək deyib: "Bu gün mən və Rus İcmasından olan həmkarlarım bütün bunları gözlərimizlə görə bildik. Biz bu aksiyada iştirak etməklə, Laçın yolundan qeyri-qanuni istifadəyə yol verməyəcəyik. Müharibədən sonrakı, Azərbaycanın sülh barədə danışdığı dövrdə Ermənistan qanunsuz şəkildə Qarabağa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi əraziyə mina və silah-sursat daşımaqda davam edirdi. Nəticədə minalar Azərbaycanın işğaldan azad olunan ərazilərində də diversantlar tərəfindən basdırılırdı. Bu, yeni qurbanlara səbəb olurdu. Buna bir daha yol verilməyəcək. Fransa prezidentinə namizəd Valeri Pekress və digər siyasi xadimlərin etdikləri kimi, özlərinə karyera qurmaq qərarı verən, müxtəlif ölkələrdən Qarabağa qanunsuz, Laçın yolu vasitəsilə keçən siyasətçilərin qanunsuz səfərlərinin də sonu çatıb. Qarabağa bir yol var - o da yalnız Azərbaycandandır. Hesab edirəm ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı olan bütün ölkələr Azərbaycanı dəstəkləməlidirlər".

Lavrina hesab edir ki, Ruben Vardanyan kimi cinayətkarlar Qarabağ ermənilərini praktik olaraq girovluqda saxlayır, yalnız öz maraqlarını düşünür. "Bu insanların gələcəyi onu maraqlandırmır. Vardanyan üçün öz biznesini və siyasi karyerasını qurmaq fürsəti mühümdür. O, başa düşəndə ki, Azərbaycanın Qarabağ bölgəsində onun üçün gələcək yoxdur, nə vaxtsa Moskvadan qaçdığı kimi sadəcə, buradan da qaçacaq", - deyə icma sədrinin birinci müavini sonda bildirib.