“Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu
Sosial həyat

“Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" kitabının təqdimatı

Kənd Təsərrüfatı Nazirliyində "Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" kitabının təqdimatı keçirilib. Kitab aqrar sahə mütəxəssisləri, tələbələr və elmi-tədqiqat işçiləri, eyni zamanda bu sahə ilə maraqlanan insanlar üçün nəzərdə tutulub. Nazirliyin mətbuat xidməti bildirir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış strategiyaya uyğun olaraq 1970-1985-ci illər ərzində yaranmış güclü bünövrə sonrakı dövrlərdə də aqrar sahənin inkişafında öz müsbət rolunu oynayıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir.

Tədbirdə çıxış edən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, 1960-1970-ci illərdə Azərbaycan keçmiş SSRİ-də müttəfiq respublikalar arasında aqrar sahənin inkişaf göstəricilərinə görə ən zəif artım tempinə malik 3 respublikadan biri olub. Məhz Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Ümummilli Liderin təşəbbüsü və siyasi iradəsi nəticəsində həyata keçirilən tədbirlər nəticəsində SSRİ-nin kənd təsərrüfatının ümumi məhsulunda Azərbaycanın payı iki dəfədən çox artıb.

Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə aqrar sahədə həyata keçirilən tədbirləri inqilabi addım adlandırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycanın kənd təsərrüfatının inkişafı ilə bağlı görülmüş genişmiqyaslı işlər aqrar sahənin inkişafına uzunmüddətli müsbət təsir edib.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən bəhs edib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə bütün sahələrdə yaratdığı möhkəm təməl bu gün Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasında əhəmiyyətli rol oynayır.

Tədbir iştirakçıları Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin roluna həsr olunan kitabın kənd təsərrüfatının müasir tarixi ilə maraqlananlar üçün faydalı olacağını vurğulayıblar.

Qeyd edək ki, "Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" kitabı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın icrası çərçivəsində hazırlanıb.

Nəriman Cavadov,

"Respublika".