Sosial həyat

"Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək" layihəsinə start verilib

Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və Avropanın ən yaxşı təcrübəsinə əsaslanan reabilitasiya sisteminin yaradılması məqsədi daşıyan "Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək" layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiyasının, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının, bu sahədə xidmətlərin daha da təkmilləşdirilməsinin Azərbaycan hökumətinin prioritet fəaliyyət istiqamətlərindən olduğunu, ölkəmizdə bu sahədə davamlı işlərin həyata keçirildiyini qeyd edib.

Ölkəmizin 2008-ci ildə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına ilk qoşulan ölkələrdən biri olduğunu vurğulayan S.Babayev nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 reabilitasiya müəssisəsinin son illərdə müasir tələblərə uyğun qurulduğunu və reabilitasiya mərkəzlərinin potensialının üç dəfə artırıldığını nəzərə çatdırıb.

Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 2 min 500 müharibə iştirakçısı reabilitasiya xidmətləri, 1400-dən çox müharibə əlilliyi olan şəxs 19,3 min reabilitasiya vasitəsi, 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlilliyi olan şəxs son nəsil müasir protezlərlə təmin edilib.

S.Babayev ölkəmizdə həmin kateqoriyadan olan vətəndaşlara xüsusi qayğının nümunəsi kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış əlilliyi olan şəxslərin, o cümlədən, müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına dəstək məqsədi daşıyan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətindən bəhs edib.

Yeni layihənin də ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara əhəmiyyətli dəstək verəcəyinə ümidvar olduğunu bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Piter Mixalko layihənin məqsədinin əlilliyi olan şəxslərin öz hüquqlarından istifadə etmələrinin, əlilliklə bağlı ehtiyaclarından asılı olmayaraq cəmiyyətdə və iqtisadi həyatda iştirakları üçün bərabər imkanlara malik olmalarının və ayrı-seçkiliyə məruz qalmamalarının təmini olduğunu vurğulayıb. O, əlilliklə bağlı yeni islahatların əlilliyi olan şəxslərin sosial inteqrasiyasına və dayanıqlı məşğulluq imkanlarının yaradılmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə, əlillik təkcə qəza və ya bədbəxt hadisə nəticəsində baş vermir. Qarşısı alına biləcək müəyyən xəstəliklər var ki, vaxtında aşkarlanıb onlara uyğun tədbirlər görülərsə, əlillik aradan qaldırıla bilər: "Bu istiqamətdə bir çox profilaktik testlər həyata keçirir, boy inkişafı problemi olan uşaqları boy hormonu preparatları ilə təmin edirik. Bu günə qədər 617 uşağa belə preparatlar təqdim olunub. İrsi xəstəliklərin müəyyənləşdirilməsi məqsədilə "topuq" və "tər" testləri aparılır. Bundan sonra da profilaktik tədbirlər davam etdiriləcək.

Agentliyin son zamanlar ən çox gördüyü işlərdən biri də Vətən müharibəsi iştirakçıları ilə bağlıdır. Ötən il 8 min 500-dən çox Vətən müharibəsi iştirakçısına 120 mindən çox tibbi xidmət göstərilib. Bu il də proses davam edir. Psixoloji yardım mərkəzləri yaradılıb və onlara həmin mərkəzlərdə xidmət göstərilir".

TƏBİB-in İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov reabilitasiya sahəsinin vaxtilə ölkəmizdə ən axsayan sahələrdən biri olduğunu, son dövrlərdə həyata keçirilən islahatlar nəticəsində əlillərin reabilitasiyası ilə bağlı kifayət qədər çox işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, TƏBİB-in tabeçiliyində olan üç tibb müəssisəsində həm əlillər üçün, həm də əlilliyi olmayan şəxslərə tibbi reabilitasiya xidmətləri göstərilir: "Reabilitasiya xidməti daim yenilənən, inkişaf edən sahələrdəndir. Odur ki, tibb müəssisələrimizə daha savadlı, daha peşəkar kadrların cəlb olunması ilə məşğuluq. Məqsədimiz əlilliyi olan şəxslərin həyat fəaliyyətlərini daha yaxşı davam etdirə bilmələridir. Bu gün təqdimatı olan layihə sayəsində daha əhəmiyyətli işlər görüləcəyinə əminəm".

Səhiyyə nazirinin müavini İlqar Qasımov əlilliyi olan şəxslərə tibbi reabilitasiya ilə yanaşı, sosial reabilitasiyanın da vacib olduğunu diqqətə çatdırıb. O, Azərbaycan Tibb Universitetində həkim-reabilitoloqların yetişdiriləcəyini və bu zaman Avropa İttifaqının zəngin təcrübəsindən istifadə olunacağını bildirib.

Sonra layihə üzrə komanda rəhbəri Mişel Mur layihənin təqdimatını edib. O, ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatları, eləcə də əlilliyi olan şəxslərin hüquqları və inklüzivliyinin təmin edilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib, "Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək" layihəsi barədə ətraflı məlumat verərək bildirib ki, layihə 2023-cü il oktyabrın 15-dək icra olunacaq. Həmin müddət ərzində ən yaxşı beynəlxalq təcrübə əsasında əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində ənənəvi tibbi modeldən sosial modelə keçidlə bağlı sənəd, metodlar hazırlanacaq. Həmçinin reabilitasiya mərkəzlərinin yeni strukturunun, işçi heyəti təkmilləşdiriləcək, təlimlər həyata keçiriləcək.

AZƏRTAC