Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir
Sosial həyat

Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Monteneqronun Baş nazirinin müavini, Kapital investisiyalar naziri Ervin İbrahimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli siyasi dialoqa, dostluq münasibətlərinə əsaslanan əlaqələrin daim inkişaf etməkdə olduğunu bildirib.

İkitərəfli əməkdaşlığa dair sənədlərin layihələrinin hazırlandığı, o cümlədən Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlığa dair sənədin layihəsinin də artıq hazırlandığı və sosial sahədə əməkdaşlığın həyata keçiriləcəyi vurğulanıb. E.İbrahimoviç ölkəmizə səfəri ilə bağlı məmnunluğunu və xoş təəssüratlarını ifadə edib, Monteneqronun Azərbaycanla dostluq münasibətlərinə əsaslanan əlaqələrinin daim genişlənməsində maraqlı olduqlarını və bu istiqamətdə mütəmadi olaraq işlərin aparıldığını qeyd edib.

Monteneqro nümayəndə heyəti DOST Agentliyi və 1 saylı Bakı DOST mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Mustafa KAMAL,

"Respublika".