Azərbaycanın iqtisadi imkanları daha da genişlənəcək
Siyasət

Azərbaycanın iqtisadi imkanları daha da genişlənəcək

Azərbaycan xalqı fevralın 7-də keçirilən prezident seçkilərində bir daha  həmrəyliyini nümayiş etdirdi. Növbədənkənar prezident seçkiləri cəmiyyət daxilində milli birliyin, siyasi etikanın təcəssümü kimi tarixə düşdü.

Seçkilərdə qalib xalqın qalib liderinə olan etimadı bir daha özünü büruzə verdi. Azərbaycan xalqı artıq 20 il idi ki, müdrik seçiminin xoşbəxtliyini yaşayırdı. Çünki 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizi bizə bəxş edən, Azərbaycanı regionun qüdrətli dövlətlərindən birinə çevirən də məhz Prezident İlham Əliyevdir. Ulu öndər Heydər Əliyevin alternativsiz və uzaqgörən siyasətini zərgər dəqiqliyi ilə həyata keçirən Müzəffər Ali Baş Komandan prezidentlik fəaliyyətində böyük işlərə imza atıb. Yada salaq ki, 6 il öncə - 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də xalq cənab İlham Əliyevi əvəzolunmaz lider kimi qəbul edərək özünə rəhbər seçdi. Bu günədək davam edən proseslər, eyni zamanda Azərbaycanın əldə etdiyi nailiyyətlər də bu seçimin düzgünlüyünü bir daha təsdiqlədi. 

Fevralın 7-də baş tutan növbədənkənar prezident seçkilərindən sonra Azərbaycan üçün yeni dövr başlayıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2024-cü il həm də ölkəmizin iqtisadi baxımdan yeni inkişaf strategiyasını müəyyənləşdirəcək. Bununla yanaşı, yeni dövrdə müxtəlif sektorları əhatə edən islahatların daha da dərinləşməsi, sahibkarlığa dəstəyin artırılması, gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsi çoxsistemli iqtisadi islahatların həyata keçirilməsi prosesini reallaşdıracaq. Bu, həmçinin daha çevik idarəetmə aparatının formalaşmasına və tətbiqinə imkan yaradacaq. Nəzərə alsaq ki, artıq Cənubi Qafqazda yeni geosiyasi düzən formalaşıb, bu kontekstdə yeni perspektivlər yaranacaq.

Məlum olduğu kimi, respublikamız  Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya yaşıl enerji ixrac etmək niyyətindədir. Bu isə 2026-cı ildən sonra Azərbaycanın Avropa İttifaqının yaşıl enerjiyə olan tələbatının ödənməsində xüsusi paya malik olacağından xəbər verir. Hazırda bu istiqamətdə də mühüm addımlar atılır. Azərbaycan cari ildə qlobal əhəmiyyətli daha böyük bir tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) evsahibliyi edəcək. Rəsmi Bakının bu cür böyük tədbirə evsahibliyi etməsi isə dünya ictimaiyyətinə Azərbaycanın iqtisadi potensialına daha yaxından bələd olmağa imkan yaradacaq. Belə beynəlxalq tədbirlər həm də turizm sektorunun inkişafına xidmət edir.

Bir məqamı da qeyd edim ki, Azərbaycan hazırda regionda yaşıl enerjinin inkişafına ən çox investisiya qoyan ölkələrdən biridir. Təsadüfi deyil ki, son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan çoxdur. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda onun yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da xüsusi rola malikdir.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı.